Dövlət Feldyeger
Xidmətinin 10 illik yubileyi
qeyd olunmuşdur
Aprelin
11-də Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Dövlət Feldyeger Xidmətinin
yaradılmasının 10 illik yubileyi münasibətilə tədbir
keçirilmişdir.
AzərTAc xəbər verir ki, Dövlət Feldyeger Xidmətinin əməkdaşları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn Dövlət Feldyeger Xidmətinin əməkdaşları Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Yubiley tədbiri Azərbaycan Respublikasının dövlət himni və Dövlət Feldyeger Xidmətinin marşının səsləndirilməsi ilə başlanmışdır.
Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov dövlət başçısı İlham Əliyevin Dövlət Feldyeger Xidməti əməkdaşlarının ali xüsusi rütbələr, orden və medallarla təltif edilməsi haqqında sərəncamlarını oxumuşdur.
Dövlət Feldyeger Xidməti əməkdaşlarını yubiley münasibətilə təbrik edən Süleyman İsmayılov çıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Bu qanun əsasında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2004-cü il 12 aprel tarixli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti yaradılmış və müstəqil qurum kimi fəaliyyətə başlamışdır. Ötən müddət ərzində bir çox başqa aktlar qəbul edilmiş, Dövlət Feldyeger Xidmətinin normativ-hüquqi bazası daha da möhkəmləndirilmişdir. Xidmətin fəaliyyəti ayrı-ayrı vaxtlarda Rabitə və Daxili İşlər nazirliklərinin, digər orqanların tərkibində davam etsə də, onun gördüyü iş dövlət idarəçiliyində vacib amillərdən biri olmuşdur.
Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, Feldyeger Xidmətinin əsas vəzifələrindən biri Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, digər göndərişlərinin, habelə diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılmasını təşkil və təmin etməkdir. Xidmət bu vəzifələrin öhdəsindən layiqincə gəlir.
Feldyeger Xidmətinin ötən müddətdə sürətli inkişaf yolu keçdiyini deyən Süleyman İsmayılov qurumun şəxsi heyətinin öz fəaliyyəti və gördüyü işlərlə dövlətə, dövlətçiliyimizə layiqincə xidmət göstərdiyini vurğulamışdır. Bildirilmişdir ki, Xidmət fəaliyyət prinsipinə görə digər strukturlardan fərqlənir. Feldyeger Xidməti elə dövlət orqanlarındandır ki, o, həm respublika daxilində, həm də respublika hüdudlarından kənarda fəaliyyət göstərir. Buna görə də qurumun əməkdaşları qüsursuz xidmət nümunəsi göstərməlidirlər.
"Azərbaycanın qədim dövlətçilik ənənələri olduğu kimi, rabitə xidmətinin yaranması da onun dövlətçilik tarixi ilə, demək olar ki, eyni vaxtda başlamışdır", - deyən S.İsmayılov bildirmişdir ki, ölkəmizdə feldyeger rabitəsinin, ümumiyyətlə, poçt və teleqrafın, xüsusi rabitənin keçmişi barədə hərtərəfli araşdırmalar aparılmış və bu iş yenə də davam etdirilir. Bunu tarixçilərin ixtiyarına buraxaraq bir məsələni qeyd etməliyik ki, bu gün Azərbaycan dövlətinin informasiya təhlükəsizliyinin, dövlət sirlərinin qorunmasında, ölkədaxili və dövlətlərarası etibarlı rabitənin təşkilində Dövlət Feldyeger Xidmətinin rolu danılmazdır. Hazırda Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda geniş əlaqələri yaranmış və bu əlaqələr gündən-günə güclənməkdədir. İndi dünyanın 100-dən çox ölkəsində Azərbaycanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərir və dövlətimizin həmin ölkələrlə genişlənən əlaqələrinin təmin edilməsində Feldyeger Xidməti əməkdaşlarının böyük rolu vardır.
Süleyman İsmayılov qeyd etmişdir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Dövlət Feldyeger xidmətinin işini daim diqqət mərkəzində saxlayır. Son illərdə Xidmətin öz işini daha da gücləndirməsində və uğurlar qazanmasında dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının əvəzsiz rolu vardır.
Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-leytenantı Ədalət Paşayev hələ qədim dövrlərdən təməli qoyulan bu xidmət növünün tarixindən bəhs etmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə respublikamızda dövlət quruculuğunun bütün sahələri kimi feldyeger xidməti də özünün inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, Dövlət Feldyeger Xidməti hazırda öz işini müasir standartlara uyğun qurmuş, normativ-hüquqi bazası möhkəmləndirilmiş, fəaliyyət istiqaməti daha da genişləndirilmişdir.
Feldyeger xidməti general-leytenantı demişdir ki, ilbəil işini daha da təkmilləşdirən Xidmət fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını və digər normativ-hüquqi aktlarını əldə rəhbər tutaraq öz işini qurur. Dövlət Feldyeger Xidməti öz vəzifələrini və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Prezident İlham Əliyevin Dövlət Feldyeger Xidmətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirən Ədalət Paşayev xidmət əməkdaşlarının onların qarşısında qoyulan vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini bildirmişdir.
Sonra çıxış edənlər Dövlət Feldyeger Xidmətinin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışmış, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində görülən tədbirlərdən bəhs etmişlər. Vurğulanmışdır ki, dövlətə və dövlətçiliyə sadiq olan xidmətin əməkdaşları rəhbərlik tərəfindən qarşıya qoyulan hər bir tapşırığı vaxtında və layiqincə yerinə yetirməyə hər zaman hazırdırlar.
Sonda feldyeger
rabitəsi orqanında uzun müddət qüsursuz xidmət keçmiş
əməkdaşlar fəxri fərmanlarla
mükafatlandırılmışlar.
Azərbaycan.-2014.- 12 aprel.- S.2.