Bəşəriyyətə sülh
yaraşır
Təyyarə ağappaq bəyaz səmada süzürdü. Düşüncələrimə qapılıb, illüminatordan aşağı baxırdım. Hamar və şəffaf bulud dənizi sanki səhərin alatoranında mürgüləyirdi. Yuxulu nəhayətsiz ağ bulud ümmanı necə də sakit, necə də gözəl idi... Bir az keçməmiş günəş doğdu. Səmanın lap qurtaracağında ağ bulud dənizinin köksü birdən-birə sanki al qana boyandı. Aydın və sakit səmanın dincliyi bir anda yox oldu. Səma həyəcanlandı. Səma titrədi. Bu həyəcan mənə də sirayət etdi. İçimdə bir narahatlıq yarandı. Axı nə üçün göz işlədikcə bitib-tükənməyən ağ, pak ümman sanki qanına qəltan oldu, bağrı al qana boyandı?! Qan... qan ...
Bir neçə dəqiqə bundan qabaq bütün Qafqazın şeyxi Allahşkür Paşazadə ilə söhbətimi yada saldım. Əksər müsəlman ölkələrində müharibələr səngimir. Günahsız körpələr, qadınlar, gənclər qətlə yetrilir. Şəhərlər, kəndlər, qəsəbələr al qana boyanır. Qan su yerinə axır.... Hər şey bəlli oldu. Narahatçılığımın səbəbi də aydınlaşdı. Bağrı al qana boyanmış səma parçası mənə insan qanına boyanmış şəhərləri, kəndləri, qəsəbələri xatırladırmış...
Elə səfərimizin də səbəbi bu idi. 9 mart 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərində "Müsəlman Cəmiyyətlərində sülhün möhkəmləndirilməsi" mövzusunda keçiriləcək beynəlxalq konfransa uçurduq...
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə başda olmaqla nümayəndə heyətində mənimlə bərabər Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Hadi Rəcəbli və deputat Cavanşir Paşazadə, QMİ-nin sədr müavini Hacı Sabir və QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov təmsil olunurdular. Adətim üzrə səfəröncəsi gedəcəyim ölkə barədə gərəkli məlumatları öyrənirəm. Birləşmiş Ərəb Əmirliklərnin Fars körfəzi ölkələri içərisində digər mədəniyyət və inanclara qarşı dözüm nümayiş etdirən ən liberal və çoxmillətli ölkə olduğunu qaynaqlardan bilirdim. Demək, bu ölkənin "Müsəlman Cəmiyyətlərində sülhün təminatı" mövzusunda keçiriləcək konfransa ev sahibliyi etməsi heç də təsadüfi deyildi.
Çox çəkmədi ki, təyyarəmiz Əbu-Dabi hava limanına endi. Nümayəndə heyətini ölkəmizin BƏƏ-dəki səfiri Elxan Qəhrəman, Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin dini məsələlər üzrə müşaviri və digər rəsmi şəxslər qarşıladılar.
Əbu-Dabi hava limanında qonaqlar üçün nəzərda tutulmuş hücrədə bizə çay süfrəsi açıldı. Tanışlıq və qısa söhbətdən sonra hava limanından Park Hyatt hotelinə yola düşdük. Dəniz sahilində yerləşən bu hotel əsl cənnətməkandır. Hava çox isti idi. Bakının küləkli, soyuq mart havasından Əbu-Dabinin 32 dərəcəlik əsl yayı xatırladan isti iqliminə düşmüşdük. İl boyu burada günəşli hava hökm sürür. Yay fəslində isə deyilənə görə, burada temperatur 40-45 dərəcəyə çatır. Hotelin geniş eyvanından paytaxtın panoramına tamaşa edirik.
***
Birləşmiş Ərəb Əmirlikləri bir dövlət kimi elan olunmamışdan əvvəl bugünkü Əbu-Dabi şəhəri ayrıca ada idi. Əbu-Dabi bu dövlətin paytaxtı seçildikdən sonra şəhərə rahat yol açmaq üçün körpü salınıb. Əbu-Dabi əvvəllər kiçik bir ada olmasına baxmayaraq, sonradan burada genişlənmə və abadlaşdırma işləri aparılıb. Dənizə torpaq tökərək süni yolla şəhərin ətrafı genişləndirilib. Əbu-Dabi ölkədə ən böyük əmirlik sayılır və ölkədə olan neft ehtiyatının təxminən 85-90 faizi bu əmirliyin payına düşür. Əbu-Dabi əmirliyi neftdən gələn gəliri bütün əmirliklər arasında paylayır və ümumi olaraq dövlət işlərinə xərcləyir.
