Tarixi unutqanlığın ibrət dərsi
"Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir"
Heydər ƏLİYEV
Unutqanlıq böyük dərddir, əslində, faciədir. İnsanlar bəzən bugünü ilə yaşayır, yaxın keçmişin acı xatirələrini, faciələrini yaddaşlardan silməklə sanki özlərinə təsəlli verməyə çalışırlar. Bütövlükdə hansısa bir xalqın, millətin, cəmiyyətin unutqanlıq mərəzinə tutulmasının fəsadları isə daha ağır olur. Bu bəzən tarixin təkərinin geriyə fırlanmasına, müəyyən faciələrin, vəhşətlərin təkrarlanmasına şərait yaradır. Nəticə isə heç vaxt yaxşı olmur.
Belə bir deyim var - keçmişini unudanları gələcək topa tutar! Tarix unutqanlığı, biganəliyi bağışlamır. Mahiyyətindən, başvermə səbəblərindən asılı olmayaraq, zamanın hər bir səhifəsi xatırlanır, bəzən də yaddaşlara həkk olunur. Elə hadisələr də var ki, onların daim xatırlanması, unudulmaması bütövlükdə xalq və dövlət üçün taleyüklü məsələyə çevrilir. Keçmişin qanlı-qadalı, faciəli olayları bütöv bir toplumun, xalqın səhvlərdən düzgün nəticə çıxarması, nəhayət, özünü tanıyaraq mübarizə ovqatında köklənməsi baxımından zəruri olur.
Nə yazıqlar ki, Azərbaycan xalqı da bəzən tarixi unutqanlığın dəhşətli nəticələrini taleyində yaşamalı olub. Zaman-zaman məkrli qonşularımız ermənilərin türklərə və azərbaycanlılara qarşı ərazi ilhaqı, terror və soyqırımı siyasətini unutmağımız bizlərə baha başa gəlib. Bundan istifadə edən bədnam qonşularımız "böyük Ermənistan" yaratmaq xülyası ilə təcavüzkarlıq siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləyiblər. Bu zaman onlar müəyyən xarici qüvvələrin maraqlarının ifadəsinə çevrilib, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışıblar.
Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
Soyqırımına dolğun hüquqi-siyasi qiymət
Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, deportasiyalara, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu qanlı olaylar əsl hüquqi-siyasi qiymətini isə ölkəmiz dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".
Ermənilər Qarabağa XIX əsrdə köçürülüb
Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə qeyd olunduğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni praktik işbirliyinin nəticəsi olmuşdur. İmperiya bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu ərazilərdə erməni dövləti qurmağı məqsəd güdmüşlər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, "Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu, bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur".
Tarixi faktlar sübut edir ki, hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini gördukdə, "erməni kartını" işə salmış, azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etmişdir. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman vermişdir. 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdir: "Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır".
Bu, Azərbaycan torpaqlarının işğalının başlanğıcı olmuşdur. 1813-cü ilin "Gülüstan" və 1828-ci ilin "Türkmənçay" müqavilələri isə Azərbaycanın ikiyə bölünməsi, Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirmişdir. "Türkmənçay" müqaviləsindən dərhal sonra - 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti" təşkil edilmişdir. Bu bədnam fərmanla tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli qoyulmuşdur. Həmin vaxtın rəsmi statistikasına görə, "Erməni vilayəti"nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna paralel olaraq "Türkmənçay" müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürülmüşdür. Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda (1829, 1878) da özünü göstərmiş, Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrdə məskunlaşdırılmışdır. Bu proses eyni zamanda minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunmuşdur.
XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmış, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "böyük Ermənistan" dövləti qurmaq xülyasına düşmüş ermənilər "Qnçaq" (1887-ci ildə Cenevrədə qurulub), "Daşnaksütyun" (1890, Tiflis), "Erməni vətənpərvərləri ittifaqı" (1895, Nyu York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətdə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramlarında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək niyyəti əsas yer tuturdu.
Mart soyqırımı - insanlığa qarşı qəddar cinayət
1905-1907-ci illərdəki Rusiya inqilabı zamanı qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törədərək 75 azərbaycanlı kəndini talan etdilər. Həmin inqilabdan sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə aparılır. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyirdi. 1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq, 570 min nəfər təşkil edirdi. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırılma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılar idi. 1914-cü ildə başlanan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin "böyük Ermənistan" iddiası üçün əlverişli şərait yaratdı.
1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura kütləvi şəkildə ermənilər köçüb gəlmişdi. Rusiya imperiyasının ordusuna arxalanan erməni millətçiləri əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca Qarabağda və yurdumuzun digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar.
