Dövlət proqramlarının icrası bölgələrimizi geridə

 qalan əyalətlərdən inkişaf edən regionlara çevirib

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikanın inzibati amirlik yolu ilə idarə edilən və SSRİ-nin digər regionları ilə sıx kooperasiya şəraitində fəaliyyət göstərən iqtisadiyyatı dağıldı. Sonrakı illərdə daxili siyasi çəkişmələr, baş alıb gedən xaos olan potensialdan da düzgün istifadə etməyə imkan vermədi. Bir sözlə, iqtisadiyyat tam çökdü və ölkədə iqtisadi böhrandan qaynaqlanan inflyasiya pik həddə çatdı. Əhalinin həyat səviyyəsi də qısa zaman kəsiyində son dərəcə pisləşdi. Odur ki, xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkə iqtisadiyyatını dirçəltmək üçün ilk növbədə onun aparıcı sahəsi olan neft sənayesini inkişaf etdirməyi qarşıya məqsəd qoydu.

Ümummilli liderin həyata keçirdiyi yeni neft strategiyasına "Əsrin müqaviləsi"nin imzalanması ilə start verildi. Bu müqavilə imzalandıqdan sonra ölkəyə milyardlarla dollar xarici sərmayə gəlməyə başladı. Həmin investisiya elə ilk andan xüsusən Bakıda minlərlə azərbaycanlının işlə təmin olunmasına imkan yaratdı. "Əsrin müqaviləsi"nin icrası isə milyon tonlarla neft hasilatına səbəb oldu. Bunun nəticəsində ölkəmiz böyük miqdarda maliyyə vəsaiti əldə etmək imkanı qazandı. Beləliklə, Bakı qısa zamanda dünyanın sənaye və biznes mərkəzinə çevrildi. Amma paytaxtın belə sürətli inkişafı fonunda bölgələrin iqtisadisosial cəhətdən xeyli geri qalması daha aydın görünməyə başladı. Bu proses həmçinin regionlardan ölkənin paytaxtına əhalinin kütləvi axını ilə də müşayiət olundu.

Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşündə ölkə rəhbəri seçiləcəyi halda bu uyğunsuzluğu aradan qaldıracağını bildirdi. Prezident seçildikdən sonra vədinə sadiq qalaraq 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbulu ilə bağlı sərəncam imzaladı. Birinci proqramın icrası bölgələrin sosial-iqtisadi inkişafının dəyişməsinə təkan verdi. Bu sahədə görülən işlər nəticəsində regionlarda neçə-neçə sənaye, emal, turizm, aqrarsosial obyektlər tikilib istifadəyə verildi, yeni yerləri açıldı. Həmçinin regionların yol, elektrik enerjisi, təbii qaz, su, kanalizasiya kimi mühüm infrastrukturunun yenidən qurulmasına başlandı.

Birinci proqramdan fərqli olaraq ikinci Dövlət Proqramı daha dərin elmi araşdırmalardan sonra qəbul edildi. İkinci proqramda hər bir bölgənin potensialı, xammalı və işçi qüvvəsi, nəqliyyat-infrastruktur imkanları nəzərə alındı. Hər bir layihənin icra müddəti dəqiq müəyyən edildi və həyata keçirilməsinə ciddi nəzarət olundu. Belə düzgün elmi yanaşma müsbət nəticəsini verdi. İkinci proqramın icrası bölgələrin inkişafında yeni mərhələ oldu. Regionlarda aqrar sektorla yanaşı, sənaye obyektləri tikilərək məhsul istehsalına başlandı. Proqrama uyğun olaraq, kənd təsərrüfatının inkişafına böyük təkan verən emal sənayesi yaradıldı. Nəticədə fermerlər istehsal etdikləri məhsulları yerlərdə satmaq imkanı qazandılar. Eyni zamanda emal müəssisələri fermerlərə satacaqları məhsul üçün toxum və maliyyə cəhətdən də yardım göstərməyə başladılar. Belə düzgün münasibət hər iki tərəf üçün sərfəli olmaqla yanaşı, məhsul istehsalının artımına da təkan verdi.

Məlumdur ki, hər bir iqtisadi proqramın icrası ilk növbədə külli miqdarda maliyyə vəsaiti tələb edir. Bunsuz heç bir iqtisadi layihənin həyata keçirilməsi mümkün deyil. Bu baxımdan faktlara nəzər salaq: qəbul edilən regional inkişaf  proqramlarının icrasına 50,7 milyard manat vəsait yönəldilib. Birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait xərclənib. Hər iki proqrama qoyulan sərmayələrin nəticəsi də çox yüksəkdir. Son 10 il ərzində bölgələrdə 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektləri və müəssisələrin tikintisi aparılıb və ya təməli qoyulub.

Bölgələrə ayrılan vəsait sayəsində son 10 ildə 500-dən çox sənaye müəssisəsi tikilərək istifadəyə verilib. Proqramların icrası çərçivəsində güzşətli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, 80 müəssisə istifadəyə verilib.  Həmin müəssisələr bölgələrin inkişaf göstəricisi olmaqla yanaşı, ölkədə ümumi məhsul istehsalının artımına da xeyli təsir göstərib. Məsələn, quş əti istehsalı 97 min tona çatıb ki, bunun da nəticəsində ölkə üzrə quş əti idxalı 73 faiz azalıb. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrasından sonra bölgələrdə məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Onu da qeyd edək ki, bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən yüksək olub. Təsadüfi deyil ki, regionlarda vergi ödənişləri 4,2 dəfə çoxalıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına ödənilir, yəni həmin şəhər və rayonlar mərkəzi büdcədən subsidiya almırlar.

Regionlarda sahibkarlığı inkişaf etdirmək qəbul edilən Dövlət proqramlarının əsas istiqamətlərindən biridir. Bu məqsədlə son 10 ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan kreditlərin 78, bu hesaba açılan yeni yerlərinin 81 faizi regionların payına düşüb. Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 milyon ton olan 7 ət istehsalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində ölkədə ət və süd istehsalı artaraq daxili tələbatın ödənilməsinə böyük töhfə verib. Həmçinin bölgələrdə fəaliyyət göstərən çoxsaylı bağçılıq təsərrüfatları, meyvə-tərəvəz emalı müəssisələri yerli tələbatı ödəməklə bərabər, xaricə də məhsul ixrac edir.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında sosial layihələrin icrası da mühüm yer tutub. Proqramların yerinə yetirilməsi nəticəsində bölgələrdə 2708 məktəb, 38-i mərkəzi xəstəxana olmaqla 500-dən çox səhiyyə ocağı, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilibya əsaslı təmir olunub.

Qarşıda isə daha böyük layihələrin həyata keçirilməsi durur. Görülən işlər, qazanılan təcrübə göstərir ki, ölkəmiz onları uğurla icra edəcək. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda demişdir: "Bir sözlə, demək istəyirəm ki, son 10 il ərzində qarşıda duran vəzifələrin hamısı icra edilib. İki Dövlət Proqramı artıqlaması ilə icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm ki, qəbul ediləcək növbəti - üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcəkdir".

 

Rüstəm KAMAL,

Azərbaycan.-2014.- 1 aprel.- S.5.