Ümumrusiya Azərbaycanlılar Konqresi RF Dövlət

 Dumasına və Baş Prokurorluğuna məktub göndərmişdir

 

Ümumrusiya Azərbaycanlılar  Konqresi adından tarixçi və hüquqşünasların iştirakı ilə iki məktub hazırlanmışdır. Məktublardan biri  Rusiya Dövlət Dumasının sədrinə, digəri Baş Prokurorluğa ünvanlanmışdır.

Dövlət Dumasına ünvanlanan məktubda Azərbaycanın tarixini deputatlara xatırlatmaq, Rusiya Liberal Demokrat  Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin  sözlərinə  Dumanın Deputat etikası məsələləri komissiyasında baxılması və bununla əlaqədar olaraq ona sərt cəza verilməsi tələbi yer almışdır.

ÜAK-nın icraçı direktoru  İlqar Hacıyev  AzərTAc-a müsahibəsində demişdir: "İkinci məktubda RF qanunvericiliyinin pozulmasından danışılır. Biz RLDP  liderinin çıxışını  hüquqşünaslarla birlikdə diqqətlə öyrəndik və Baş Prokurorluğa  məktub hazırladıq. Məktubda Rusiya Federasiyası qanunlarının  pozulması  faktı  sübuta yetirilir".

Onun sözlərinə görə, konqresin  rəyasət heyəti  regional bölmələrin  sədrləri ilə müşavirə keçirmişdir. İ.Hacıyev demişdir: "Qeyd etmək istərdim ki,  Ümumrusiya Azərbaycanlılar Konqresi  RF-nin 80-dən çox  regionunda təmsil olunmuşdur.  Bizim regional  bölmələrimiz də  etiraz məktubu hazırlamışlar və  onu həm  yerli hakimiyyət orqanlarına, həm də  RLDP-nin  regional  bölmələrinə göndərəcəklər".

İ.Hacıyev demişdir: "Məqsədimiz budur ki,  ədalətsiz hücumlara  böhtana məruz qalan Azərbaycan  xalqının səsi  eşidilsin, günahkar Vladimir  Jirinovski isə  qanun çərçivəsində  məsuliyyətə cəlb olunsun".

Xatırladaq ki,  RLDP  lideri Vladimir Jirinovski  bu günlərdə RF Dövlət Dumasının iclasında çıxış edərkən  azərbaycanlılar barədə xoşagəlməz fikirlər səsləndirmişdir.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 Moskva

Azərbaycan.-2014.- 2 aprel.- S.1.