Azərbaycan Prezidenti İlham Əliyevin Praqa sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı Türkiyə mediası gündəliyinin bir nömrəli xəbəridir

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı Türkiyə mediasının gündəliyinin bir nömrəli xəbəridir.

Bunu qardaş ölkənin kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin çıxışı ilə bağlı yayımlanan yazıların, televiziyaradio reportajlarının müəllifləri də xüsusi vurğulayırlar. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi dövlətimizin başçısının Türkiyəyə yüksək qardaşlıq münasibətinin bariz göstəricisi kimi dəyərləndirilir.

NüfuzluSabah” qəzetində “Əliyevdən Ermənistana sillə kimi cavab” sərlövhəli məqalə dərc olunmuşdur.

Müəllif məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirərək yazır: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Haber Türk” qəzetində dərc olunmuş məqalədə isə bildirilir ki, “Çexiyanın paytaxtı Praqada keçirilmiş “Şərq tərəfdaşlığı” Sammitində Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin ünvanına söylədiyi tənqidi fikirlərə Azərbaycan Prezidenti İlham Əliyev sərt cavab verdi”.

Məqalədə Azərbaycan Prezidentinin çıxışından aşağıdakı fikirlərə yer verilmişdir: Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi”.

Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyana cavabı ilə bağlı məqalələr Türkiyənin “Milliyet” (“Zirvə görüşündə Sarkisyan Türkiyəni günahlandırdı, Əliyev dərhal sərt cavab verdi”), “Radikal” (“Sarkisyanın Türkiyəni tənqid etməsinə Əliyevdən sərt təpki”), “Akşam” (“Türkiyə nümayəndələri burada yoxdursa, mən varam”), “Posta” (“Əliyevdən Ərdoğana dəstək”), “Cumhuriyet” (“Türkiyəni tənqid edən Sarkisyana Əliyevdən sərt cavab”), “Hurriyet Daily News” (“Praqa Sammitində Sarkisyan Türkiyəni tənqid edərkən Əliyev rəsmi Ankaranın müdafiəsinə qalxdı”), qəzetlərində dərc olunmuşdur. Həmçinin “Yeni Şafak”, “Sözcü”, “Star” qəzetləri və digər mətbu nəşrlər də Prezident İlham Əliyevin qətiyyətli mövqeyindən bəhs etmişlər.

Türkiyənin “TGRT”, “TRT Türk”, “TRT Avaz”, “TRT Haber” və digər televiziya kanallarında yayımlanmış, eləcə də “Doğan”, “İhlas” agentlikləri, “Haberler”, “Sondakika”, “Haber3”, “Haberciniz”, “f5haber” və s. xəbər portallarında yerləşdirilmiş şərhlərdə qeyd edilir ki, Türkiyə nümayəndələrinin təmsil olunmadığı Praqa sammitində Ermənistan Prezidenti fürsətdən istifadə edərək rəsmi Ankaranı qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham etmişbu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu demişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu çıxışdan dərhal sonra Ermənistan prezidentinə sərt cavab vermişdir. Prezident İlham Əliyevin çıxışından sitatların yer aldığı şərhlərdə diqqətə çatdırılır ki, bu Sammitdə Azərbaycan dövlətinin başçısı Ermənistan prezidentinin səsləndirdiyi əsassız iddialar qarşısında Türkiyəni qətiyyətlə müdafiə etmişdir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının daha bir təsdiqidir.

Türkiyə KİV-lərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə də yer verilir: “Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir”.

Qardaş ölkənin mətbuatında verilmiş yazılarda bildirilir ki, Prezident İlham Əliyevin Sammitdəki çıxışı Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəklərə qaldırmışdır. Prezident İlham Əliyev Praqadakı cəsarətli çıxışı ilə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu nümayiş etdirmiş, təcavüzkar Ermənistanın işğalçılıq siyasətini və riyakarlığını ifşa etmişdir.

Türkiyə mediasında yayımlanan bütün məqalələrdə AzərTAc-a istinad edilir.

 

Azərbaycan.-2014.- 27 aprel.- S.3.