«Xeyirxah oxucu» layihəsi gözdən əlillərə
xidmət edir
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2 fevral Gənclər Günü münasibətilə Respublika Gözdən Əlillər Kitabxanasında oxucularla görüş keçirdi. Görüşdə kitabxananın direktor müavini Tofiq Balayev çıxış edərək ötən ilin mayından başlayaraq "Miras"la birlikdə həyata keçirilən "Xeyirxah oxucu" layihəsinin gedişi haqqında məlumat verdi. Bildirildi ki, layihə çərçivəsində "mirasçılar" könüllü olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün kitabların oxunmasında iştirak edir. Eləcə də layihədə iştirak edənlərə audiokitabların hazırlanması, montaj və s. proseslər öyrədilir.
Xatırladaq ki, kitabxananın 5.000-ə yaxın oxucusu, 10.000 nüsxəyədək kitab fondu var. Oxucular kitabxanaya müxtəlif ədəbiyyat üçün müraciət edirlər. Verilən məlumata görə, kitabxananın səyyar bölməsi də fəaliyyət göstərir. Bu bölmə vasitəsilə əlillərə evlərdə xidmət göstərilir. Kitabların müəyyən hissəsi sovet dövründən qalma, Kirill əlifbası ilə olduğundan bəziləri artıq öz istifadə əhəmiyyətini itirib. Bundan başqa, Brayl əlifbası ilə çap olunan kitablar zaman keçdikcə sıradan çıxır və oxunmaz hala düşür. Buna görə də kitabxananın Brayl çap maşınına ehtiyacı var.
Müasir texnologiyaların yaratdığı imkanlar sayəsində bu gün oxucuların audiokitabları dinləməsi gündəmə gəlib. Kitabxana direktorunun müavini Tofiq Balayev bu yaxınlarda Türkiyədə səfərdə olarkən gözdən əlillər üçün audiokitabların hazırlanması təcrübəsini öyrənib.
Tədbirin sonunda "Miras" İB-in sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Xeyirxah oxucu" layihəsinin artıq yeni mərhələyə keçdiyini qeyd etdi. Gözdən Əlillər Kitabxanası ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyi, görüşdə səsləndirilən fikirlərin nəzərə alınacağı və bu yönümdə birliyin imkanları çərçivəsində birgə layihələrin hazırlanacağı vurğulandı.
Könüllülərin indiyədək bir neçə kitab səsləndirmələri və montaj işində yaxından iştirak etmələri yüksək qiymətləndirilməklə yanaşı, "Miras" İB-in uşaq və gənclərlə iş şöbəsinin rəhbəri Nicat Nuriyevə, könüllülərdən Elmar İsrafilli və Fatimə Yusifovaya təşəkkür edildi. Sonda kitabxanaya "Miras"ın istehsalı olan yeni nəşrlər və filmlər hədiyyə olundu.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2013.- 1 fevral.- S.7.