Davamlı regional
inkişafı təmin edən mükəmməl iqtisadi
strategiya
Sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə
uğurla transformasiya edən Azərbaycanın
bütövlükdə regionda ən nüfuzlu dövlətlərdən
birinə çevrilməsi ilk növbədə elmi əsaslar
üzərində irəli sürülmüş milli iqtisadi
inkişaf modelinə əsaslanır. Beynəlxalq təşkilatlar
tərəfindən ciddi maraqla qarşılanaraq geniş elmi
müzakirələrə səbəb olan bu model özünəməxsus
cəhətləri ilə əlverişli coğrafi və
geoiqtisadi məkanda yerləşən respublikamızı yeni
iqtisadi fenomenə çevirmiş, davamlı və sabit
inkişaf yoluna çıxarmışdır.
Ümummilli lider Heydər Əliyevin hələ ötən
əsrin 70-80-ci illərində böyük uzaqgörənliklə
həyata keçirdiyi iqtisadi siyasət əsrin sonlarına
doğru respublikamızın müstəqilliyinin bərpasında
mühüm rol oynamışdır. Odur ki, ümummilli
lider müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf
modelinin banisi kimi də böyük ehtiramla xatırlanır.
1993-cü ilin iyununda - respublikamızda dərin
iqtisadi-siyasi və mənəvi böhranın hökm
sürdüyü bir zamanda xalqın təkidli istəyi ilə
ölkə rəhbərliyinə qayıtmış Heydər
Əliyev özünün dərin zəkası, yüksək
idarəçilik keyfiyyətləri, quruculuq və
xilaskarlıq missiyası ilə ümummilli liderlik zirvəsinə
yüksəlmişdir. Ulu öndər
qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin
etməklə ölkə iqtisadiyyatındakı tənəzzül
prosesinin qarşısını almaq üçün bir
sıra zəruri tədbirlər həyata keçirmişdir.
Ümummilli lider demokratik həyat tərzinin diktə
etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə
sadiq qalaraq Azərbaycanın özünəməxsus
sosial-iqtisadi inkişaf modelini irəli sürərək onu əsaslandırmışdır. Bu zaman ulu
öndər respublikanın coğrafi-siyasi mövqeyini, təbii
ehtiyatlarını, intellektual və insan resurslarını
ciddiliklə nəzərə almışdır.
Ümumiyyətlə,
ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
iqtisadi inkişaf konsepsiyasının özəyini
üç mərhələdə həyata keçirilməsi
nəzərdə tutulan islahatlar təşkil etmişdir:
birinci mərhələdə güclü dövlət tənzimlənməsi
ilə böhrandan çıxmaq; ikinci mərhələdə
iqtisadiyyatın sabitliyini təmin etmək;
üçüncü mərhələdə iqtisadi dirçəlişə
nail olmaq. Hər bir mərhələyə
uyğun həyata keçirilən iqtisadi islahatlar sayəsində
1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin
edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət
meyillər özünü göstərməyə
başlamışdır. 1996-cı ildə ümumi daxili
məhsulun artım sürəti 1,3 faiz,
1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə orta hesabla 10
faiz təşkil etmişdir.
Ümummilli lider yaxşı bilirdi ki, dövlət
mülkiyyətinin xalqın mənafeyinə uyğun formada
özəlləşdirilməsi sərbəst bazar rəqabəti
prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar
olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə
inteqrasiyası, eləcə də insanların şüurunda,
həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə
həyata keçirilən özəlləşdirmə
prosesinin məqsədi də məhz hər bir vətəndaşın
iqtisadi islahatlarda şəxsi marağını təmin etmək,
əhalinin həyat səviyyəsini
yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan
istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə
edən özəlləşdirmə prosesi müstəqil
respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə
formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin
yüksəlməsinə ciddi zəmin yaratmışdır.
Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə
yeni mərhələsində məhz özəl sektoru
sosial-iqtisadi inkişafın başlıca təminatçısı
kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin
formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin
güclənməsinə çalışmışdır. 1997-2002-ci illərdə
respublikada sahibkarlığın inkişafı
üçün zəruri maliyyə təminatı
yaradılmış, süni maneələrin aradan
qaldırılması üçün mükəmməl
qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin
bu növü ilə məşğul olanların hərtərəfli
stimullaşdırılması məsələsi diqqət mərkəzində
saxlanılmışdır.
Həmin
mərhələdə hökumətin diqqət yetirdiyi əsas
məsələlərdən biri neft gəlirlərindən
düzgün istifadə etmək, "Holland sindromu"na imkan verməməkdən ibarət
olmuşdur. "Neft təkcə indiki deyil, həm də gələcək
nəsillərə məxsusdur" deyən ulu öndər
iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini
daim vurğulamaqla yanaşı, istehsal
sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini
dayandırmış bir sıra iri müəssisələrin
işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun
inkişafına böyük əhəmiyyət vermişdir.
Ulu öndər Heydər Əliyevin ölkənin gələcək
müqəddəratı ilə bağlı qarşıya
qoyduğu təxirəsalınmaz vəzifələrdən
biri də regionların tarazlı və davamlı
inkişafı idi. Dayanıqlı inkişaf baxımından
regionların imkanlarından maksimum səmərəli istifadə
edilməsi bu baxımdan əsas hədəf kimi qarşıda
dururdu. Regionların sosial-iqtisadi
inkişafının səviyyəsi və səmərəliyi,
habelə onlar arasında zəruri tarazlığın
yaradılması məsələlərinin həlli o zaman nisbətən
mürəkkəb və çətin idi. Belə ki,
sovet hakimiyyəti illərində məhsuldar qüvvələrin
regionlarda inkişafında xeyli müsbət irəliləyiş
baş versə də, bu proses qənaətbəxş səviyyəyə
çatdırılmamışdı. Müstəqil
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı
prosesinin ardıcıl mərhələlər üzrə həyata
keçirilməsi tələb olunurdu. Bu mənada,
demək olar ki, regionların sosial-iqtisadi inkişafına
hazırlıq mərhələsi ötən əsrin
90-cı illərinin ikinci yarısından 2003-cü ilə qədərki
dövrü əhatə edir.
Bu dövrdə bazar münasibətlərinin geniş
vüsət alması, liberallaşma və çoxcəhətli
iqtisadi islahatların aparılması, xüsusən özəlləşdirmə
proqramlarının uğurla həyata keçirilməsi,
pul-kredit və maliyyə sisteminin yenidən qurulması, milli
sahibkarlar sinfinin formalaşması regionların
inkişafına əlverişli zəmin yaratmışdır. Həmin
dövrdə onlarca sənaye və istehsal sahəsi bərpa
edilmiş, yeniləri yaradılmışdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi
sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq
üçün regional inkişafda tarazlığın, tarixi
məşğulluq ənənələrinin qorunub
saxlanılması vacib şərtlərdəndir. Son 10 ildə
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə
də regionların sosial-iqtisadi inkişafının təmin
edilməsi məsələsi əsas hədəflərdən
biri olmuşdur. 2003-cü ilin oktyabr
ayından ölkəyə rəhbərlik edən Prezident
İlham Əliyev Azərbaycan iqtisadiyyatının sabit tempini
qorumaq üçün regional inkişafa xüsusi diqqət
yetirmiş, respublikanın bütün potensialını bu
yöndə səfərbərliyə almışdır.
İqtisadiyyatın bütün sahələrində
proporsional inkişaf ciddi investisiya tələb edən məsələ
olduğundan dövlətin yalnız son illərdəki maliyyə
imkanları bu sahədə qlobal layihələrə
başlamaq, problemlərin həllinə kompleks yanaşmaq
imkanı vermişdir. Neft strategiyasının konkret nəticələrə
yol açması iqtisadi inkişaf sahəsində maliyyə
çatışmazlığı səbəbindən uzun illərdən
bəri yığılıb qalmış bir çox problemlərin
məhz hazırkı mərhələdə həlli məsələsini
aktuallaşdırmış, dövlət
investisiyalarının həcmcə artımını təmin
etmiş, regionların tarazlı və davamlı inkişaf tədbirlərinin
reallaşdırılmasına yaxşı imkanlar
açmışdır. Təsadufi deyil
ki, 2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafında
əsaslı dönüş mərhələsi kimi qiymətləndirilir.
