Səhnəyə həyatilik gətirən sənətkar

 

Mustafa Mərdanov-120

 

 

Bu il Azərbaycan teatr və kino sənəti tarixində silinməz izlər qoymuş, böyük ustad, xalq artisti Mustafa Mərdanovun anadan olmasının 120 illik yubileyi qeyd edilir. Müasirlərimizin əksəriyyəti M.Mərdanovu əsasən "O olmasın, bu olsun" filmində oynadığı inteligent Həsən obrazı ilə tanıyır. Əslində bu böyük aktyorun teatrkino sənətində məharətlə yaratdığı 100-dən çox müxtəlif obrazları olmuşdur.

M.Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanda - Mərənddə anadan olmuşdur. Hələ uşaqikən ailəsi Tiflisə köçmüş və 1924-cü ilə qədər orada yaşamışdır. Tiflisin mədəni mühiti Mustafanın həyata baxışını yeniyetmə çağlarından formalaşdırmışdır. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir. Amma Mustafa teatra daha böyük maraq göstərirdi. O, ilk dəfə 1909-cu il noyabrın 28-də qrimlənərək səhnəyə çıxır. İkinci dəfə "Xor-xor" tamaşasında Seyfulla rolunda çıxış edən Mustafanın ifası Tiflis Azərbaycan Teatrının peşəkar, təcrübəli aktyorları tərəfindən bəyənilir və onu truppaya dəvət edirlər. Beləliklə, gənc Mustafa 1910-cu ildə Tiflis Azərbaycan Teatrının tamaşalarında iştirak etməyə başlayır.

1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır. Lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır. O, aktyor truppası ilə əvvəlcə Batuma, sonra Türkiyəyə qastrol səfərlərinə yola düşür. On bir ay ərzində müxtəlif tamaşalar göstərən bu truppa yerli teatrşünasların müsbət rəyini alır. Mustafa Mərdanovun ifası isə xüsusi qeyd edilir. Beləliklə, Tiflisin müsəlman dram dərnəklərində 1910-cu ildə çıxış edən M.Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə ali təhsilini bitirən M.Mərdanov Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır. Yüksək aktyorluq texnikası, obrazları özününküləşdirmək bacarığı, mənalı yumor onun sənəti üçün xarakterik cizgilər idi. M.Mərdanov sanki bu obrazların həyatını yaşayırdı. Onun yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Ətrafında böyük sənətkarlar çalışırdılar. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrilmişdi. Abbac Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarca sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq salır, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırır. "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq, yağmura düşdük"də Qəmbər, "Nadir şah"da Ədhəm kimi rolları Tiflis Teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar ifa etməyə başlayır.

Mən onunla 12 il bir səhnədə aktyor kimi çalışmışam. M.Mərdanovun dram teatrının səhnəsində yaratdığı təkrarsız obrazlarının şahidi olmuşam. Onun ifasında ilk gördüyüm tamaşa C.Cabbarlının "Solğun çiçəklər" dramında Əbdül obrazı idi. Əbdül onun ifasında arıq, çəlimsiz, ilk baxışda yazıq görünən, lakin böyük ürəyə, mərhəmətə sahib nökər idi. Səhnəyə ilk gəlişindən onun baş verən hadisələrə və iştirakçılara münasibəti son dərəcə dəqiq və aydın görünürdü. Xanımı Gülnisənin ardınca "Ey yer üzünün iblisi" sözlərini söyləyəndə salonda həmişə gülüş və alqışlar qopurdu.

M.Mərdanovun illər boyu izlənən obrazlarından biri də S.Rəhmanın "Xoşbəxtlər" komediyasında Mürşüd obrazı idi. S.Vurğunun "Vaqif" dramında oynadığı vəzir obrazı isə tamaşaçılar tərəfindən daim rəğbətlə qarşılanırdı. Vəzir - M.Mərdanov qorxu içərisində həyəcan keçirən, öz hökmdarı qarşısında titrəyən gülməli bir tip idi. Onun keçi saqqalı, uzun rəngarəng əbası, şişman papağı, ikiqat əyilərək yerişi obrazın mahiyyətini tamamilə açırdı.

 

Buyruq sizinkidir böyük hökmdar

Sizdə fəzilət də, ədalət də var.

 

Əsərdə bu sözlər Vəzirin dili ilə tez-tez təkrarlanır. Aktyor isə onu düşdüyü vəziyyətdən asılı olaraq həmişə müxtəlif tərzdə deyirdi.

M.Mərdanovun yüksək aktyorluq mədəniyyəti Qərb dramaturgiyasından yaratdığı obrazlarda daha aydın görünürdü. Şekspirin "On ikinci gecə" komediyasında qazanılan böyük nailiyyətdən M.Mərdanova da pay düşmüşdü. Səhnədə əlində uzun çəlik, ayaqlarında uzun rəngli corab, pantalon, başı gülməli şəkildə daz, uzunburun bir obraz görünürdü. Bu Qrafinyanın eşik ağası, təkəbbürlü, iddialı Malvoliyo idi. Onun gülüş doğuran səhnələrindən biri indiyə qədər gözümün önündədir. Tamaşada bu səhnə H.Qurbanova - Qrafinya, A.Gəraybəyli - Ser Tobi, M.Vəlixanlı - Sen Endrü, İ.Osmanlı - Təlxək tərəfindən oynanılırdı. Ser Tobi ilə Sen Endrü Malvoliyonu həmişə ələ salırdılar. Qrafinyanın ona aşiq olması barədə bir sevgi məktubu yazıb Malvoliyonun yoluna atırlar. M.Mərdanovun bu məktubu necə götürməsi, açıb necə oxuması tamaşaçıların gurultulu qəhqəhələri ilə müşayiət olunurdu. O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu ("Müfəttiş") qəzetlər tərifləyirdilər. İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və onlarca səhnə qəhrəmanları onun ifasında uğurlu alınırdı.

