Dağlar diyarı bizi
gözləyir
Kəlbəcər Azərbaycanın ayrılmaz bir
parçasıdır, bir hissəsidir. Heç
şübhəsiz o gün gələcək ki, Kəlbəcər
rayonu Ermənistan silahlı qüvvələrinin
işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları,
sakinləri, bizim soydaşlarımız öz yerlərinə,
yurdlarına qayıdacaqlar.
Heydər
ƏLİYEV
İşğal zamanı Kəlbəcərdə əhalinin
sayı 58 min nəfər idi, indi 72 minə çatır. Həyatın təzadına
baxın. Kəlbəcəri görməyən
oğul və qızların kəlbəcərlilər nəsli
yetişir. Bu yerlərdən perikib gələn
məcburi köçkünlər 56 rayonunun 700 yaşayış
məntəqəsində məskunlaşıb. Ölkəmizin hər guşəsindən məcburi
köçkünlərin səsi, sorağı gəlir.
Kəlbəcər bütövlükdə Azərbaycanlaşdı,
Azərbaycanın özü boyda Kəlbəcər dərdi
yarandı, hamının qulağı səsdə,
gözü yolda, qəlbi intizardadır.
Bu
yaxınlarda Gəncənin səfalı guşəsində
1500 nəfər məcburi köçkün ailəsi
üçün tikilmiş yaşayış məntəqəsinin
açılışı zamanı dövlət
başçısı İlham Əliyev qətiyyətlə
dedi ki, tarixi ədalət tam şəkildə bərpa ediləcəkdir,
məcburi köçkünlər hökmən
öz dədə-baba yurdlarına qayıdacaqlar. Yeni salınan qəsəbəyə
baxdıqca Qarabağ müharibəsinin birinci qrup əlili
Telman Məmmədovla çox şeyləri xatırladıq. T.Məmmədov dövlətin tükənməz
qayğısı və köməyi ilə məcburi
köçkünlər üçün yaradılan hər
cür şərait barədə minnətdarlıqla
danışmaqla yanaşı, ötən qanlı-qadalı
günləri, dağlar diyarına
çəkilmiş yaraları, dağları bir daha yada
saldı.
...Kəlbəcər Qarabağın qala qapısı
sayılır.
Bu dağlıq bölgəni Azərbaycanla birləşdirən
yeganə yol Ağdərədən keçir.
Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın
taleyi bir növ bu dağlar diyarından asılı idi. Kəlbəcər böyük əhəmiyyəti
olan strateji məkandır. Coğrafi
mövqeyi çox mürəkkəb idi. İki
azğın erməni yuvasının arasında yerləşirdi.
Ermənistanla 136 kilometr, Dağlıq
Qarabağla 96 kilometr sərhədi var idi. Deməli,
bu yerlərə xüsusi diqqətin verilməsi vacib idi.
Əgər
o zaman Kəlbəcər və Laçın
rayonları qədərincə müdafiə edilsəydi,
Dağlıq Qarabağ problemi öz-özünə həll
olunardı. Təəssüf ki, əhəmiyyət
verən olmadı. Ölkənin o
vaxtkı rəhbərlərinin başı vəzifə,
hakimiyyət davasına qarışmışdı. Hər kəs öz hayında idi. Buna görə də cənnətməkan Kəlbəcər
sahibsiz qaldı.
Qarabağ münaqişəsinin başlandığı ilk
günlərdən Ağdaban kəndinin məğrur əhalisi ətraf kəndləri
qonşu Ağdarə rayonunda yerləşən erməni
silahlılarından müdafiə
edirdi. Lakin 1992-ci ilin əvvəllərində
Ağdaban kəndini Ağdərə və Çapar ilə birləşdirən
yollar minalardan təmizləndi. Çapar kəndinə
döyüş texnikası və canlı qüvvə
daşınmağa başlandı. Kənd camaatı nə
qədər buna qarşı çıxsa da, əhəmiyyət verən
olmadı. O zamankı respublika rəhbərliyi bu həyəcan siqnallarına məhəl
qoymur, kəndin müdafiəsinə heç bir kömək göstərmirdi.