Dövlət
başçısı İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafına dair (2004-2008-ci illər) Dövlət
Proqramı" aktuallığına, əhəmiyyətinə
və miqyasına görə mühüm əhəmiyyət
kəsb etmiş və bu mükəmməl konsepsiyanın icra
vəziyyəti ilə bağlı hər il hökumətin
xüsusi müşavirələri keçirilmişdir. Dövlət proqramı çərçivəsində
görülən tədbirlər regionlarda
sahibkarlığın inkişafını sürətləndirmiş,
oradakı əmək ehtiyatlarından, təbii iqtisadi
resurslardan kifayət qədər səmərəli istifadəyə
imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı
inkişafına, infrastrukturun müasirləşdirilməsinə,
əhalinin məşğulluğunun artırılmasına,
yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin
yaratmışdır. Dövlət
proqramı regionların tarazlı inkişafına yönəlməklə
yanaşı, həm də yerlərdə enerji infrastrukturunun,
nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə
elmi-texniki tərəqqi, mədəni yüksəliş,
müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin
həllini özündə ehtiva etmişdir.
Bu
müddətdə regionların da inkişafında
mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
inşası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat
dəhlizlərinin yaradılması kimi mühüm layihələr
başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir
yolunun inşasına başlanmış, Azərbaycan regionun
mühüm iqtisadi güc mərkəzinə
çevrilmişdir. Dövlət İnvestisiya
Şirkətinin, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin
yaradılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin
təkmilləşdirilməsi də özəl sektorun,
qeyri-neft sektorunun inkişafında keyfiyyətcə yeni mərhələ
açmışdır. Nəticədə
özəl sektorun ümumi daxili məhsul istehsalındakı
xüsusi çəkisi 2003-cü ildəki 73 faizdən 83 faizə
yüksəlmişdir.
2003-cü
il oktyabrın 1-dən 2009-cu il yanvarın 1-dək respublikada
766,3 min yeni iş yeri
açılmışdır və bunun da 73,4 faizi
regionların payına düşmüşdür. Sevindirici haldır ki, 2008-ci ildə ölkə
iqtisadiyyatında çalışanların orta illik
sayının 50 faizdən çoxu regionlarda cəmləşmişdir.
Yerli və əcnəbi iş adamları üçün
yaradılmış münbit biznes mühiti nəticəsində
sənayedə, kənd təsərrüfatında, nəqliyyatda,
tikintidə, ayrı-ayrı xidmət sahələrində
ciddi dönüş yaranmış, regionlarda istehsal edilən
məhsulun ixracına başlanılmışdır. Regionlar bu dövrdə Azərbaycanın ərzaq təhlükəsizliyinin
qorunmasında da aparıcı mövqeyə malik olmaqla istehsal
edilən kənd təsərrüfatı məhsullarının
77 faizini vermişlər.
Regionların məqsədyönlü hərtərəfli
sosial-iqtisadi inkişafının üçüncü mərhələsi
2008-ci ildən sonrakı dövrü əhatə edir. Regional
inkişafa kompleks məsələ kimi yanaşan dövlət
başçısı İlham Əliyev regionların
sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə
tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi
üçün 2009-2013-cü illəri əhatə edən
analoji proqramın hazırlanmasını da diqqət mərkəzində
saxlamışdır. Prezident İlham Əliyevin 14 aprel
2009-cu il tarixli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın əsas məqsədi bu sahədə
həyata keçirilən siyasətin davamı olaraq ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına xidmət
etmişdir.
