Hafiz Paşayev: Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır

 

 

Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır. Təhsil ocağının faydası və işi ümumən kitabxananın səmərəli fəaliyyətindən asılıdır. Buna görə də Mədəniyyət və Turizm Nazirliyi ilə birgə paytaxtımızda belə bir Beynəlxalq elmi konfrans keçirməyə qərar verdik.

AzərTAc xəbər verir ki, bu sözləri “ADA” Universitetində “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda keçirilən birinci Beynəlxalq elmi konfrans zamanı bu ali təhsil müəssisəsinin rektoru, səfir Hafiz Paşayev jurnalistlərə müsahibəsində demişdir.

Hafiz Paşayev bildirmişdir ki, konfransa Amerika, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrdən mütəxəssislər gəlmişlər. Onlar konfransın sessiyalarında öz təcrübələrini bölüşəcəklər. Hesab edirəm ki, bunun gələcək işimizə böyük köməyi olacaqdır.

Konfransda Azərbaycanın kitabxanalarının da təmsil olunduqlarını deyən rektor ölkəmizdə ən müasir kitabxananın “ADA” Universitetində qurulduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, konfrans çərçivəsində müxtəlif kitabxanaların nümayəndələri bizim kitabxana ilə yaxından tanış olacaq, gələcəkdə onun təcrübə və imkanlarından istifadə edə biləcəklər. Həmçinin bizöz növbəmizdə Azərbaycan Milli Kitabxanasının, başqa universitetlərin kitabxanaları ilə birlikdə bu sahənin işini irəliyə apara bilərik.

 

Azərbaycan.-2014.- 2 aprel.- S.5.