Azərbaycanın Kanadadakı səfiri
Xocalı aeroportu məsələsi ilə bağlı Azərbaycanın
mövqeyini şərh etmişdir
"Eurasianet.org"
analitik saytında Azərbaycanın
Kanadadakı səfiri Fərid
Şəfiyevin "Qarabağa uçuşlar:
hüquqşünasın şərhləri" (httr://www.eurasianet.org/node/66437)
sərlövhəli materiala cavabı yerləşdirilmişdir.
Şərhdə adı çəkilməyən "hüquqşünas" erməni tərəfin Xocalı hava limanından qanunsuz uçuşlar həyata keçirəcəyi təqdirdə Azərbaycanın öz hava məkanını müdafiə etməsi hüququnu əslində rədd edir və bunu onunla əsaslandırır ki, guya qanuna görə, "Azərbaycan zor tətbiq etməmişdən əvvəl adekvat araşdırma aparmalı və həmin təyyarənin mülki və ya hərbi təyyarə olduğunu müəyyənləşdirməlidir". Anonim "ekspert" hesab edir ki, "əgər məlum olsa ki, bu, qadağan edilmiş reysi həyata keçirən mülki təyyarədir, onda tələb etmək lazımdır ki, həmin təyyarə ölkənin hava məkanını tərk etsin, yaxud təyin edilmiş hər hansı hava limanında yerə ensin". Müəllif yazır: "İstənilən halda Azərbaycan təyyarənin özünü və içindəki sərnişinlərin həyatını təhlükə altına qoymamalıdır". Yazıda daha sonra müəllif "Beynəlxalq mülki aviasiya haqqında" Çikaqo Konvensiyasının maddələrini istədiyi kimi şərh edir.
Səfir Fərid Şəfiyev yuxarıda göstərilən dəlilləri şərh edərək yazır ki, müəllifin anonim olması həmin mövzuda açıq müzakirələr aparmağa imkan vermir. Səfir yazır: "Mən müəllifi anonim şəkildə əsaslandırmaqdansa, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) rəsmi mövqeyini öyrənməyə çağırıram. Həmin təşkilatın rəsmi şəxsləri Azərbaycanın öz hava məkanı üzərində eksklüziv suverenlik faktları, habelə ICAO-nun Azərbaycan hökumətinin razılığı olmadan lisenziya və Xocalı aeroportuna eyniləşdirmə kodunu heç vaxt verməyəcəyini dəfələrlə təsdiq etmişlər".
Ermənistan
Bakının icazəsi olmadan Azərbaycanın hava məkanında
uçuşlar həyata keçirəcəyi təqdirdə
Çikaqo Konvensiyasının
bir sıra müddəalarını, o cümlədən
1,2,5,6, 10-16, 24 və 28-ci maddələrini pozacaqdır. Səfir
qeyd etmişdir ki, Beynəlxalq
Mülki Aviasiya Təşkilatı
Birləşmiş Millətlər Təşkilatının
(BMT) ixtisaslaşdırılmış agentliyidir və BMT-nin
müəyyən etdiyi norma və
qaydalara riayət edir. BMT, o cümlədən onun Təhlükəsizlik
Şurası və Baş Məclis
kimi rəhbər orqanları Azərbaycan Respublikasının ərazi
bütövlüyünü tanıyır. Bundan əlavə,
heç kim təminat verə bilməz ki, aeroport və
mülki təyyarələr hərbi məqsədlərlə,
məsələn, hərbi avadanlığın və heyətin
daşınması məqsədi
ilə istifadə olunmayacaqdır. İndiki halda Azərbaycan həmin
təyyarələrin yükü və aeroport üzərində
gömrük nəzarəti həyata keçirmək iqtidarında deyildir,
çünki həmin ərazi
erməni silahlı qüvvələrinin işğalı
altındadır. Aeroportdan humanitar məqsədlərlə
istifadə olunacağı barədə erməni tərəfin
bəyanatları mənasızdır. Hərbi gücün hava məkanı
ilə Ermənistandan Qarabağa göndərilməsi 1992-ci
ildə ermənilərin Xocalı şəhərini
işğal etməsinin əsas səbəblərindən
biridir. Ermənistan Azərbaycan ərazilərini işğal
etmişdir və mövqelərini gücləndirmək
üçün son 20 ildə Qarabağa hərbi texnika
göndərmişdir. Azərbaycan diplomatının
cavabında vurğulanır ki, hava limanının
açılması və qanunsuz uçuşlar vasitəsilə
Ermənistan işğalçı qüvvələrini
möhkəmləndirmək və Azərbaycanın
torpaqları hesabına ekspansiyasını bərqərar etmək
niyyətindədir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 31 yanvar.- S.5.