Hər iki dövlət proqramının icrası
dövründə respublikanın iqtisadi rayonlarına daxil olan
şəhər və rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
240 sərəncam imzalanmışdır. Ümumilikdə ötən
10 ildə regionların sosial-iqtisadi inkişafı sahəsində
həyata keçirilən siyasətin nəticəsi olaraq
ümumi daxili məhsul 3,2, adambaşına ÜDM-in həcmi
2,8, qeyri-neft sektoru 2,6 dəfə artmış, ölkə
üzrə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir.
Son 10 ildə strateji valyuta ehtiyatları 31, xarici ticarət
dövriyyəsi 6,6, ixrac 9,3, idxal 4,1,
qeyri-neft ixracı 4,7 dəfə artmışdır. Bu
müddətdə dövlət büdcəsinin gəlirləri
16, orta aylıq əməkhaqqı 5,5,
pensiyalar 9,6, minimum əməkhaqqının məbləği
11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi
2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə
düşmüşdür.
2003-cü
ildə ölkə iqtisadiyyatına qoyulmuş
investisiyaların ümumi həcminin yalnız 26,8
faizi daxili mənbələrdən maliyyələşirdisə,
2013-cü ildə daxili investisiyaların xüsusi çəkisi
62,5 faizə çatmışdı. 2004-2013-cü illərdə
daxili investisiyalar 14,6, qeyri-neft sektoruna
investisiyalar 12,9 dəfə artmış, regionların
inkişafına bütün mənbələr hesabına 50,7
milyard manat vəsait yönəldilmişdir. Ötən 10 il ərzində
həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində ölkədə 1,2 milyondan çox yeni,
o cümlədən 900 min daimi iş yeri
açılmış, 55,6 min müəssisə
yaradılmışdır. Yeni açılmış iş
yerlərinin 80 faizə yaxınının regionların
payına düşməsi də kifayət qədər
mühüm göstəricidir.
Bu
müddət ərzində innovasiya xarakterli texnologiyaların
tətbiqi, yeni müəssisələrin yaradılması,
onların istehsal potensialının gücləndirilməsi nəticəsində
sənayedə 2,7 dəfə artım qeydə
alınmışdır. Bütün bunlar sənayedə
işgüzar fəallığın artmasına, yeni iş
yerlərinin açılmasına, kiçik
sahibkarlığın inkişafına güclü təkan
vermişdir. Qeyri-neft sektorunun davamlı inkişafının təmini,
əhalinin istehsal sahəsində məşğulluğunun
artırılması baxımından Sumqayıt Texnologiyalar
Parkının, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye
parklarının, Yüksək Texnologiyalar Parkının
yaradılması da mühüm əhəmiyyət kəsb
edir.
Ölkə
rəhbərinin 2014-cü il 27 fevral tarixli
sərəncamı ilə "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın təsdiq
edilməsi regionların inkişafında yeni -
dördüncü mərhələ kimi səciyyələndirilə
bilər. Dövlət proqramı ölkədə makroiqtisadi
sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, yeni müəssisə və iş
yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin
həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsi, əhalinin rifah halının daha da
yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin
azaldılması kimi prioritetləri özündə ehtiva edir.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başlıca məqsədi ölkədə
qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın
diversifikasiyası və regionların inkişafı istiqamətində
tədbirlərin davam etdirilməsidir. Proqramda müəyyənləşdirilmiş
məqsədlərə nail olunması üçün
regionlarda infrastruktur təminatının, o cümlədən
əhalinin kommunal xidmətlərlə təminatının
daha da yaxşılaşdırılması nəzərdə
tutulur. Eyni zamanda, "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasına müvafiq olaraq
ixracyönümlü və rəqabətədavamlı məhsul
istehsalı istiqamətində sahibkarlığın
inkişafının sürətləndirilməsi, əhalinin,
xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin
artırılması, yoxsulluğun səviyyəsinin
azaldılması kimi mühüm vəzifələr nəzərdə
tutulmuşdur.
