Azərbaycanla Türkiyənin yekdil siyasəti real nəticələr
verir
Azərbaycanın Prezident
Administrasiyasının İctimai-siyasi
məsələlər
şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a
müsahibəsi
- Aprelin 24-də dünya erməniləri ötən əsrin əvvəllərində Osmanlı İmperiyasında baş vermiş qondarma “erməni soqyırım”ının 99-cu ildönümünü qeyd ediblər. Çoxları hesab edir ki, ermənilər yalan üzərində qurduqları bu təbliğat kampaniyasının miqyasını nə qədər genişləndirsələr də, artıq əvəlki effekti ələ edə bilmirlər. Siz bu haqda nə düşünürsünüz? Ümumiyyətlə, bu “soyqırım” iddiasının kökləri haqda fikrinizi bilmək maraqlı olardı.
- Həqiqətən də, uzun illər boyu bu mifi dünyaya qəbul etdirməyə çalışan Ermənistan rəhbərliyi və diasporu, bu il Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında baş vermiş hadisələrin mahiyyətini və tarixi həqiqətlərin təhrifinə yönəlmiş kampaniyanı gücləndirməyə çalışıb. Bu da onunla bağlıdır ki, gələn il dünya erməniliyi bu qondarma “soqyırım”ın 100 illiyini qeyd etməyə hazırlaşır və indiki kampaniyanı, bu “yubiley tədbirləri”nə hazırlıq kimi də qiymətləndirmək olar. Amma bu məsələyə siyasi maraqlar prizmasından deyil, obyektiv tarixi kontekstdən yanaşanlar söhbətin genişmiqyaslı saxtakarlıqdan getdiyinə şübhə etmirlər. Çünki tarixi faktlar və gerçəkliklər sübut edir ki, özlərini “soyqırıma məruz qalmış xalq” kimi qələmə verən ermənilərin, əslində özləri onilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı kütləvi qətliamlar törədiblər. Bütün tarixi sənədlər sübut edir ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında yaşanmış hadisələrin kökündə erməni xalqına qarşı soyqırım siyasəti deyil, erməni əsilli vətəndaşların öz dövlətlərinə qarşı qaldırdıqları silahlı üsyanın yatırılması dayanıb. Türkiyə ordusunun cəbhə xəttində olmasından istifadə edən erməni quldur dəstələri yüzlərlə türk kəndini viran qoyub, yüz minlərlə dinc əhalini – qoca, qadın və uşaqları qətlə yetirib. Bu qətliamın qarşısını almaq üçün Osmanlı dövləti cəbhə xəttinə yaxın ərazilərdə yaşayan, təxribat və sabotaj yolu ilə türk ordusunun mövqelərini zəiflədən erməni əhalisini imperiyanın digər ərazilərinə köçürüb. Xüsusi olaraq xatırlatmaq istəyirəm ki, cəbhə bölgəsindən uzaqda yaşayan erməni əhalisinə bu köçürülmə şamil edilməyib. Bu faktın özü, dövlət səviyyəsində hansısa “soyqırım” törədildiyi haqda iddiaların əsassız olduğunu sübut edir. Bu gün məhz tarixi həqiqətlərin üzə çıxacağından ehtiyat etdiyi üçün dünya erməniliyi Türkiyənin arxivlərin açılması və birgə tarixi tədqiqatların aparılmasına dair təklifini rədd edir.
Amma bütün bunlara baxmayaraq, bu gün mifik deyil, real soyqırımın kimlər tərəfindən törədildiyinə, həm Osmanlı İmperiyasında, həm də Azərbaycanda əsl soyqırıma türk və azərbaycanlı əhalinin məruz qaldığına dair həqiqətləri ört-basdır etmək mümkün deyil.
- Belə demək mümkündürmü ki, Azərbaycanın müstəqillik qazanması və güclənməsi ilə erməni diasporu və lobbisinin on illiklər boyu tarixi saxtalaşdırmağa yönəlmiş siyasəti zəifləyib və iflasa uğrayıb?
- Bəli, tamamilə doğrudur. Uzun illər Türkiyə bu saxtalaşdırma siyasətinə qarşı təkbaşına müqavimət göstərməli olub. Lakin bu müqaviməti effektli qura bilməyiblər. Bu, ilk növbədə, Türkiyənin xaricdə mütəşəkkil və siyasi proseslərə ciddi təsir göstərmək gücündə olan diasporunun yoxluğu, ermənilərin isə əksinə, diaspora quruculuğuna prioritet sahə kimi yanaşması ilə bağlı olub. Bundan başqa, Türkiyənin özündə də ermənilərin yalan üzərində qurulmuş təbliğatına ciddi əhəmiyyət verilməyib. Bu gün isə Türkiyə rəhbərliyi bu problemə artıq tamamilə fərqli mövqedən yanaşır, bunun verə biləcəyi fəsadları dərindən təhlil edir və lazımi addımlar atır. Digər tərəfdənsə, bu gün Türkiyə artıq meydanda tək deyil. Regionda mövqelərini kifayət qədər möhkəmləndirmiş, aktiv xarici siyasət yürüdən, xaricdə mütəşəkkil diaspora təşkilatları ilə proseslərə aktiv təsir göstərmək iqtidarında olan Azərbaycan kimi müttəfiqi var. Bilirsiniz ki, bir neçə il əvvəl Fransa parlamentində qəbul edilmiş “soyqırımın” danılmasını kriminallaşdıran qanunun sonradan qüvvəsini itirməsində Azərbaycan həm rəsmi şəkildə, həm də bu ölkədəki diaspora təşkillatlarının köməyi ilə çox mühüm rol oynadı.