Onu da qeyd edim ki, Əbu-Dabi ərəbcədən tərcümədə "ata cüyü" mənasını verir. 25-30 il əvvəl səhranın ortasında daxmalardan və çadırlardan ibarət olan kiçicik şəhər bu gün hökümət evləri və hündür yaşayış binaları ilə doludur. Şəhərdə tikilən binaların sayı-hesabı yoxdur. Çoxmərtəbəli binalar, yaşıl parklar və xiyabanlar şəhərə ayrı gözəllik verir. Hər küçədə ən azı bir məscidin olması buna başqa bir gözəllik verir. Bəzi küçələrdə hətta 5 məscid var. Hündür binaların arasında olan məscidlər ölkənin həqiqətən müsəlman inanclı olmasını bildirir və onun islami formasını saxlayır. Şeyx Zahid Məscidi hər gün turistlərin üzünə açıqdır. Abadlaşdırma və tikinti işləri bu günə qədər də davam edir. Beləki, dənizin (bulvar) sahili daha da genişlənir və şəhərin bir tərəfi dənizin ortasına kimi uzanır. Sahildə yerləşən Emirates Palace hoteli şəhərin hüsnünə xüsusi gözəllik verir. Bu gün tarixi və müasir ərazilərə malik olan Əbu-Dabini haqlı olaraq xəyallar şəhəri adlandırırlar.
Əbu-Dabi Birləşmiş Ərəb Əmirliklərinin tərkibində olan 7 əmirlikdən biridir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür. Yer üzünün füsunkar, izdihamlı şəhərləri arasında Əbu-Dabi də, Dubay da cazibədarlığı, ehtişamı, göydələnləri ilə fərqlənən şəhərlər zümrəsinə daxildir.
Əbu Dabi dünyanın coxmillətli şəhərlərindən biridir.
Sahəsinə (83,6 min kv. km-dir), əhalisinin sayına (8,3 milyon nəfər), təbii ehtiyatlarına (neft, təbii qaz), hətta saat qurşağına görə Azərbaycanla oxşar olan Birləşmiş Ərəb Əmirlikləri 1971-ci ilin 2 dekabr tarixində Birləşmiş Krallığın əsarətindən qurtularaq müstəqillik əldə edib.
Mənbələrdən o da məlumdur ki, ötən əsrin 50-ci illərinə qədər neft yataqları kəşf olunanadək bu ölkənin iqtisadiyyatında əsas sahələr balıqçılıq və mirvari hasilatı olub. 1962-ci ildən əmirliklərdən ilk olaraq Əbu-Dabi neft ixrac etməyə başlayanda ölkə və onun iqtisadiyyatı tanınmayacaq dərəcədə dəyişilib. Birləşmiş Ərəb Əmirliyi yaradıldığı gündən onun ilk prezidenti, Əbu-Dabinin mərhum hakimi şeyx Zayed neft sənayesi potensialına ciddi qayğı göstərib və neft ixracından gələn gəliri səhiyyəyə, təhsilə və milli infrastrukturun inkişafına yatıraraq bütün əmirliklərin inkişafını təmin etmişdi. "Millətin atası" kimi ad qazanmış Şeyx Zayed bin Sultan-əl Nəhyan güclü lider və federasiya ideyası tərəfdarı idi. 2004-cü ilin noyabr ayında 86 yaşlı Şeyx Zayidin vəfatından sonra oğlu şeyx Xəlifə bin, Zayed ölkənin Federal Şurasında prezident postuna təyin olunmuşdu.
1969-cu ildən Əbu-Dabinin şahzadəsi olan Şeyx Xəlifə də Qərb islahatçısı kimi reputasiyaya malik dövlət xadimidir.
