Qışın soyuğu tədrisin keyfiyyətinə təsir etmir

 

Babək rayonunda 34 ümumtəhsil, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə 1400 müəllim 8 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Hər il olduğu kimi, bu il də qışın soyuq keçməsi rayonda tədrisin gedişinə heç bir maneə törətməyib.

Ötən il rayonun ümumtəhsil məktəblərini 813 şagird bitirmişdir. Məzunlardan biri qızıl, biri gümüş medal almışdır. 606 nəfər aliorta ixtisas məktəblərinə sənəd vermiş, 240 məzun ali, 39 nəfər isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Bundan əlavə, ümumorta təhsil bazasından 29 məzun texnikumlara,

24-ü Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. Ali məktəblərə qəbul olunanların 32 nəfəri 500-700, 9 nəfəri isə 600-700 bal toplamışdır. Bir maraqlı faktı da qeyd edək ki, universitetlərə qəbul ounmuş 240 abituriyentin 175 nəfəri muxtar respublikanın ali məktəblərində oxumağa üstünlük vermişdir.

2012-ci ildə Şəkərabad kənd tam orta məktəbin direktoru Sədaqət Mahmudovun respublikanın, Babək qəsəbə tam orta məktəbin fizika müəllimi Gülxar Novruzovanın Naxçıvanın əməkdar müəllimi fəxri adına layiq görülməsi, Cəhri kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Qadir Əkbərovun "İlin müəllimi" müsabiqəsinin qalibi olması da ötən ilin yaddaqalan uğurlarındandır.

Əvvəlki dərs ilində rayon üzrə birinci sinfə 702 şagird getmişdirsə, 2012-2013-cü tədris ilində bu göstərici artaraq 789 nəfərə çatmışdır.

İndi qış fəslidir. Soyuq otaqlarda nə müəllim dərsini lazımi şəkildə tədris edə bilər, nə də üşüyən şagirdlər nə isə öyrənə bilərlər. Sevindirici haldır ki, burada belə problemlər yoxdur. Muxtar respublikanın digər kənd, qəsəbə, rayon, şəhər məktəblərində olduğu kimi, Babək rayonunda da payız və qış aylarında tədrisin yüksək səviyyədə təşkili üçün əvvəlcədən lazımi hazırlıq görülmüşdür.

Hələ avqust ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir. Müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq Babək rayonunda da tədbirlər planı hazırlanmışdır. Rayonda təhsil müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etmək, onların qaz, elektrik, rabitə və digər təminatlarının ödənilməsi üçün lazımi işlər görülmüşdür. Bununla bağlı həmsöhbət olduğumuz rayon təhsil şöbəsinin müdiri Kamil Kazımov qeyd etdi ki, son 20 ilə yaxın bir müddətdə Babəkdə 25-dən çox təhsil müəssisəsi tikilmiş, əsaslı təmir olunmuş, yenidən qurulmuşdur. Təkcə ötən il rayonda 320 şagird yerlik Şəkərabad, 396 şagird yerlik Kərimbəyli və 900 şagird yerlik Nehrəm kənd 1 nömrəli orta məktəbləri tikilərək istifadəyə verilmişdir. Bunun nəticəsində də hazırda rayondakı məktəblərin 19-u fərdi qazanxana, 9 məktəb neft, 6 müəssisə isə mavi yanacaqla qızdırılır.

Soyuq aylarda hər hansı bir problemlə qarşılaşmamaq üçün həmin təhsil müəsissələrinə əvvəlcədən baxış keçirilmiş, qarşıya çıxa biləcək problemlər aradan qaldırılmışdır.

Qeyd edək ki, çöldə sazaqlı havanın hökm sürdüyü saatlarda üz tutduğumuz məktəblərdə dərslər öz axarında keçirilirdi. İlk olaraq Babək qəsəbə tam orta məktəbinə yollandıq. 468 şagird yerlik bu təhsil ocağı fərdi qazanxana vasitəsilə qızdırılır. Siniflərdə dərslər öz ahəngində davam edirdi. Müəllimləri Möhsün Həsənov, Tovuz Zeynalova, Xoşqədəm Mustafayeva normal temperaturlu siniflərdə dərslərini keçir, şagirdlər deyilənləri maraqla dinləyir, verilən sualları cavablandırırdılar.

Eyni mənzərəni 320 şagird yerlik Şəkərabad kənd tam orta məktəbində də müşahidə etdik. Tənəffüsdə hömsöhbət olduğum riyaziyyat müəllimi  Şəfayət Rəhimli, kimyainformatika müəllimləri Cəlalət Quliyeva və Xəyalə Hüseynova dedilər ki, dərslərin gedişində şagirdlər və biz çöldəki soyuğun fərqində olmuruq.

Yeni dərs ilinin ilk günlərində istifadəyə verilən 396 şagird yerlik Kərimbəyli kənd tam orta məktəbi də fərdi qazanxana ilə qızdırılır. Müəllimlərdən Məsim İsmayılov, Təranə Abbasova və digərləri qeyd etdilər ki, bir vaxtlar qış aylarında kənd məktəbində dərs demək üçün 2-3, bəzən 3-4 sinfin şagirdlərini bir otağa yığır, soba ətrafına toplayıb dərs keçirdik. Həm də dərslər 45 yox, 30-35 dəqiqə olurdu. Biologiya müəllimi bizi dərsinə dəvət etdi. Müəllimin elektron lövhə qarşısında söylədiklərinə şagirdlər  maraqla qulaq asır, ara-sıra suallar verirdilər.

Nehrəm kənd 1 nömrəli, Hacıvar, Məmmədrzadizə kənd məktəblərində gördüklərimiz də bizə xoş təsir bağışladı. Sinif otaqlarında, dəhlizlərdə çöldəki soyuq hiss olunmur, dərslər normal qaydada keçirilirdi.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.6.