Əsas hədəf
insan amilidir
Regionların
sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının icrasına həsr olunan konfransda Prezident
İlham Əliyevin nitqində 2003-2013-cü illərdə
dövlətin daxili siyasətinin mühüm istiqamətləri
geniş təhlil olunmuş, qarşıdakı beş il ərzində həyata keçirilməsi
nəzərdə tutulan əsas vəzifələr müəyyən
edilmişdir. Vurğulanmışdır ki, ötən 10 il ölkəmizin sosial-iqtisadi inkişafında
mühüm mərhələ olmuş, əsl intibah
dövrü kimi tarixə çevrilmişdir. Paytaxt
Bakı ilə yanaşı yaxın-uzaq bölgələr də
simasını dəyişmiş, yeni və gözəl
görkəm almışdır. Cəbhə
bölgələrinə xüsusi qayğı ötən
dövr ərzində dövlət
başçısının fəaliyyətində
başlıca istiqaməti müəyyən etmişdir.
Tərtər rayonu dövlətin davamlı və əhatəli
qayğısından yaradıcılıqla bəhrələnən
cəbhə bölgəsidir. Dövlətin
ayırdığı vəsaiti zəruri sahələrə
bacarıqla yönəldən, abadlıq, quruculuq işlərini
yüksək zövqlə reallaşdıran, mütərəqqi
texnologiyaların tətbiqi hesabına kənd təsərrüfatı
məhsulları istehsalında yüksək artıma nail olan,
ölkənin ərzaq təhlükəsizliyinə sanballı
töhfə verilməsini təmin edən rayon rəhbərliyi
başlıca diqqəti əhalinin həyat şəraitini hər
vasitə ilə yaxşılaşdırmağa yönəltmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər
rayonda sosial infrastrukturun əhəmiyyətli dərəcədə
yaxşılaşmasna öz müsbət təsirini göstərir,
əhali tərəfindən razılıqla
qarşılanır. Tərtər Rayon
İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov
bizimlə söhbətində rayonda insan amilinə önəm
verildiyini xüsusi vurğuladı. Rayonda sağlam mənəvi-psixoloji
mühitin formalaşması üçün həyata keçirilən
tədbirlərdən danışdı: "Göz
qarşısında olan reallıqdır ki, son illər Tərtər
rayonunda tikinti, abadlıq, quruculuq sahəsində böyük
nailiyyətlər qazanılıb. Ən
böyük uğur isə məmur-vətəndaş
qütbləri arasında yaranan səmimiyyətdir,
qarşılıqlı inam və etimadın
formalaşmasıdır. Təbii ki, bu
inamı sözlə qazanmaq mümkün deyil. Bu, əməldən, gündəlik canlı fəaliyyətdən
qaynaqlanmalıdır. İclaslarda, tədbirlərdə
tribunadan deyilən söz real həyatda öz təsdiqini
tapmırsa, vətəndaşın nəzərində
dövlət məmurunun saxta və yalançı obrazı
formalaşır". Həmsöhbətim regionların
sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının icrasına həsr olunmuş konfransda
Prezident İlham Əliyevin yekun nitqindən sitat gətirdi:
"Hər bir dövlət məmuru öz məsuliyyətini
dərk etməlidir. Hər bir dövlət məmuru təmiz
işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar,
işgüzar və vətənpərvər olmalıdır,
rüşvət almamalıdır, özünü xalqdan
üstün tutmamalıdır, işlədiyi bölgələrdə,
sahələrdə hörmət qazanmalıdır və vətənə
sadiq, sədaqətli olmalıdır... Dövlət
məmuru xalqın xidmətçisidir. Xalqın
birinci xidmətçisi mənəm və bütün
dövlət məmurları belə işləməlidirlər".
