Yeni fərman ölkədə
sahibkarlıq
mühitinin daha da təkmilləşməsinə xidmət edir
İnzibati-amirlik və planlı iqtisadi sistem dağıldıqdan sonra yeni iqtisadi sistemin qurulması, onun bazar prinsiplərinə uyğunlaşdırılması vacib idi. Bunun üçün ilk növbədə iqtisadi və hüquqi islahatlar həyata keçirilməli idi. 1994-cü ilin sentyabrında Heydər Əliyevin təşəbbüsü ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda beynəlxalq konfransın keçirilməsi də bu məqsədə xidmət edirdi. Tədbirdə Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri geniş müzakirə olundu. Bildirildi ki, bu sahədə Qərb dövlətlərinin zəngin təcrübəsindən istifadə edilməlidir.
Azərbaycanda 1993-1995 və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı icra olunmuşdur. Bu iki sənədin sahibkarlığın inkişafında xüsusi rolu danılmazdır. Belə ki, həmin proqramlarda sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet sahələrindən biri olduğu bəyan edilmiş və bu istiqamətdə mühüm addımlar atılmışdır. Həmin sənədlərin əhəmiyyətli cəhətlərindən biri də ölkədə sahibkarlıq üzrə qanunvericilik bazasının yaradılması idi. Bundan əlavə, dövlət proqramlarının icrası çərçivəsində sahibkarlığın inkişafında mühüm əhəmiyyəti olan nəzarət sisteminin təkmilləşdirilməsinə start verilmiş və 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalanmışdır. Beləliklə, müxtəlif dövlət qurumlarının sahibkarların işinə yersiz müdaxilələrinə son qoyulmuşdur.
Məlumdur ki, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı hər bir ölkənin dinamik inkişafında mühüm rol oynayan amillərdən biridir. Bu nəzərə alınaraq 1997-ci il iyunun 24-də "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" qəbul edilmişdir. Qəbul edilən sənəd ölkədə kiçik və orta sahibkarlığın inkişafına mühüm töhfə verdi. Bundan sonra sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiqi barədə "Əmək vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunları qəbul olundu. Ardınca "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi tutulması haqqında" qanunlar qüvvəyə mindi. Adıçəkilən qanunların qəbulu sahibkarlığın inkişafına sözün əsl mənasında böyük təkan verdi. Müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sistemə keçməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35 faizdən 24 faizə endirilməsi, ƏDV-nin dərəcəsinin 28 faizdən 18 faizədək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, sosial sığorta ayırmalarının 40 faizdən 22 faizədək aşağı salınması, eləcə də vergilərin ümumi sayının 15-dən 19-dək azaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi sahibkarlığın inkişafına geniş imkanlar yaratdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri sahibkarlığın fəaliyyətini tənzimləyən qanun və qərarlar daha da liberallaşdırıldı, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salındı, ixrac rüsumları ləğv edildi, idxal rüsumlarına 15 faizli maksimal hədd müəyyənləşdirildi. Bununla yanaşı, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20, fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirildi, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edildi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanıldı, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağlarının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi mexanizmi həyata keçirildi. Eyni zamanda, aqrar sektorda çalışan sahibkarlara "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satış zamanı dəyərin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40 manat yardımın verilməsi, I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi təmin edildi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği aşağı salındı.
Bu müddət ərzində sahibkarlığın inkişafına dövlət tərəfindən böyük maliyyə dəstəyi də verilib. Təkcə bu fakta nəzər salaq: son 10 il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşdirilməsinə 45 faizi qaytarılmış vəsait olmaqla 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Verilən kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşmüşdür.
Regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrasına həsr
olunmuş konfransda Prezident İlham Əliyev
sahibkarlığın inkişafının zəruriliyindən
söz açaraq demişdir: "Biz son 10 il ərzində eyni zamanda
sahibkarlığın inkişafına çox
böyük diqqət göstərmişik.
Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə
qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən
konkret proqramlar icra olunmuşdur, maliyyə
resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına 1 milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər
verilmişdir. Sahibkarlığın inkişafı üçün
xüsusi tövsiyə
planları da tərtib edilmişdir.
Ölkə iqtisadiyyatında
ən çox lazım olan sahələri inkişaf etdirmək üçün
artıq Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə kreditlər ayrılır... Mən sahibkarlarla mütəmadi
qaydada görüşürəm.
Son 10 il ərzində bölgələrdə
1200-dən çox obyektin
açılışında şəxsən iştirak
etmişəm. Sahibkarlara öz
dəstəyimi həmişə
göstərmişəm, göstərəcəyəm.
Bu dəstək həm siyasi, eyni zamanda maddi
dəstəkdir. Yəni dövlət
tərəfindən güzəştli
şərtlərlə ayrılan
kreditlər sahibkarlığın
inkişafına böyük
təkan vermişdir və verir".
Ölkə Prezidenti İlham Əliyev "Sahibkarlığın
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında"
yeni fərman imzalamışdır. Ölkədə sahibkarlıq fəaliyyətinin
dövlət tənzimlənməsinin
təkmilləşdirilməsi və əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması
bu sənədin əsas istiqamətləridir.
Fərmanda Nazirlər
Kabinetinə aidiyyəti
dövlət və hökumət qurumları ilə birlikdə hüquqi şəxslərin
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan fiziki şəxslərin (fərdi
sahibkarların) "bir
pəncərə" prinsipinə
uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin
azaldılması üçün
qanunvericiliyə dəyişikliklər
edilməsi barədə
təkliflərini hazırlayaraq
dövlət başçısına
təqdim etmələri
tapşırılıb. Bundan başqa,
tikintiyə icazələrin
verilməsi sahəsində
mövcud prosedur və müddətlərin
azaldılması üçün
qanunvericiliyə dəyişikliklər
edilməsi, eləcə
də kreditlərin verilməsi prosesinə təsir edən təsisatlarn fəaliyyətinin
təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması fərmanda
öz əksini tapmışdır. Bir sözlə,
fərmandakı 9 bəndin
hər birində hökumət qarşısında
qoyulan tələblər
sahibkarlara fəaliyyət
göstərmələrində daha əlverişli və münbit şəraitin yaradılmasına
xidmət edir və bu sənəd,
şübhəsiz, ölkədə
sahibkarlığın gələcəkdə
də dinamik inkişafının təmin
olunmasında mühüm
rol oynayacaq.
Rüstəm
KAMAL,
Azərbaycan.-2014.- 1 aprel.- S.6.