Sahibkarlığın inkişafına dövlətin növbəti dəstəyi

 

Sahibkarlığın inkişafına dövlətin gündəlik diqqət və qayğısı sayəsində ölkə üzrə özəl sektorda məhsul istehsalı ilbəil artır. Bu, xüsusən bölgələrdə sahibkarlara yaradılan münbit şəraitin nəticəsində mümkün olur. Konkret misal: son illər təkcə Şəmkir rayonu üzrə  ümumi məhsul buraxılışı 2,3,  kənd təsərrüfatı istehsalı 1,3 dəfə artıb. Sahibkarların sayı 4 dəfə çoxalıb. Onlara 15,2 milyon manat güzəştli kreditlər verilib. Belə faktları Azərbaycanın bütün rayon və şəhərlərində müşahidə etmək mümkündür.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il martın 3-də "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalamışdır. Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla 2 ay müddətində Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə,  Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və Prezidentin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Fərmanda digər əsas məsələ tikintilərə icazə verilməsi sahəsində mövcud prosedur və müddətlərin, eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılmasıdır. Bundan əlavə, sözügedən fərmanda aidiyyatı nazirlik, komitə, agentlik və səhmdar cəmiyyətlərə tapşırılmışdır ki, birlikdə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulu, həmçinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahələrində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə, eləcə də kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, kooperativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı, habelə idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin  azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi və "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etsinlər.

Göründüyü kimi, sahibkarlığın inkişafı daim dövlətin diqqət mərkəzindədir və Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı sözügedən sahədə bundan sonra da ciddi irəliləyişlərə səbəb olacaq. Ümumiyyətlə, dövlətin sahibkarlara olan qayğısı ilk növbədə sistemli tədbirlərin nəticəsidir. Bu sahədə həyata keçirilən islahatlar onu sübut edir ki, sahibkarlın zəmanətçisi elə dövlətin özüdür.

İqtisadçı mütəxəssislərin fikrincə, hər bir ölkənin yüksək inkişafında azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın əsas göstəricisidir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda ölkədəki sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi dəyərli tədbirlər mühüm əhəmiyyətə malikdir.

Ümumiyyətlə, sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Müasir dövrün tələblərinə uyğun aparılan islahatlar,  müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər və  özəl sektorun inkişafına dövlət dəstəyi nəticəsində ölkəmizdə sahibkarların sayı ildən-ilə  artır, onların iştirakı ilə ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılır, iqtisadiyyata investisiya qoyuluşu genişlənir. Azərbaycanın adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq  səmərəli fəaliyyət göstərirlər.

Təsadüfi deyil ki, dövlət başçısı sahibkarların qayğılarına diqqətlə yanaşır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də Azərbaycana yerlixarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı tədbirlərin miqyası daha da genişlənir. Sahibkarlıq hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması sahəsində də qətiyyətli addımlar atılır.

Aydındır ki, sahibkarlığın inkişafı orta təbəqənin, orta gəlirlərə malik cəmiyyətin güclənməsinə təkan verən amillərdən hesab olunur. Bu baxımdan son illər  kiçikorta sahibkarlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsində, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində adamlarının rolunun gücləndirilməsi orta təbəqə sektoruna böyük töhfə verir. Məhz bu səbəbdən sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün görülən zəruri tədbirlər son illər həyata keçirilən islahatların əsas istiqamətlərini təşkil edir.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 1 aprel.- S.6.