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəriatindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı amansız hərəkətlər etməyə başladılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi yerlərə qaçmağa məcbur olmuşdular.
Qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Tarixi mənbələr göstərir ki, Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə "Türkiyə Ermənistanı" yaratmaq səlahiyyəti verilmişdi. I Dünya müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi.
Erməni-daşnak ideoloqu Stepan Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi".
1918-ci il martın 30-da səhər tezdən erməni bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı, üç gün ərzində Bakıda minlərlə insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə"nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirilmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Nazirliyi nəzdində xüsusı qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətı tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasropu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovetlərin təbliğat maşınının köməyi ilə qondarma "soyqırımı" kampaniyasına geniş vüsət vermişlər.
Deportasiya
siyasəti etnik separatizmin əyani nümunəsidir
1920-ci ildən sonra Zaqafqaziyanın sovetləşməsindən
çirkin məqsədlər üçün istifadə edən
ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycan
torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi
elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin
qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi
olan Dağlıq Qarabağ "muxtar vilayət" elan
olunmuşdur.
Ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdiyi qətliam
və etnik təmizləmə sovet dövründə də
davam etmiş, sadəcə, həmin proses "qanun" çərçivəsinə
salınmışdır. Bu xüsusda Stalin
dövrünün deportasiyasını, 1948-1953-cü illərdə
100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi
yurdlarından köçürülməsini ayrıca qeyd etmək
lazımdır. SSRİ Nazirlər Sovetinin "Ermənistan
SSR-də yaşayan azərbaycanlıların Azərbaycan
SSR-nin Kür-Araz ovalığına köçürülməsi
haqqında" 1947-ci il dekabrın 23-də
verilən qərarını ermənilər çoxdan
gözləyirdilər. Anastas Mikoyan başda
olmaqla, ermənilərin Moskvada əyləşən liderləri
"türksüz Ermənistan" uğrunda fəaliyyətə
hələ İkinci Dünya müharibəsindən xeyli əvvəl
başlamışdılar. Əsas "səbəb"
kimi o göstərilirdi ki, xaricdə yaşayan on minlərlə
erməni mütəxəssisi Ermənistana qayıdaraq
"sovet dövlətinin inkişafı və tərəqqisi
naminə çalışmaq əzmindədir, lakin onların
yerləşdirilməsi ilə bağlı problemlər
var". "Optimal"
çıxış yolu isə guya Ermənistan SSR-də
qeyri-ermənilərin yaşadığı torpaqların
boşaldılması idi. Azərbaycan
SSR-in o vaxtkı rəhbərliyi bir müddət bu fəaliyyətin
önünü ala bilsə də, yekun nəticə müsbət
məcraya yönəlməmişdi. Stalin
bu ideyanı dəstəkləmiş və SSRİ hökumətinin
ədalətsiz "tarixi" qərarına imza
atılmışdı. Azərbaycanlıların
yaşadığı 476 kənd tamamilə
boşaldılmışdı. Nəhayət, 1987-1989-cu il deportasiyası Ermənistanda azərbaycanlılara
qarşı etnik təmizləməni başa
çatdırmışdı.
Terror
siyasəti davam etdirilir
Ermənistanın 1987-1988-ci illərdən başlayaraq
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı tutduğu mövqe və atdığı hər
bir addım beynəlxalq hüquqla qadağan olunmuş zor tətbiq
etməyə, digər dövlətin ərazisini ilhaq etməyə
əsaslanır. 1988-ci ildən ortaya atılan qondarma
Dağlıq Qarabağ münaqişəsinin əsasında
da məhz bu ərazinin müəyyən bəhanələrlə
Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilməsi
məqsədi dayanır. 1988-ci ilin 20 fevralında ermənilərin
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistan SSR-in tərkibinə daxil edilməsı
haqqında qeyri-konstitusion qərar verməsi, eləcə də
SSRİ rəhbərliyinin bu vilayəti Xüsusi İdarəetmə
Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən
çıxarmağa çalışması ölkəmizin
zorən hərbi münaqişəyə cəlb edilməsinə
hesablanmış hərəkət idi.
