Prezident İlham Əliyevdən dünya erməniliyinə növbəti zərbə

 

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri tamamilə fərqli, analoqu olmayan strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün Türkiyə dövləti də yaxşı başa düşür ki, onun Cənubi Qafqaz regionunda ən etibarlı, sınanılmış müttəfiqi məhz Azərbaycandır. Eyni zamanda, Azərbaycan iqtidarı da bu dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişafı üçün bütün zəruri tədbirləri görür.

Ümumiyyətlə, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab İlham Əliyevin başlıca məqsədlərindən biridir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvipak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə hörmətlə yanaşmağa önəm verirbuna ümumi səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır.

Strateji müttəfiq ölkələr olan Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa İttifaqı, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. Rəsmi Bakı qondarma erməni soyqırımı məsələsində Türkiyənin haqlı mövqeyini daim müdafiə edir.

Xatırladaq ki, hələ 2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti R.Koçaryana müraciətlə qondarma erməni soyqırımı iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdir. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il aprelin 24-ü tarixini dünyaya "erməni soyqırımı günü" kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin qapılarını dünya ölkələri tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan etmişdir. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideolojisiyasi məqsədlərlə yararlandığı indi dünya ictimaiyyətinə də yaxşı bəllidir. Ümumiyyətlə, qondarma erməni soyqırımı ilə bağlı cəfəng iddialar göstərir ki, regionda bir qayda olaraq qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırma "səyləri" də səmimiyyətdən tamamilə uzaqdır.

Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı işğalçı dövlətin məkrli niyyətini bir daha ortaya qoydu. S.Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma erməni soyqırımı ilə bağlı mülahizələrə həsr etdi. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxıb qondarma soyqırımı məsələsini qabardaraq Türkiyəni əsas tənqid hədəfi kimi seçdi. Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma soyqırımı ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edərək bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu bildirdi.

Prezident İlham Əliyevin plenar iclasda tutarlı faktlarla çıxışı Ermənistan prezidentini tamamilə məyus etdi. Ermənistan prezidentinin qondarma erməni soyqırımı ilə bağlı sərsəm bəyanatları və tarixi faktları təhrif etməklə dünyanı aldatmaq cəhdləri bu dəfə də iflasa uğradı. 

Azərbaycan Prezidenti plenar iclasda bildirib: "Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə - Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bugünədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir".

Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır. Zaman keçdikcə, bədnam erməni qonşularımızın "soyqırımı" iddialarının məkrli və qərəzli kampaniya olduğunu daha çox dövlət başa düşür. Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət səmərəsini verəcək, türkdilli ölkələrin, xüsusən də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcək.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 27 aprel.- S.1.