«Sehrbaz qadın» Kukla Teatrının səhnəsində

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında dünya uşaq ədəbiyyatının korifeyi, məşhur Fransa yazıçısı Ş.Perronun eyniadlı nağılı əsasında Ələsgər Qurbanovun səhnələşdirdiyi "Sehrbaz qadın" adlı tamaşanın premyerası olmuşdur. Azyaşlı tamaşaçılar tərəfindən maraqla qarşılanan bu səhnə əsərinin quruluşunu gənc rejissor Anar Məmmədov vermişdir. Yeri gəlmişkən, "Sehrbaz qadın" Mingəçevir Dövlət Dram Teatrı aktyorlarının ifasında da tamaşaya qoyulmuşdur.

Ə.Qurbanov bir neçə səhnə əsərinin də müəllifidir. Onun "Azadın qoçaqlığı" və "Kələkbaz" nağıl-pyesləri Salyan Dövlət Kukla Teatrında, "Ceyranı oğurladılar və ya ayı balasının qoçaqlığı" pyesi Gəncə Dövlət Dram Teatrında  göstərilmişdir. Ə.Qurbanovun tərcümə etdiyi gürcü dramaturqu Otia İoselaninin "Kaş araba aşmayaydı" tragikomediyası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Amerika yazıçısı Con Qolsiorsinin "Birincilər və sonuncular" adlı psixoloji dramı Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. "Kaş araba aşmayaydı" və "Birincilər və sonuncular" tamaşaları Türkiyədə keçirilən beynəlxalq teatr festivalında uğur qazanmış, diplomlara, mükafatlara layiq görülmüşdür.

 

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.7.