Onu da qeyd edim ki, ölkədə Ali qanunverici orqan prezident yanında 40 nəfərdən ibarət Məsləhətverici Milli Şuradır. Ali icraedici orqan Dubay əmirinin rəhbərlik etdiyi Nazirlər Kabinetidir. Ölkədə siyasi partiyaların və həmkarlar təşkilatının fəaliyyəti qadağan olunub. Fars körfəzi regionunda olan ölkələr arasında Birləşmiş Ərəb Əmirlikləri seçkili hakimiyyət orqanı olmayan yeganə dövlətdir.
Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub (1991-ci il 26 dekabr) və 1992-ci ilin sentyabrdan iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.
***
Beynəlxalq konfrans martın 9-da saat 11-də "Sant
Reqis" hotelində işinə başladı. Konfransda
dünyanın ən nüfuzlu müsəlman dövlətlərindən
nümayəndələr iştirak edirdi. Onun təşkilatçısı
və himayədarı Birləşmiş Ərəb
Əmirliyinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed
Al-Nəhyan idi. Konfransı giriş sözü
ilə də məhz o açdı. Çıxışında
müsəlman dövlətlərində baş verən ədalətsiz
müharibələrdən söz açdı və qeyd etdi
ki, indiki çağda müsəlman birliyi çox vacib məsələlərdən
biridir. Sonra müsəlman ölkələrindəki
qanlı-qadalı münaqişələrin epizodik kadrları
göstərildi. O dəhşətli kadrları seyr
etdikcə hər birimizin ürəyi ağrıyırdı.
İslam dünyasının illərlə qanayan
yarası olan Fələstində, İraqda, Suriyada,
Əfqanıstanda müsəlmanların böyük əksəriyyəti
əzilir, hər gün yadelli əsgərlərin və ya
araqızışdıranların hücumuna məruz
qalırlar, bu ölkələrdə vətəndaş
müharibələri, qarşıdurmalar, aclıq və insan
haqlarının tapdanması ən yuxarı səviyyədə
baş verir. Xalqın böyük qismi yurd-yuvasından
çıxmağa məcbur edilir, məcburi köçə
etiraz edənlər isə şəhid edilirlər. Qadınların təcavüzə məruz
qaldığı, məscidlərin talan edildiyi, müsəlmanların
evlərinə, tarlalarına hücum edilərək əziyyət
gördüyü bu ölkələrdə şəhid edilənlərin
sayı yüz mini ötüb keçir. Bu
ölkələrdəki son vəziyyəti əks etdirən
kadrlar müsəlman dünyasının başına gələn
dəhşəti nümayiş etdirir. Bombaların,
güllələrin yağışı altında fəryad
edən müsəlman uşaqlarını, analarını,
qanı tökülən cavanlarını,
dağıdılan şəhər və kəndlərini
görəndə yadıma ingilis filosofu Bertran Rasselin bir fikri
düşdü: "Müharibə kimin haqlı olduğunu
yox, kimin sağ qalacağını müəyyən edir"
Həmkarım
və səfər yoldaşım, Milli Məclisin İnsan
hüquqları komitəsinin sədri, fəlsəfə elmləri
doktoru professor Rəbiyyət Aslanovanın təbirincə desək,
sülh ənənəyə çevrilməyibsə deməli,
bəşəriyyətin dinc gələcəyi haqda
düşünməyə dəyməz. Əgər
hətta XXI əsrdə bir dövlət başqa dövlətin
ərazisini işğal altında saxlayırsa, deməli
sülh haqqında danışılanlar hələlik
yalnız söz olaraq qalmaqdadır.
Tədqiqatçıların hesablamalarına görə
1945-ci ildən üzü bəri planetdə cəmi 26 dinc
gün mövcud olmuşdur. İndiyə qədər bəşəriyyətdə
14000 müharibə olmuş və bu müharibələrdə
3,5 milyard insan öldurulmuşdur. Əlil olanların, yaralananların, mülkiyyətə
vurulan ziyanın həddi-hüdudu yoxdur. "Yalnız
ölülər müharibələrin sonunu görüb"
- bu fikri də Platon söyləyib. Müasir dövrdə
isə belə fikir yaranıb: Bəşəriyyət
müharibələrə son qoymasa, müharibələr bəşəriyyətə
son qoyacaqdır...
***
Sonra konfransa dəvət olunmuş müsəlman
dünyasının çox adlı-sanlı elm və din
xadimləri maraqlı çıxışlar etdilər.