Prezidentin hər bir dövlət məmuruna ünvanlanan
bu konkret və birmənalı tapşırığı,
kifayət qədər ciddi tələbi cəmiyyətin
bütün təbəqələri tərəfindən
razılıqla qarşılanmaqdadır. Həmsöhbətimizin
günün bu aktual məsələsi ilə bağlı
fikirləri maraqlıdır:
- İcra hakimiyyəti başçısı şərəfli
olduğu qədər də məsuliyyətli vəzifədir. Hansısa
konkret bir ərazidə dövlət siyasətinin həyata
keçirilməsinə rəhbərlik etməyin məsuliyyəti
kifayət qədər ağırdır. Xalqa
xidmət etmək, əhalini narahat edən problemləri aradan
qaldırmaq üçün təyin edilmiş bir məmurun
başqa yol tutmağa, adamlara yuxarıdan aşağı
baxmağa qətiyyən haqqı yoxdur. Sənin icra
hakimiyyətinin başçısı təyinatına imza edən
ali səlahiyyət sahibi "Xalqın
birinci xidmətçisi mənəm" deyirsə, bu cəmiyyətdə
dövlət məmuru olaraq öz yerini müəyyən etmək
heç də çətin deyildir. Sadəcə,
məqsədin, niyyətin aydın olmalıdır. Tərtər cəbhə bölgəsidir. Bu baxımdan dövlətin, Prezident İlham
Əliyevin xüsusi qayğı və diqqətini daim öz
üzərimizdə hiss edirik. Elektrik
enerjisi, təbii qaz, içməli su ilə təminatda əhalini
illərdən bəri narahat edən problemlər müvəffəqiyyətlə
aradan qaldırılır. Yol
infrastrukturunun müasir tələblər səviyyəsində
yenidən qurulması rayon əhalisi tərəfindən minnətdarlıqla
qarşılanır. Torpaq istifadəçilərinə
dövlət dəstəyinin artırılması kənd
adamlarını əkin-biçin işlərinə daha
möhkəm tellərlə bağlayır, yaxşı yaşamaq istəyən hər
kəsi yaxşı da işləməyə, məhsul
bolluğu yaratmağa ruhlandırır. Dövlət
başçısının tapşırıq və
tövsiyələri, hər bir məmura örnək olası
fəaliyyəti hər kəs üçün canlı
nümunədir. Bu nümunə gündəlik
işimizin, fəaliyyətimizin başlıca istiqamətini
müəyyən edir.
Tərtər rayonunun sosial-iqtisadi inkişafında
mühüm mərhələ olmuş 2013-cü ildə vətəndaşların
müraciətlərinə, ərizə və şikayətlərinə
vaxtında və qayğıyla baxılmasına, haqlı tələblərinin
operativ qaydada həll edilməsinə diqqət
artırılmışdır. İl ərzində
icra hakimiyyətinə müxtəlif dövlət
orqanlarından və hökumət qurumlarından,
ayrı-ayrı vətəndaşlardan bütövlükdə
1371 müraciət qəbul olunmuşdur. Onlardan
1205-i müsbət, 38-i qismən həll edilmişdir. 11-i nəzarətə götürülmüş,
26-sına müvafiq izahat verilmiş, 34-ü əsassız
sayılmış, 36-sı aidiyyəti üzrə göndərilmişdir.
11-i isə icradadır. İl ərzində
rayon icra hakimiyyəti başçısı aparatında 3200
nəfər, o cümlədən rayon icra hakimiyyəti
başçısı tərəfindən 2850 nəfər vətəndaş
qəbul edilmişdir. İcra hakimiyyəti
başçısının hər həftə yerlərdə
keçirilən səyyar qəbulları, görüşləri
pozulmaz xarakter almışdır.
Rayonda yaradılmış 5 təşviqat qrupu hər həftə
keçirdiyi görüşlərdə əhalinin məlumatlandırılmasını
təmin edir.
Əhalinin bütün təbəqələrini
əhatə edən bu görüşlərdə Prezident
İlham Əliyevin fəaliyyəti, nitqlərindən irəli
gələn vəzifələr, sosial-iqtisadi inkişaf sahəsində
qazanılan uğurlar, həyata keçirilən möhtəşəm
infrastuktur layihələri haqqında məlumatlar sadə və
anlaşıqlı şəkildə əhaliyə
çatdırılır. Keçən il
qrup tərəfindən 600 görüş keçirilmişdir.