Bu bir daha göstərdi ki, Azərbaycanla Türkiyənin bu istiqamətdə yekdil siyasəti real nəticələr verir.
- Əsl soyqırımı türklərin ermənilərə qarşı deyil, ermənilərin türklər və azərbaycanlılra qarşı törətdiyini nəzərə alsaq, bu gün Azərbaycan dövləti bu tarixi həqiqətlərin üzə çıxması üçün hansa real addımlar atır?
- Məhz Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu gün artıq hadisələrin real inkişafı haqda dünyada müəyyən təsəvvür formalaşır. Bu faktdır ki, tarixən azərbaycanlıların yaşadığı əraziləri qəsb etmək məqsədi güdən ermənilərin artıq 2 əsrdir həyata keçirdikləri düşünülmüş soyqırım nəticəsində minlərlə yaşayış məntəqəmiz yerlə-yeksan edilib, yüz minlərlə soydaşımız xüsusi qəddarlıqla öldürülüb. 1905-1906 və 1918-1920-ci illərdə Bakı, Gəncə, Şuşa, Cəbrayıl, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə yüzlərlə azərbaycanlı kəndi yer üzündən silinib, on minlərlə dinc sakin öldürülüb, mədəniyyət abidələri məhv edilib.
Bu soyqırım siyasəti XX əsrin ortalarında da davam edib, ancaq bir qədər fərqli şəkildə - kütləvi deportasiya formasında. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan on minlərlə azərbaycanlı öz doğma torpaqlarından kütləvi şəkildə köçürülüb.
Təəssüf ki, ermənilərin XX əsrin əvvəllərindən mərhələli şəkildə apardığı ardıcıl etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam edir. Soyqırımın 1988-ci ildən başlayan mərhələsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyon insan doğma yurd-yuvalarından qovulub, on minlərlə azərbaycanlı qətlə yetirilib. 1992-ci il fevralın 26-da isə Xocalıda XX əsrin ən dəhşətli qətliamlarından biri törədilib: yerlə-yeksan edilmiş yaşayış məntəqəsində 613 dinc sakin xüsusi qəddarlıqla məhv edilib.
Uzun illər boyu biz bu acı həqiqətləri dünyaya çatdırmaqda çətinlik çəkmişik. Amma Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan informasiya blokadasını yarmağı bacardı və bu gün biz artıq öz səsimizi bütün dünyaya çatdırmaq gücündəyik. Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla, hər il martın 31-i Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu gün Azərbaycan diplomatik istiqamətdə cənab Prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya əsasında hücum taktikasını seçərək, həm 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələr, həm də azərbaycanlılara qarşı 2 əsrdir davam edən və bəşəriyyət əleyhinə cinayət sayıla biləcək qətliamlar haqda həqiqətləri dünya birliyinə çatdırmaq üçün düşünülmüş və ardıcıl siyasət aparır.
- Bu istiqamətdə atılan addımların daha da effektli olması üçün nə etmək lazımdır?
- Artıq qeyd etdiyim kimi, Azərbaycan bu istiqamətdə həm rəsmi, həm də qeyri-rəsmi şəkildə effektli addımlar atmaqda davam edir, həm ölkə daxilində, həm da xaricdə ermənilərin yalan üzərində qurulmiş təbliğatının ifşa olunması, tarixi saxtalaşdırmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülür. Bu işdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun, xüsusən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin ciddi effekt verdiyinı diqqətə çatdırmaq istəyirəm. Bundan başqa xarici ölkələrdəki diaspor təşkilatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr də bu işdə yaxından iştirak edirlər. Bu koordinasiyalı fəaliyyət nəticəsində azərbaycanlıların soyqırımına həsr olunmuş etiraz aksiyaları, anım məraismləri, beynəlxalq konfranslar, sərgilər və digər tədbirlər təşkil edilir. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, 5 ildə Xocalı soyqırımı ilə bağlı dünyanın 50-yə yaxın ölkəsində 1000-dən artıq tədbir keçirilib. Artıq dünyanın 7 ölkəsi, ABŞ-ın 10-dan artıq ştatı Xocalıda törədilmiş qətliamı soyqırım kimi tanıyıb.
Bir sözlə, bu sahədə görülən işlərin
real nəticələri, əldə olunan uğurlar göz qabağındadır. Amma etiraf
etmək lazımdır ki, erməni diasporu və lobbisinin təsiri
altında olan bir çox ölkələr hələ də tarixi faktlara,
reallığa və həqiqətə göz
yummaqdan, tarixi
saxtakarlığı isə həqiqət kimi
qəbul etməkdən çəkinmirlər. Odur ki, Azərbaycan bundan sonra da bu
istiqamətdə fəal və qətiyyətli mövqe nümayiş etdirərəcək,
biz Ermənistanın və erməni lobbisinin iftira üzərində
qurulmuş qərəzli təbliğatını
zərərsizləşdirmək üçün
hücum taktikasını davam
etdirəcəyik. Çünki biz əminik ki, vandalizm,
terror və soyqırım siyasətinə
beynəlxalq səviyyədə hüquqi-siyasi
qiymətin verilməsi yalnız Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin
gələcəkdə bir daha
bu cür faciələr
yaşamaması üçün böyük əhəmiyyət
daşıyır.
Azərbaycan.-2014.-26 aprel.-S.2.