Konfransda
çıxış edən bir filosofun fikri indiyənədək
qulaqlarımda səslənir: "Biz müharibə naminə
müharibə yox, sülh naminə müharibə
aparmalıyıq!" Çox gözəl, məntiqli
və düşündürücü fikir idi.
Mən
istərdim bu fikri
bəşəriyyət özünə baş
şüar etsin!
Şeyxülislam
Allahşükür Paşazadə konfransda "Müsəlman
cəmiyyətlərində sülhün möhkəmləndirilməsi"
mövzusunda çıxışı zamanı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin səmimi
salamlarını və xoş arzularını Birləşmiş
Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed
Al-Nəhyan həzrətlərinə və konfrans
iştirakçılarına çatdırdı. Şeyx hər zaman olduğu kimi, bu gün də
sülh və İslam həmrəyliyinin olduqca vacibliyini
önə çəkərək bildirdi ki, "Ümmətdaxili
ixtilaflar nəticəsində İraqda, habelə
Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən
bəri qırğınlar davam edir ki, nəticədə müsəlman
ümməti əziyyət çəkir. Bu
faciəli hadisələr bizi hədsiz narahat edir. Təmsil
etdiyim Azərbaycanın müsəlmanları da erməni
işğalçılarının təcavüzünə məruz
qalıb, ölkə ərazisinin 20 faizi, əzəli
torpağımız olan Qarabağ işğal olunub və azərbaycanlılara
qarşı təcavüz, o cümlədən Xocalı şəhərində
soyqırımı törədilib. Ölkəmiz təcavüzə
məruz qaldığı dövrdə qardaş müsəlman
ölkələri, bəzi beynəlxalq islam
təşkilatları bizimlə həmrəylik nümayiş
etdirib və haqq işimizi müdafiə ediblər. Azərbaycan xalqı dövlətimizin ərazi
bütövlüyünü tanıyan, Azərbaycan həqiqətlərinin
dünyaya yayılması işində bizlərə dəstək
nümayiş etdirən qardaşlarımızın səylərini
təqdir edir və buna görə dərin minnətdarlığımızı
bildiririk. Dövlət rəhbərlərimiz, İslam
alimləri, o cümlədən konfransda iştirak edən
üləmalar müsəlman cəmiyyətlərində
sülhün qorunub saxlanması yönündə dəyərli
əməl və səy nümayiş etdirirlər..".
Konfrans işini başa çatdırsa da,
iştirakçıların sanki ürəkləri dolu idi. Bir-biri ilə tanış olur, qızğın söhbətlərini
davam etdirirdilər.
***
...O
gün bütün gecəni konfransda eşitdiyim fikirlərin
təsiri ilə yaşadım. Düşünürdüm ki,
İlahi, bu gün məlum dairələrin, dövlətlərin
İslama vurduqları ekstremist damğası gör necə də
ədalətsizliyin, eybəcərliyin, yalanın bariz nümunəsidir!.. Mayasını müqəddəs Qurani-Kərimdən
götürmüş din alimlərinin konfransdakı
çıxışlarındakı xeyirxahlıq, sülhsevərlik,
ədalət prinsipləri, əmin-amanlıq arzuları
heç cür ekstremizmlə bir araya sığımır.
Bu qondarma damğanı İslama zorla vurmaq istəyənlərin
vicdanları, əqidələri görən varmı?
Dünyanın tərəqqipərvər ictimaiyyəti
yaxşı bilir ki, bəzi İslam ölkələrində
inkişafın gedişatını zəiflətməyin
mümkün olmadığını gördükdə Qərb
dünyasının araqızışdıranları müsəlmanları
qarşı-qarşıya gətirmək üçün əlindən
gələni edirlər. Bu mənada din qardaşları arasında münaqişə
yaratmaq üçün təriqətlərin fərqindən
də alət kimi istifadə edirlər...
Bunların
qarşısının alınmasında islam
birliyi və islam dünyasında sülhün rolu
danılmazdır.
Ertəsi gün proqram çərçivəsində
Azərbaycanı təmsil edən nümayəndə heyətini
böyük yaxta ilə ərəblərin təbirincə desək,
Ərəb körfəzinə, farsların təbrincə desək,
Fars körfəzinə dəniz gəzintisinə dəvət
etdilər.
