Bakıda «Bir fidanı
yaşadaq» rəsm satış-sərgisi
açılmışdır
Yanvarın 30-da "Qafqaz Baku City"
mehmanxanasında "Bir fidanı yaşadaq" rəsm satış-sərgisi
açılmışdır.
Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqı (ATGTİ), "Bizim gənclik" İctimai
Birliyi (İB) və "Qafqaz Baku City"
mehmanxanasının birgə təşkilatçılığı,
Türkiyənin "TRT" kanalının media dəstəyi
ilə keçirilmiş xeyriyyə aksiyasının məqsədi
əlil, kimsəsiz, talassemiyalı, cəzaçəkmə
müəssisələrində və uşaq evlərində
böyüyən istedadlı uşaqlara kömək göstərməkdir.
AzərTAc
xəbər verir ki, satış-sərgidə universitet tələbələri,
müxtəlif təşkilatların nümayəndələri,
həmçinin könüllü vətəndaşlar
iştirak etmişlər.
Layihənin
rəhbəri Günel Abdullayeva "Bir fidanı
yaşadaq" layihəsinin həyata keçirilməsində
onlara dəstək olan bütün qurumlara və KİV
nümayəndələrinə təşəkkürünü
bildirmişdir.
Qeyd edilmişdir ki, əsas məqsədi fidanları üzə çıxarmaq olan layihə təkcə uşaqların əl işlərinin satışı, onların qazanc əldə etməsi ilə məhdudlaşmır, həmçinin bu uşaqlara bərabərlik mesajı verir, onlara tək olmadıqlarını göstərir, belə fidanların cəmiyyətə inteqrasiyasını təmin edir.
Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan-Türk Sənayeçi və İş Adamları Birliyi (TUSİAB), ATGTİ və "Bizim gənclik" İB-nin nümayəndələri tədbirdə çıxış edərək bildirmişlər ki, əlil, kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara yardım etmək hər kəsin borcudur və belə humanitar aksiyaların davam etdirilməsinə həmişə dəstək olmağa hazırdırlar.
Satış-sərgiyə "Damla" İctimai Birliyindən iyirmi uşağın 114 rəsm əsəri və əl işləri, Gəncə, Lənkəran, Zaqatala və Gədəbəydən əlil uşaqların göndərdikləri 35 rəsm əsəri və digər əlil uşaqların əl işləri çıxarılmışdır.
Uşaqlara dəstək vermək üçün fləşmob və sənətçilərin iştirakı ilə konsert də keçirilmişdir.
Satış-sərgi günün
sonunadək davam etmişdir.
Azərbaycan.-2013.- 31 yanvar.- S.7.