İsa Mustafa oğlu Hüseynov
Azərbaycan mədəniyyətinə ağır
itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü, xalq
yazıçısı İsa
Mustafa oğlu Hüseynov
(İsa Muğanna)
2014-cü il aprelin 1-də ömrünün
86-cı ilində vəfat
etmişdir.
İsa Hüseynov 1928-ci il
iyun ayının 12-də
Qazax rayonunun Muğanlı kəndində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o,
1946–1950-ci illərdə Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsində
ali təhsil
almış, 1950–1952-ci illərdə
isə Moskvada Maksim Qorki adına
Ədəbiyyat İnstitutunda
oxumuşdur.
Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat
şöbəsində redaktor
kimi başlayan İsa Hüseynov
1954–1964-cü illərdə “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında
nəsr şöbəsinin
müdiri, 1964–1979-cu illərdə
Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında
redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü olmuşdur. O,
1979-cu ildən Azərbaycan
Kinematoqrafiya Komitəsində
baş redaktor vəzifəsində çalışmışdır.
İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar
Birliyinin Ağsaqqallar
Şurasının üzvü
seçilmişdir.
Müasir Azərbaycan ədəbiyyatının
parlaq simalarından olan İsa Muğanna
öz yaradıcılığı
ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. Nəsrimizin əsaslı şəkildə
yeni mərhələyə
qədəm qoymasının
fəal iştirakçısı
olaraq onun ötən altmış ildən artıq müddət ərzindəki
fəaliyyəti ölkəmizdə
ədəbi mühitin
inkişafına sanballı
töhfə olmuşdur.
Aydın
mövqeli yazıçı
Azərbaycan xalqının
yüzillərdən bəri
təşəkkül tapmış
mədəni-mənəvi dəyərlərinin
qorunması naminə həyatı boyu yorulmadan yazıb yaratmışdır.
Tariximizin qədim dövrlərdən
bəri ən müxtəlif mərhələlərində
baş verənləri
və böyük şəxsiyyətləri hər
zaman diqqət mərkəzində saxlayan
İsa Muğanna milli özünüdərkə
çağıran çoxsaylı
əsərləri sırasına
bir-birinin ardınca yeni dəyərli nümunələr əlavə
edərək ömrünün
son günlərinə qədər
ədəbi prosesi istiqamətləndirməyə müvəffəq
olmuşdur. Ədibin yaxın-uzaq keçmişimizin
mənzərəsini hadisələrə
özünəməxsus yanaşma
və fərqli düşüncə tərzi
sayəsində daha dolğun canlandıran silsilə roman və povestləri ədəbiyyatımızın
məzmunca yeniləşməsində
müstəsna əhəmiyyətə
malikdir. Mühüm sosial
həqiqətlərdən söz
açaraq, dərin vətəndaşlıq ruhu
ilə səciyyələnən
bu əsərlərdə
ustad yazıçı
ana dilinin potensial poetik imkanlarından yüksək
dərəcədə bəhrələnmək
məharəti nümayiş
etdirmişdir.
İsa Muğanna,
eyni zamanda, Azərbaycan kinematoqrafiyasının
qızıl fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari müəllifi kimi tanınırdı. Onun əsərləri
əsasında çəkilən
və xalqımızın
yetirdiyi tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən
indi də rəğbətlə qarşılanır.
Tarixi gerçəkliklərin obrazlı
təcəssümünə çevrilmiş həmin lentlər milli kino xəzinəsində özünəməxsus yer
tutur. Yazıçı, həmçinin xarici dillərə tərcümə olunaraq müəllifinə şöhrət
qazandıran əsərləri
ilə nəsrimizi ölkəmizin hüdudlarından
kənarda layiqincə
təmsil etmişdir.
İsa Muğannanın
Azərbaycan mədəniyyətinin
inkişafında səmərəli
xidmətləri və
çoxillik zəngin
bədii yaradıcılığı
yüksək qiymətləndirilmişdir. O, fəxri
ad və ordenlərə
layiq görülmüş,
Azərbaycan Respublikasının
ali dövlət
mükafatı “İstiqlal”
ordeni ilə təltif edilmişdir.
Görkəmli nasir və ssenarist,
səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi
onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham
Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Kamal Abdullayev
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Anar Rzayev
İsa Həbibbəyli
Fikrət Qoca
Çingiz Abdullayev
Söhrab Tahir
Nəriman Həsənzadə
Vaqif Səmədoğlu
Mövlud Süleymanlı
Zəlimxan Yaqub
Şəfiqə Məmmədova
Eldar Quliyev
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2014-cü il aprelin 2-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında (Füzuli meydanı, 1) qoyulacaqdır.
Dəfn mərasimi Fəxri xiyabanda
keçiriləcəkdir.
Azərbaycan.-2014.- 2 aprel.- S.3.