Ermənistanın həmin dövrdən dövlət səviyyəsində
dəstəklədiyi terror aktlarının başlıca hədəfi
də təcavüzkar separatçılıq vasitəsilə
Azərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Ermənistanın
soyqırımı və terror siyasəti nəinki Qafqaz
bölgəsində sabitliyi pozur, eləcə də Azərbaycanla
yanaşı, Türkiyə, ABŞ, Gürcüstan və s.
dövlətlərin milli maraqlarını təhdid edir. XX əsrdə Azərbaycan ərazilərinin
ilhaqı məqsədi ilə terrorizmi və separatizmi
özünə başlıca vasitə kimi seçən və
dövlət səviyyəsində dəstəkləyən
ermənilər 1988-ci ildən bəri Azərbaycanda izləri
Ermənistana və Qarabağ separatçılarına gedib
çıxan 373 terror aktı törətmişlər. Nəticədə 1600-ə yaxın insan həlak
olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak
olanların böyük əksəriyyətini qadın,
uşaq və qocalar təşkil edir.
1988-ci ildən
etibarən bu mənfur siyasətin hansı faciələrlə
nəticələndiyi bir sıra dövlətlər və
beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa
da, hərbi qarşıdurma zonasından yüz kilometrlərlə
aralıda yerləşən yaşayış məntəqələrində
erməni separatçıları tərəfindən törədilən
və minlərlə dinc insanın - müsəlmanın,
türkün məhvi ilə nəticələnən
çoxsaylı terror aktlarına yanaşmada "ikili
standartlar"ın mövcudluğu ciddi
narahatçılıq doğurur.
"Məşhur" terrorçu, Qərbi Avropada
"ASALA-nın inqilabi hərəkatı" adlı
qruplaşmasının rəhbəri, 1981-ci ildə Türkiyənin
Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs
olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından
buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini
davam etdirmək üçün Dağlıq Qarabağa
göndərilmiş və Xocavənd döyüşlərində
məhv edilmişdir.
1992-ci
ilin 26 fevralında ermənilər Azərbaycanın Xocalı
şəhərinin əhalisinə misli görünməyən
divan tutmuş, tarixə Xocalı soyqırımı kimi həkk
olunan bu qanlı faciə minlərlə azərbaycanlının
məhv edilməsi, əsir alınması, şəhərin
yerlə yeksan olunması ilə yekunlaşmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə xüsusi qəddarlıqla törədilmiş
Xocalı soyqırımı iki yüz ilə yaxın müddətdə
erməni şovinist-millətçilərinin azərbaycanlılara
qarşı iki əsrdən artıq həyata keçirdiyi
etnik təmizləmə və soyqırımı siyasətinin
davamı, qanlı səhifəsidir. Xocalı
faciəsi Ermənistanın Dağlıq Qarabağı
işğal etmək məqsədi ilə apardığı
işğalçılıq müharibəsinin gedişində
dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş
soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir.
Erməni
təcavüzkarlarının Azərbaycan xalqına
qarşı törətdikləri növbəti genosid -
Xocalı soyqırımı 613 nəfərin, o cümlədən
106 qadının, 63 azyaşlı uşağın, 70
qocanın həyatına son qoymuş, 487 nəfər şikəst
olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150
nəfər itkin düşmüşdür. Bu
soyqırımı aktı nəticəsində bəzi ailələr
bütünlüklə məhv edilmiş, mülki əhali
görünməmiş qəddarlıqla qətlə
yetirilmiş, əsir götürülənlərə
amansız işgəncə verilmişdir. Həmin
əməllərin qabaqcadan düşünülmüş
qaydada, milli əlamətinə görə insanların tamamilə
və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi
faciənin məhz soyqırımı olduğunu sübut edir.
BMT
Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində
qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu
tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti
insanlar tərəfindən yaradılan maddi və mənəvi
dayaqlardan məhrum olunmasına gətirib çıxarır. Belə bədnam əməllər BMT-nin məqsəd
və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin
9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi
ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə
minən "Genosid cinayətinin qarşısının
alınması və cəzalandırılması
haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası
təsbit olunmuşdur. Konvensiyaya qoşulan
dövlətlər sülh və yaxud müharibə
dövründə törədilməsindən asılı
olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan
cinayət olduğunu təsdiq edərək, onun
qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər
görməyi öhdələrinə götürmüşlər.
Ermənistanın Azərbaycana qarşı təcavüzü
zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini
təşkil edən bütün əməllər tətbiq
olunmuşdur. Bu işğalçı
ölkənin yürütdüyü terrorçuluq siyasəti
uzun illərdir ki, dünya ictimaiyyətinin gözü
qarşısında baş verir.
