Anadolu Agentliyi:
Əliyevdən Ərdoğana dəstək
Türkiyənin Anadolu Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verməsi ilə bağlı AzərTAc-ın materialını yaymışdır.
Anadolu Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirərək yazır: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".
Agentlik Prezident İlham Əliyevin Türkiyə-Ermənistan əlaqələri haqqında fikirlərindən daha bir sitat gətirərək qeyd edir: "Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir".
Yazıda Prezident İlham Əliyevin bu
fikirləri də yer almışdır:
"Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana
sanksiyalar qoyulmur? Niyə
Avropa Şurasındakı Ermənistan
nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum
edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar,
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini
kobud şəkildə pozurlar
və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ
rejiminin qondarma
nümayəndələri Avropa
paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna
son qoyulmalıdır".
Azərbaycan.-2014.-26 aprel.-S.2.