Nəqliyyat naziri Daşkəsən şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.

AzərTAc xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədov aprelin 25-də Daşkəsən şəhərində Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Vətəndaşların müraciətlərini diqqətlə dinləyən nəqliyyat naziri səsləndirilən təklif və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər vermişdir.

Əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, eləcə də işlə təminat və sair məsələlərlə bağlı olan müraciətlərin bəziləri yerindəcə həll edilmiş, bəziləri isə araşdırılıb tədbir görülməsi üçün nəzarətə götürülmüşdür.

Vətəndaşlar qəbuldan razı qaldıqlarını bildirmişlər.

 

Azərbaycan.-2014.-26 aprel.-S.3.