...Hava
çox gözəl, işıqlı və nurlu idi. Körfəzin xəfif, qırçın
dalğaları yaxtanın gövdəsinə dəydikcə ətrafa
çilənən damlaların pıçıltısı
insana xoş ovqat gətirən, xeyirxahlıqdan, SÜLHdən
bəhs edən bir musiqinin ahəngdar və titrək səsini
xatırladırdı. Bakının mart
soyuğundan əsl yaya düşən bizlər günəşin
yandırıcı şüaları altında
xumarlanırdıq.
Körfəzin yaratdığı xoş ovqat bizi
düşüncələrə qərq etmişdi. Mənə elə gəlir,
hər kəs öz aləmində belə
düşünürdü: Görəsən, insan talelərini
qayçılayan gücün, ədalətsizliyin ZORu nə
vaxt bitəcək?!
Müharibəni sevən insanlar varmı görəsən? Rəngindən,
irqindən, dinindən asılı olmayaraq millətlər,
insan övladı nə vaxt bərabər, sülh şəraitində
yaşayacaq?!
Özümü bu düşüncələr aləmində
saxlaya bilməyib sükutu pozdum. Şeyx həzrətlərinə
düşündüklərimi sual şəklində də
verdim.
Şeyx fikrə daldı. Uzun fasilədən sonra dedi:
- Əbədi sülh ideyasının dünya qədər
yaşı var. Qurani-Kərimdə Allah-Təala bizə
buyurur: "Ey iman gətirənlər! Hamınız bir yerdə
sülhə gəlin! Şeytanın yolu ilə
getməyin, çünki o sizin aşkar düşməninizdir".
Müharibələr bəzən hegemon dövlətlər
tərəfindən süni olaraq yaradılır və davam
etdirilir. Hər hansı belə ölkənin müharibəyə
bir ayda xərclədiyi məbləğlə bütün
dünyada aclıq probleminə son qoymaq olar.
İslamdakı məşhur "Əssəlamu-əl-leyküm"
kəlamı tərcümədə "Qoy evinizdə
sülh olsun" deməkdir.
İslam sülh dinidir. Sülh İslamın
cövhərindədir. Bu gün sülhə
çağırış Əbu-Dabidən - mötəbər
tədbirimizdən səslənirdi. Dünyamızın
çağdaş durumunda iqtisadi, siyasi, mənəvi sahələrdə
yaşanan çoxsaylı problemlər fonunda sülhün təmini
olduqca mühümdür. Əminəm ki,
inşallah, müsəlman ümməti böyük
sınaqların öhdəsindən layiqincə gələcək,
məmləkətlərimizdə və ümumən İslam
dünyasında sülh və istiqlal bərqərar
olacaqdır.
İslam cəmiyyətlərində sülhə, birliyə
və həmrəyliyə nail olmaq yollarından biri də cəmiyyət
daxilində birliyin bərqərar olmasıdır. Sülhün təmini,
birlik və həmrəyliyimizin qorunub saxlanması və
möhkəmlənməsində biz - din xadimləri, alim və
mütəfəkkirlərin də üzərinə
böyük vəzifələr düşür. Bu da bir həqiqətdir ki, belə bir ümumi vəhdət
və həmrəyliyə, multikulturalizmin bərqərarına,
son nəticədə, sülh və əmin-amanlığa
möhtərəm dövlət rəhbərlərimizin dəstəyi
olmadan çatmaq çox çətindir.
Körfəz sularında yaxta ilə
səfərimiz unudulmaz xatirələrlə başa
çatdı... Bu anları əbədiləşdirən
şəkillər çəkdirdik. Müsəlman
dünyasını elə rəmzləri var ki, musiqidə, nəğmədə,
azan sədasında təcəssüm olunur. Qulaq
asdığımız ərəb mahnıları isə bizə
islam dininə etiqad edənlərin əzəmətini,
böyüklüyünü, xeyirxahlığını,
sülhpərvərliyini, dözümlülüyünü,
ürək yanğısını izhar edirdi.
Sanki bu musiqilər, nəğmələr dünyanın
kədərindən, nisgilindən soraq verirdi.
