ABŞ-da yaşayan
azərbaycanlılar Ağ Evin
rəsmi veb-səhifəsində Xocalı soyqırımının tanınması
məqsədilə petisiya yerləşdirmişlər
ABŞ-da
yaşayan azərbaycanlılar Prezident Barak Obama
Administrasiyasının Xocalı qətliamını və
müharibə cinayətlərini, eləcə də faciə
qurbanlarını tanıması məqsədi ilə Ağ
Evin rəsmi veb-səhifəsində petisiya yerləşdirmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Ağ Evin rəsmi internet səhifəsində yer alan "Biz xalqıq" ("We the People") bölməsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ Azərbaycanlıları Şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcəklər. Həmçinin petisiyada "Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciənin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və Prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik", - deyə bildirilir.
Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədi ilə yaratdığı "Biz xalqıq" səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-də qədər 99 mindən çox adamın imza atması lazımdır. Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx
Azərbaycan
Amerika Şurası və PaxTurcica təşkilatı da
Xocalı qətliamının tanınması istiqamətində
məktub kampaniyası keçirir. ABŞ-da fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları hər
il Birləşmiş Ştatlar Konqresinin üzvlərinə,
yerli hökumətə və KİV-lərin nümayəndələrinə
Xocalı faciəsi ilə bağlı məktublar göndərir,
yerli mətbuatda məqalələrlə
çıxış edirlər.
Azərbaycan.-2013.- 31 yanvar.- S.5.