2014-2018-ci
illərdə orta illik inflyasiya tempinin və milli valyutanın
məzənnəsinin məqbul səviyyədə
saxlanılması; vergi və gömrük dərəcələrinin
optimal həddə müəyyənləşdirilməsi; kənd
təsərrüfatı məhsulları istehsalının
stimullaşdırılması tədbirlərinin davam etdirilməsi;
taxıl istehsalının artırılması və rəqabət
qabiliyyətinin gücləndirilməsi;
istehsalçıların ixracyönümlü fəaliyyətinin
stimullaşdırılması; ümumi daxili məhsulda
qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin
xüsusi çəkisinin yüksəldilməsi və digər
məsələlər diqqət mərkəzində olacaq.
Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında da qeyd olunmuşdur ki, dünya ölkələrində
iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın
rəqabət qabiliyyəti artmış, investisiya reytinqi
yüksəlmişdir. Başqa sözlə, hesabat dövründə
iqtisadiyyatın bütün funksional sahələri üzrə
optimal nəticələr əldə olunmuş, regionların
sosial-iqtisadi inkişafına, biznes mühitinin
liberallaşdırılmasına istiqamətlənmiş
dövlət siyasətinin davam etdirilməsi istər ümumi
daxili məhsulun, istərsə də strateji valyuta
ehtiyatlarının artımına imkan yaratmışdır.
Bu mərhələnin
diqqətçəkən göstəricilərindən biri də
qeyri-neft sektorunun dinamik artım tempinin qorunub
saxlanılmasıdır: Dövlət Neft Fondundan transfertlər
istisna olmaqla, dövlət büdcəsinə daxilolmaların
36,7 faizi neft-qaz sektorunun, 63,3 faizi
qeyri-neft-qaz sektorunun payına düşmüşdür. Büdcə gəlirlərinin formalaşmasında
neft sektorunun payının azalması qeyri-neft sektorunun inkisaf
etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi,
habelə regionların inkişafı sahəsində həyata
keçirilən genişmiqyaslı fəaliyyətin nəticəsidir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında
bununla bağlı demişdir: "Son illər bizim
üçün iqtisadi inkişafı göstərən əsas
göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən
ildə olduğu kimi, bu il də biz bu sahədə
sürətli inkişafa nail ola bilmişik. Keçən il
qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə
8,8 faiz artmışdır. Əlbəttə
ki, bu artım son illərdə Azərbaycanda aparılan
islahatların nəticəsidir".
2014-cü ilin I rübündə regionlarda 100-ə
yaxın sənaye, kənd təsərrüfatı, xidmət
və ticarət müəssisəsi fəaliyyətə
başlamış, 500-dək yeni müəssisənin tikintisi
davam etdirilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilmiş,
həmin kreditlər hesabına 2400-dən çox yeni iş
yeri yaradılmışdır.
Regionların
sosial-iqtisadi inkişafına dair əvvəlki dövlət
proqramlarının icra olunduğu son 10 il ərzində
regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin
sayı 7,2 dəfə, vergi daxilolmaları
12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları
üzrə vergi gəlirlərinin artımı Sumqayıt,
Şirvan, Mingəçevir şəhərlərinə, eləcə
də Abşeron və İmişli rayonlarına öz xərclərini
tamamilə yerli gəlirlər hesabına təmin etməyə
imkan yaratmışdır.
Ölkə
rəhbərinin 2014-cü il 27 fevral tarixli
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da
qazanılmış uğurlu nəticələrin
qarşıdakı 5 ildə qorunub saxlanılması və
inkişaf etdirilməsi, respublikamızın perspektiv
inkişaf hədəflərinin dəqiq müəyyənləşdirilməsi,
ümumi potensialın regional inkişaf tədbirlərinə
yönəldilməsi baxımından əlahiddə əhəmiyyətə
malikdir. Sözsüz ki, bu proqramda nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın
dinamik inkişafını daha da sürətləndirəcək,
regionlara göstərilən diqqət və qayğı hərtərəfli
inkişaf və tərəqqi üçün etibarlı zəminə
çevriləcək.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 27 aprel.- S.4.