Ekoloji maarifləndirməyə böyük ehtiyac var

 

Bəşəriyyətin inkişafının bütün dövrlərində, hətta antik dövrlərdə belə insanlar tərəfindən təbiətə, onun yeraltı və yerüstü sərvətlərinə, təbii ətraf mühitə, onun amillərinə (torpaqsu ehtiyatlarına, atmosferə, florafaunaya) olduqca qəddar düşmənçilik münasibəti formalaşmış, insan-təbiət münasibətlərində çox geniş diapazonlu disbalans yaranmış və onun arealı gündən-günə daha da genişlənməyə başlamışdır.

Yaranmış disbalans nəticəsində Yer kürəsi planetinin təbii ekoloji mənzərəsi, durumu mənfi istiqamətdə tamamilə dəyişilmiş, öz mərkəzindən çıxmış, nəticədə isə təbii fəlakət, böhran və kataklizmlərin arealı ildən-ilə genişlənmiş, təbiət sanki bəşəriyyəti olduqca çətin imtahana çəkmişdir. Qeyd olunan hadisələr və proseslər ekologiyanın planetar və bəşəri əhəmiyyətli, bütün elmləri öz ətrafında birləşdirən sərbəst elm sahəsi kimi formalaşmasına çox böyük zərurət yaratmışdır. Ekologiya bu gün insan həyatının bütün sferalarına (sosial-iqtisadi, ailə-məişət, saglamlıq, texnoloji tərəqqi və s.) güclü inteqrasiya edən ən perspektivli elm sayılır. Ekoloji aspektlər nəzərə alınmadan həyat fəaliyyətinin heç bir növünün gerçəkləşməsi mümkün deyil.

Ekoloji cəmiyyətin formalaşması hər bir ölkənin davamlı inkişafının, sivilizasiyalara və mədəniyyətlərarası dialoqa qoşulmasının ən aparıcı və prioritet amili sayılır və ekoloji maarifləndirmənin səviyyəsi başlıca meyar hesab olunur. Ekoloji maarifləndirmə prosesində isə fundamental dərsliklərin hazırlanması müstəsna əhəmiyyətə malikdir. Hazırda ölkəmizdə ekoloji sahəyə xüsusi önəm verilsə də, bu həyati vacib məsələ hələ də günün tələbləri ilə uzlaşmır. Bu baxımdan professorlar Fəqan Əliyev, Eldar Hüseynovdoktorlar Akim Bədəlov, Fərhad Əliyevin ali məktəblər üçün hazırladıqları "Ekologiya" dərsliyi elmimizin və təhsilimizin uğurlu və önəmli nailiyyəti kimi təqdirəlayiq hesab olunmalıdır. Dərsliyin əsas müsbət cəhəti onun müəlliflər tərəfindən 2009-cu ildə "Ekologiya" fənni üzrə tərtib olunan 60 səhifəlik tədris proqramı əsasında yazılması, dünya təhsil sisteminin standartlarına riayət edilməsidir. Dərslik 7 fəsildən ibarət olmaqla bütün fəsillərdə müvafiq olaraq Yer kürəsi planetinin və ölkəmizin ekologiyasının hazırkı durumumövcud qlobal problemləri olduqca zəngin və yeni elmi məlumatlar əsasında ətraflı surətdə şərh olunmuşdur.

Əsər 827 səhifədən ibarətdir. Orada təbiətin nadir incilərinə aid çoxlu sayda maraqlı rəngli şəkillərdən istifadə edilmişdir. Güman edirik ki, yenicə işıq üzü görən "Ekologiya" dərsliyinin nəşr olunmasını alimlərimiz, şagird və tələbələrimiz, magistrlər, aspirantlar, doktorantlar, dissertantlar, ümumilikdə isə elmi ictimaiyyət və geniş oxucu kütləsi yüksək dəyərləndirəcək, ondan əsaslı surətdə bəhrələnəcək, ölkəmizdə ekoloji cəmiyyətin formalaşmasında çox fəal iştirak edəcək və ona böyük təkan verəcəklər.

 

 

Adil ƏLİYEV,

AMEA Geologiya İnstitutunun

 Vulkanizm şöbəsinin müdiri, professor,

Dövlət Mükafatı laureatı

 

 Yusif İSRAFİLOV,

AMEA Geologiya İnstitutunun

Hidrogeologiya

 şöbəsinin müdiri, geologiya-mineralogiya

elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.7.