2013-cü il ərzində rayonda
aparılan ideoloji işin əsasını Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev irsinin
öyrənilməsi təşkil etmişdir. Ulu
öndərin siyasi irsinin öyrənilməsində, gənclərdə
müasir dünyagörüşünün
formalaşmasında, yeni nəslin hərbi-vətənpərvərlik
ruhunda tərbiyəsində, onların bilik və
bacarıqlarının artırılmasında Heydər
Əliyev Mərkəzi mühüm rol oynayır. Mərkəzdə ingilis dili, kompyuter kursu, rəssamlıq
dərnəyi və elektron kitabxana fəaliyyət göstərir.
Mərkəzə rayon ictimaiyyətinin, məktəblilərin
vaxtaşırı ekskursiyaları təşkil olunur.
Dövlət başçısının
tapşırıq və tövsiyələrinə uyğun
olaraq rayon əhalisinin həyat şəraitini hər vasitə
ilə yaxşılaşdırmaq, onları narahat edən
sosial problemləri aradan qaldırmaq üçün zəruri
tədbirlər görülür. Mövcud imkanlardan
bacarıqla istifadə edilərək rayonda sağlam mənəvi-psixoloji
mühit yaradılmışdır. Adamlar
sözün həqiqi mənasında bu isti münasibətdən,
yetərincə bəhrələndikləri qayğı və
diqqətdən ruhlanır, daha səmərəli, daha məhsuldar
işləyirlər. Keçən il rayonda ümumi məhsul
istehsalının həcmi 109,4 milyon manat
olmuşdur. Ümumi məhsul istehsalının
həcmi əvvəlki 10 illə müqayisədə 4 dəfə
artmışdır. "Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqında" dövlət
başçısının sərəncamının
icrasına uyğun olaraq keçən il
torpaq istifadəçilərinə bütövlükdə
1,363 min manat subsidiya verilmişdir. Dövlət
qayğısının məntiqi nəticəsidir ki, tərtərlilər
keçən il 54,386 ton taxıl istehsal
etmişlər.
Rayonda sahibkarlığın inkişafı
üçün münbit şərait
yaradılmışdır. Dövlətin
qayğısı özəl sektorun dinamik
inkişafını təmin edir. Ötən il 46 layihə
üzrə iş adamlarına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
557,5 min manat güzəştli kredit verilmişdir.
Bu gün Tərtər ana yurdun hər
qarışını canından artıq sevən
övladlarının qüdrətli əlləriylə cənnətə
dönüb.
Hər addımda rastlaşdığın
gözəllik, yaraşıq könüllərdə xoş
duyğular oyadır. İnsanlara
rahatlıq gətirən əsas cəhət isə odur ki, tərtərlilər
sıradan geri qalmamaq üçün
çalışmırlar. Onların qurub-yaratmaq
həvəsində bir könül istəyi, ürək odu
var. Bunu daş üstə qoyulan hər daşda, başına
pərvanə kimi dolanılan hər yaşıl tingdə, hər
gül kolunda görmək, duymaq olar.
"Əl işdən soyumur, ürək arzudan". İndi tərtərlilər
sabaha daha böyük ümidlərlə baxırlar.
Növbəti 5 ili əhatə edən
regionların sosial-iqtisadi inkişafına dair III Dövlət
Proqramından da görünür ki, Tərtər rayonu
üçün də möhtəşəm tədbirlər
nəzərdə tutulacaq. Elə bu il
olimpiya idman kompleksi, məcburi köçkünlər
üçün qəsəbə, Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün yeni
yaşayış binaları tikiləcək, şəhərin
su-kanalizasiya sistemi inşa olunacaqdır. Suya olan
tələbatı daha da yaxşılaşdırmaq
üçün 26 subartezian quyusu qazılacaqdır. Bütün işlərin fövqündə isə
insan amili dayanır. Dövlət lazım
olan hər şeyi edir ki, onun vətəndaşı daha
yaxşı yaşasın, firavan həyat sürsün.
Lazım
QULİYEV,
Azərbaycan.-2014.- 2 aprel.- S.4.