Azərbaycan
həqiqətləri dünyada tanınır
Dünyada
gedən qloballaşma prosesi si
vilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan
beynəlxalq hüququn əsas norma və prinsiplərinə
etinasızlıq göstərməklə özünü həm
ifşa edir, həm də strateji layihələrdən kənarda
saxlayır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin Cənubi
Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini
tapmaması bütövlükdə Xəzər hövzəsi
regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa
potensial təhdid kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini
işğal altında saxlayan bu təcavüzkar dövlətin
ən müxtəlif səviyyələrdə ifşası,
erməni lobbisinin türk dünyasına qarşı
apardığı bədnam təbliğata qarşı səmərəli
əks-hücumun təşkili prosesində bütün
türkdilli dövlətlərin iştirakı olduqca vacibdir.
Azərbaycan
və Türkiyənin xaricdəki diplomatik nümayəndəlikləri,
diaspor təşkilatları bu və digər mühüm
faktlardan maksimum səmərəli yararlanmalı, Ermənistanın
ifşası istiqamətində fəal iş
aparmalıdırlar. Dövlət başçısı
İlham Əliyevin bəyan etdiyi kimi, regionda milli düşmənçilik
və ədavət yaradan Ermənistanın separatçı hərəkətlərinin,
erməni diasporu və lobbisi tərəfindən irəli
sürülən cəfəng iddiaların, tarixi
saxtakarlıqların qarşısının alınması
iki müttəfiq dövlətin diaspor və lobbi təşkilatlarının
üzərinə düşən ən vacib vəzifələrdən
biridir. "Vətəndaşlarımız,
soydaşlarımız unutmamalıdır ki, erməni millətçilərinin
antiazərbaycan təbliğatı getdikcə genişlənir,
mənfur formalarda davam etdirilir. Ermənilər
ərazi iddialarını əsaslandırmaq üçün
yeni-yeni əsassız tezislər uydurur, məkrli siyasət
aparır. Buna görə də biz belə
ideoloji təxribatlara qarşı ayıq olmalı, onları
vaxtında ifşa etməliyik" - deyə dövlət
başçısı vurğulayır.
Üstəlik, beynəlxalq hüquq normaları, o
cümlədən bir sıra mötəbər təşkilatların
münaqişə ilə bağlı prinsipial mövqeyi Ermənistanın
cəfəng iddialarının həm hüquqi, həm də
siyasi baxımdan əsassızlığını tamamilə
sübuta yetirir. Bu sənədlərdə silahlı əməliyyatlara
və düşmənçilik hərəkətlərinə
son qoyulması, erməni silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən dərhal, tamamilə
və qeyd-şərtsiz çıxarılması tələb
edilmişdir. Son illər rəsmi
Bakının diplomatik fəallığının güclənməsi
ölkə həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması sahəsində ardıcıl və
sistemli fəaliyyətin həyata keçirilməsi ilə
müşayiət olunur. Nəticədə Ermənistanın
beynəlxalq hüquq norma və prinsiplərinə
əməl etməyən təcavüzkar dövlət
olması faktı indi bir çox dünya dövlətləri
tərəfindən tanınır. Azərbaycan gerçəkliklərinin
beynəlxalq
ictimaiyyətə çatdırılması istiqamətində
görülən işlər İrəvanın diplomatik
mövqelərinin zəifləməsi ilə nəticələnir.
Dövlət
başçısı İlham Əliyev Türkdilli dövlətlərin
10-cu dostluq, qardaşlıq və əməkdaşlıq
qurultayındakı çıxışında "Ən
yaxşı müdafiə hücumdur" taktikasından
çıxış etməklə türk dünyasına
qarşı aşkar düşmənçilik siyasəti
aparan bədnam ermənilərin yerində oturdulması
vacibliyini önə çəkmişdir. "Bəzi
hallarda bizim haqqımızda süni şəkildə mənfi
rəy formalaşdırılır və bunun arxasında
Türkiyə və Azərbaycana qarşı düşmənçilik
mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır.
Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil,
böyük maliyyə dəstəyinə malik olan və bəzi
riyakar siyasətçilər tərəfindən dəstəklənən
erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik,
darmadağın etməliyik, ancaq müdafiə naminə yox.
Biz hücüm etməliyik, çünki həqiqət
bizim tərəfimizdədir".
31 mart və Xocalı soyqırımlarını
dünya ictimaiyyətinə çatdırmaq üçün
indiyədək görülmüş işlər daha da
genişləndirilməli, bu sahədə virtual məkanın
- internetin hüdudsuz imkanlarından geniş istifadə
olunmalıdır. Etiraf etməliyik ki, bədnam
qonşularımız qondarma erməni soyqırımı
iddialarını genişləndirmək üçün bu
vasitəni əsas tuturlar. Müxtəlif
veb-saytlarda Azərbaycanın və Qarabağın tarixi saxtalaşdırılır,
Xocalı soyqırımı zamanı vəhşicəsinə
qətlə yetirilmiş azərbaycanlılar həyasızcasına
erməni kimi təqdim edilir. Sumqayıt
hadisələri ilə bağlı həqiqətə
uyğun olmayan, yalan iddialar irəli sürülür.
