Bakıda “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfrans öz işinə başlamışdır

 

 

Aprelin 1-də “ADA” Universitetində “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfrans öz işinə başlamışdır.

Bu ali təhsil ocağının Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi konfransın açılışında “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, universitetin tədris işləri üzrə prorektoru, doktor Patrik Kvin və digər rəsmi şəxslər çıxış etmişlər.

Çıxışlarda müasir dövrdə kitabxanaların əhəmiyyətindən, onların cəmiyyətin tələbatına uyğun olaraq müasir formatda fəaliyyət göstərmələrindən geniş söhbət açılmışdır.

Diqqətə çatdırılmışdır ki, artıq 8 ildir fəaliyyət göstərən bugünkü “ADA” Universitetinin yaradılmasına elə kitabxanadan başlanmışdır. Hazırda bu ali təhsil ocağında kitabxana xüsusi yer tutur. Burada dünya kitabxanalarının ən müasir təcrübəsi tətbiq edilir.

Həmçinin Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin formalaşdırıldığı, bu sahədə görülən işlərin uğurlu nəticələri və tədbirlərin bundan sonra da davam ediləcəyi qeyd olunmuşdur.

Natiqlər “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfransın sessiyalarında müzakirə ediləcək mövzuların müvafiq istiqamətdə inkişafa və birgə əməkdaşlığa öz töhfəsini verəcəklərini vurğulamışlar.

Beş sessiyadan ibarət konfrans müasir kitabxanalarda informasiya xidməti, kitabxanalarda tədris və tədqiqat işlərinin düzgün istiqamətləndirilməsi, rəqəmsal elmlər, kitabxanaların rəqəmsallaşdırılması və digər mövzuları əhatə edir.

Beynəlxalq konfransda Böyük Britaniyanın Aberisvits Universitetinin kitabxana xidmətinin rəhbəri Culiya Hart, Qazaxıstanın Nazarbayev adına Universiteti kitabxanasının meneceri Cim Agee, Tbilisi Dövlət Universitetinin rektoru İrakli Qaribaşvili və Azərbaycan ali məktəblərinin və digər kitabxanaların nümayəndələri iştirak edirlər.

 

Azərbaycan $g 2014.- 2 aprel.- S.5.