***
Martın 9-u axşam saat 8-də BƏƏ-nin İslam
işləri və vəqflər üzrə Baş Komitəsinin
sədri Hamdan Al-Mazrui bizi evində qəbul etdi. Bizdən
başqa bura konfransda iştirak edən başqa xüsusi
qonaqlar da dəvət olunmuşdu. Onu da qeyd edim ki,
Əbu-Dabidə olduğumuz 2 gün ərzində
Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş
Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx
Abdullah bin Zayed Al Nəhyan, BƏƏ Prezidentinin Şəriət
və Hüquq Məsələləri üzrə
müşaviri Seyyid Əli əl-Haşimi, BƏƏ -nin Vəqflər
və İslami işlər üzrə Baş Komitəsinin sədri
Hamdan Al-Mazrui, İSESCO-nun baş katibi Abduləziz Osman
Altvaicri, Mərakeşin Vəqflər və İslami işlər
naziri Əhməd Tofiq, Küveyt dövlətinin vəqflər
və İslam işləri üzrə nazirinin birinci
müavini Adil Əl-Fəlah, həmçinin bir sıra islam
ölkələrinin müftiləri və alimləri ilə
görüşlər keçirdi.
Məclisdə ilk olaraq Şeyxülislam
Allahşükür Paşazadəyə söz verildi.
Şeyx
qonaqpərvərliyinə görə ev
sahibinə dərin minnətdarlığını bildirdi. Sonra Azərbaycandakı tolerantlıqdan və
Qarabağ problemindən ətraflı söz açdı.
Qeyd etdi ki, Azərbaycanda tolerantlıq sahəsində
anlaşma və birlik hökm sürür ki, bu da
xalqımızın ümummilli lideri Heydər Əliyevin
müdrik və uzaqgörən siyasəti sayəsində
mümkün olmuşdur. Allaha çox şükürlər
olsun ki, dini-mənəvi dəyərlərə diqqət və
qayğı istiqamətində bu siyasət möhtərəm
Prezident İlham Əliyev tərəfindən uğurla davam və
inkişaf etdirilir. Uca və Qadir Allahdan arzu edərdim ki,
belə ənənəni, sülh və əmin-amanlığı
bütün islam cəmiyyətlərində
bərqərar etsin! Amin!
Məclisdə deputat həmkarlarım Hadi Rəcəbli
və Rəbiyyət Aslanova da çıxış etdilər. Rəbiyyət
xanım qeyd etdi ki, "Xalqımız dünyanın ən
sülhsevər xalqı kimi 20 ildən çoxdur ki, Qarabaq
münaqişənin sülh yolu ilə həllini özünə
seçim edib".
...Çıxış edənlərin hər biri tez-tez Bakıda olduqlarından bəhs etdilər. Bakıya rəsmi və işgüzar səfərlərindən, ölkə Prezidenti cənab İlham Əliyevlə və UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərindən, paytaxtımızın gözəlliyindən söz açdılar. Məclis gecə saat 12-dən davam etdi.
***
Martın 10-da şəhər mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşən Əbu-Dabi hava limanına yola düşdük, saat 11-də bu möhtəşəm hava limanından təyyərəmiz göyə şığıdı və Günəşin parlaq ziyası altında Bakıya üz tutdu.
Təyyarədə də söhbət konfransdan, konfrans iştirakçılarının SÜLH barədə etdikləri ağıllı və müdrik çıxışlarından gedirdi.
Şeyx həzrətlərinin söhbətində yenə də ana mövzu Qarabağ idi, qaçqın-köçkün həmvətənlərimizin iztirabı idiE Danışdıqca amansız, təzadlı dünyanın fəlakətləri içində doğma Qarabağımızın faciəsi göz önündə canlanırdı.
Məkr, hiylə, siyasət adı ilə pərdələnmiş müxənnətlik dünyasında öz haqqını tələb edən XALQımızın, YURDumuzun timsalında cəmi müsəlman dünyasında dağıdılan müqəddəs səcdəgahlara, mədəniyyət abidələrinə, güllələnmiş heykəllərin fəryadına, doğma ocaqlarından qaçqın düşən insanlarin taleyinə dünya birliyinin laqeydliyini qınayır və onları məzəmmət edirdik...
...İllüminatordan aşağı baxıram. Səma təmiz, pak, buludsuz.... Səma həyəcansız... Səmaya sakitlik necə də yaraşırdı!
Bəşəriyyətə sülh yaraşan kimi...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, yazıçı-dramaturq
Azərbaycan.-2014.- 1 aprel.- S.3.