Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələr
sürətlə inkişaf edir
Aprelin
22-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda
səfərdə olan Gürcüstan və Türkiyə
parlamentlərinin xarici əlaqələr komitələrinin
nümayəndə heyətləri ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Oqtay Əsədov bu
səfərin yeni bir ənənənin başlanğıcı
olduğunu bildirmişdir. O, nümayəndə heyətinin
ölkəmizdə olduğu müddətdə keçirdiyi
görüşlərin gələcək əməkdaşlıq
üçün baza yaradacağını
vurğulamışdır. Dərin tarixi köklərə
söykənən əlaqələrdən danışan sədr
demişdir ki, dövlət başçılarının iradəsi
ilə üç qardaş ölkə arasında əlaqələr
sürətlə inkişaf edir. Siyasətin hər zaman
iqtisadiyyatla bağlı olduğunu deyən Oqtay Əsədov
ölkələr arasında inkişaf edən iqtisadi əlaqələri
xüsusi qeyd etmişdir.
Türkiyə
Böyük Millət Məclisinin xarici əlaqələr
komitəsinin sədri Volkan Bozkır Azərbaycanın təkcə
regionda deyil, dünyada nüfuzunun artmasının çox
sevindirici hal olduğunu qeyd etmişdir. O, ərazisinin 20
faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın
çox böyük nailiyyətlər
qazandığını vurğulamışdır.
Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze bildirmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə mehriban dostlar, qonşulardır və bu, hər zaman belə davam edəcəkdir. T.Caparidze bu görüşlərin davamlı olacağını və əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 23 aprel.- S.2.