Son illər, xüsusən də Heydər Əliyev
Fondunun bu məsələdə həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
yönümündəki fəaliyyəti ermənilərin
apardığı məkrli təbliğatın
qarşısını alır. Bu istiqamətdə
sistemli və ardıcıl fəaliyyət göstərən
Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə
qarşı təcavüzünün acı nəticələrinin
dünya birliyinə çatdırılması
üçün müxtəlif səviyyəli tədbirlər
təşkil edir. Dağlıq Qarabağ
münaqişəsində xalqımızın üzləşdiyi
faciələri əks etdirən filmlərin, fotosənədlərin,
kitabların və digər kütləvi nəşrlərin
yayılması bu baxımdan mühüm əhəmiyyətə
malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan,
fransız, alman, ərəb, ingilis və rus dillərində
hazırlanmış "Qarabağ həqiqətləri"
bukletlər toplusu və onların CD, DVD variantlarının
bir sıra ölkələrdə paylanması işğala məruz
qalmış ölkəmizin üzləşdiyi fəlakətləri
əks etdirən ən böyük təbliğat işlərindən
biri olmuşdur. Toplunun 20 min nüsxəsi Xocalı
soyqırımının 20-ci ildönümündə xarici
ölkələrdəki səfirliklərimizə, Avropa
Şurası Parlament Assambleyasının deputat korpusuna, beynəlxalq
təşkilatlara, dünyanın müxtəlif ölkələrində
yaşayan həmvətənlərimizə göndərilmişdir.
Heydər
Əliyev Fondunun dəstəyi ilə nəşr edilən
"Qarabağın tarixi haqqında məlumat",
"Qarabağ münaqişəsinin başlanması",
"Xocalı soyqırımı", "Azərbaycana
qarşı erməni təcavüzünün nəticələri",
"Erməni terror təşkilatlarının Azərbaycana
qarşı fəaliyyəti" kitabçalarının
elektron variantları 2012-ci ildə Xocalı
soyqırımının 20-ci ildönümündə təşkilatın
təşəbbüsü ilə Avropanın 15 dövlətində
keçirilən anma mərasimlərində xarici ölkələrin
diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi
informasiya vasitələrinə, tanınmış ictimai-siyasi
xadimlərə paylanmışdır. Zəngin
faktlara və foto-sənədlərə istinadla aparılan bu
təbliğat kampaniyası yüz minlərlə avropalıya
Qarabağ həqiqətləri, Xocalı soyqırımı,
Ermənistanın ölkəmizə qarşı həyata
keçirdiyi təcavüzkar işğalçılıq
siyasəti haqqında əsl həqiqətləri
çatdırmışdır.
Hesab
edirik ki, bu istiqamətdə mühüm addımlardan biri də
azərbaycanlıların tarixən kütləvi şəkildə
soyqırımına məruz qaldığı bölgələrdə
memorial komplekslərin və muzeylərin yaradılması ola bilər. Eyni zamanda müxtəlif
illərdə ermənilərin soyqırımı siyasətinin
qurbanı olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi
üçün abidələrin ucaldılması məqsədəuyğun
olar. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham
Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində
Soyqırımı Memorial Kompleksinin yaradılması
haqqında" sərəncamı bu istiqamətdə
atılan mühüm addımlardan biri olmuşdur. Sərəncamla Quba şəhərində kompleksin
yaradılması Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması baxımından
mühüm əhəmiyyət kəsb etmişdir.
Lakin çox təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş mart və Xocalı soyqırımlarına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Halbuki, ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquq normalarına əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar tətbiq etməlidirlər.
Nə yaxşı ki, son illərdə bir çox dünya dövlətləri Xocalı həqiqətlərini qəbul etməyə başlamışlar. Məsələn, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir.
Bu onu göstərir ki, azərbaycanlıların soyqırımının dünyada tanıdılması 1-2 ilin işi deyildir. Bu istiqamətdə hələ uzun illər ərzində fəal iş aparmaq lazımdır. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin hücumçu diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi beynəlxalq ictimaiyyətə qəbul etdirə biləcəyik. Sadəcə, hər kəs bu sahədə üzərinə düşən vəzifəni də unutmamalıdır.
Nurlana
ƏLİYEVA,
YAP Qadınlar
Şurasının sədri,
filologiya elmləri doktoru, professor
Azərbaycan.-2014.- 1 aprel.- S.4.