M.Mərdanov nəinki sənətinin daxili zənginliklərinə, həm də oynadığı bütün obrazların zahiri davranışına da xüsusi diqqət yetirərdi. Şirvanzadənin "Namus" faciəsində o, Martiros obrazını ifa edirdi. Üçüncü pərdə Dağıstanda Rüstəmin evində baş verir. Bayırda qar yağır. Qapı açılır. Çovğun içərisindən bir yumru şey qapıdan dığırlanaraq kəndara girib evdə peyda olur. Hələ ancaq soyuqdan şikayət eləyir və danışa-danışa əynindəki paltarları soyunmağa başlayır. O, bir-birinin üstündən təxminən 20-yə yaxın çuxa geyinmiş, hər çuxanın üstündən də qurşaq bağlamışdı. Onları bir-bir üzərindən çıxarması tamaşaçıların gülüşünə səbəb olurdu.

M.Mərdanov bu maneraları ilə səhnəyə sağlam bir gülüş, həm də həyatilik gətirirdi. Onun hər bir hərəkəti, hər bir sözü tamaşa salonunda alqışlarla qarşılanırdı. Böyük aktyor oynadığı surətləri o qədər təbii və real şəkildə canlandırır, prototiplərinin əsl cizgilərini elə məharətlə ümumiləşdirirdi ki, biz onların həyatiliyinə qətiyyən şübhə etmirdik.

Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə çəkilməyə də dəvət alırdı. Muzdur Qulu ("Bismillah", 1925) onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi idi. Səssiz kinomuzun dəyərli nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdir. Bir il sonra isə ekranlarımızda Aleksandr Litvinovun "Müxtəlif sahillərdə" ("Əlbəyaxa") filmi göstərildi. Aktyor bu filmdə Abbas roluna çəkilmişdi. Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsas süjetini təşkil edir. Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli surəti oldu. Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən "Sevil" filmində aktyor Atakişinin rolunu ifa etdi. 1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi "İyirmi altı komissar" filmində Mustafa Mərdanova menşevik rolunu vermişdi. Bu rol kiçik olsa da, hərəkətləri, jestləri ilə yadda qalırdı. Ümumiyyətlə, ötən əsrin 20-ci illərinin sonu, 30-cu illərinin əvvəllərində yaranmış əksər filmlərdə M.Mərdanova xeyli rollar verilirdio da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat bəxş edirdi. Digər menşevik rolunu isə o, "Bakılılar" filmində yaratmışdı. Məşhur kinorejissor, qardaşı Səməd Mərdanovun "Kəndlilər" filmi Mustafa müəllimin yaradıcılığında yeni bir hadisə oldu. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.

Mustafa Mərdanov demək olar ki, hər il filmə çəkilirdi. "Kəndlilər"dən sonra 1940-cı ildə "Yeni horizont"da (trest müdiri), 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə tamaşaçı diqqətindən yayınmırdı. 1955-ci ildə "Görüş" filmində çəkildi. Burada adi kolxozçu rolunu ifa edən aktyor bir il sonra "Qara daşlar"da Dəmirov kimi ciddi rolda göründü. Onun ən uğurlu rollarından biri "O olmasın, bu olsun" filmindəki "inteligent" Həsən bəy oldu. Bu obraz Mustafa müəllimin yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilirdi. Xüsusilə qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhval-ruhiyyə doğurur. Aktyor filmdə tamamilə özgələşir, onun istedadlı ifası tamaşaçını, sözün əsl mənasında, heyrətləndirirdi. "Əhməd haradadır?" filmində Məhəmməd kişi rolu Mustafa müəllimin yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Yalnız bundan sonra 1968-ci ildə biz onu "Qanun naminə" filmində gördük. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu.

M.Mərdanov görkəmli səhnə ustası olmaqla yanaşı, həm bu sahədə gözəl təşkilatçı idi. Aktyor kimi işlədiyi illərdə onun mobil bir dəstəsi var idi. Bu dəstə ilə o, müxtəlif mövzularda maraqlı səhnəciklər göstərirdi. Nəhayət, M.Mərdanovun  Azərbaycan Teatr Xadimləri İttifaqının indiki binasının inşasında əvəzsiz rolu olmuşdur.

M.Mərdanov çox xeyirxah, qayğıkeş bir insan idi. Yadımdadır, 1954-cü ildə biz, dram teatrının İrəvan qastrolunda iştirak edən gənclərə, yardım heyətinin bütün üzvlərinə o, əlavə maaş verdirirdi. 1964-cü ildə isə mənə Moskvada oxuyan iki tələbə dostuma 5 il, təhsilimizi başa vurana qədər hər ay təqaüd göndərirdi.

İnsanın sənətdə özünəməxsus orijinal sima tapması asan məsələ deyil. Bunun üçün geniş biliyə, həyat təcrübəsinə malik olmaq, sənətkarlığın xüsusiyyətlərini öyrənmək, yorulmadan çalışmaq, axtarmaq, böyük istedad sahibi olmaq lazımdır. Mustafa Mərdanov belə sənətkar idi. Odur ki, Azərbaycan xalqı onu gözəl bir sənətkar, son dərəcə orijinal yaradıcı kimi tanıyır xatirəsini əziz tutur.

 

Ağakişi KAZIMOV,

xalq artisti, professor

Azərbaycan.-2014.- 22 aprel.- S.6.