Ağdaban kəndi iki dəfə müxtəlif istiqamətlərdən
mərmi atəşinə tutuldu. 130 evdən ibarət Ağdaban və
Çayqovuşan kəndləri amansızlıqla
yandırıldı. 779 nəfər dinc əhaliyə
divan tutuldu. 32 nəfər mülki və hərbi şəxs
vəhşicəsinə qətlə yetirildi. Qətlə yetirilənlərin 8-i azyaşlı
uşaq, 7-si qadın idi. Kənddən 5 nəfər girov götürüldü,
12 nəfərə ağır bədən xəsarəti
yetirildi. 7 nəfər qoca və qadın diri-diri
yandırıldı. Erməni qəsbkarları
Ağdabana hücum zamanı 8 yaşlı Ülviyyənin atasını gözləri
qarşısında güllələyib özünü kartof
quyusuna atdılar.
Vəhşiləşmiş daşnaklar Saşa
Hüseynovun dərisini soya-soya qətlə yetirdilər. Musa Məmmədovu, Həyat
Həsən qızını, Fatma Hümbətovanı, Fatma
Qaraca qızını, Bakir Qocayevi, Zeynəb Məmməd
qızını və Qulu
Qurbanovu diri-diri basdırdılar. Erməni cəlladları
Qorxmaz Hümbətovun ürəyini çıxartdılar,
Ziyəddin Məmmədovu və İsfəndiyar Lətif
oğlunu tikə-tikə doğradılar, Qəmər İsa
qızının sinəsinə güllələrlə
xaç şəkli çəkdilər. Rayət Qasımovun üzərindən
isə BTR markalı ağır döyüş
maşını keçirməklə onu tanınmaz hala salıb torpağa
qarışdırdılar. Yığcam bir
yaşayış məntəqəsi başdan-başa al qana
boyandı.
Mühasirə halqası günü-gündən
daralırdı. Bakı isə susur, Kəlbəcər
sözün tam mənasında yiyəsiz qalmışdı.
Silah yox, sahib yox, müdafiə edən, yol
göstərən yox. Respublika hökumətinin
köməyindən əli üzülən əhali martın
31-də pay-piyada rayonu tərk etməyə məcbur oldu.
Aprel ayının 2-də dağlar diyarı Kəlbəcər erməni
quldurları tərəfindən işğal edildi.
Bu qeyri-bərabər
döyüşdə yüzlərlə şəhid verildi,
231 nəfər itkin düşdü, 130 yaşayış məntəqəsi,
dünya şöhrətli "İstisu" sanatoriyası,
beş yüzdən artıq sənaye, tikinti, məişət,
ticarət obyekti darmadağın edildi, 100 min baş mal-qara,
500 min baş qoyun-quzu, yüzlərlə
maşın, texnika, avadanlıq talan olundu. Rayona
30 milyarddan çox ziyan vuruldu.
Kəlbəcərin
işğalı təkcə bu dağlar diyarına yox,
bütövlükdə Azərbaycana böyük fəlakətlər
gətirdi. Strateji mövqelər, hərbi
üstünlüklər ermənilərin tərəfinə
keçdi. Bununla da Ağdamın, Zəngilanın,
Füzulinin, Qubadlının, Cəbrayılın
işğalına yol açıldı. Bu,
artıq Qarabağın iflası demək idi.
Fürsətdən istifadə edən erməni
silahlı birləşmələri 1993-cü ilin fevralından
Ağdərə rayonunun azad edilmiş kəndlərini bir-bir
yenidən tutmaqla Kəlbəcərin mühasirə
halqasını getdikcə daraldırdı. Vəziyyəti belə
görən respublika Müdafiə Nazirliyi nəhayət,
martın 15-də Kəlbəcərin ətrafında
aparılan əməliyyatların qarşısını almaq və müdafiəni möhkəmlətmək barədə
başdansovdu bir əmr verdi. Ən
acınacaqlısı isə budur ki, o zamankı hakimiyyətin
bütün qərar və göstərişləri kimi, bu əmr
də icrasız qaldı. Qartallar məskəni
Kəlbəcər dövrün siyasi cəhətcə korafəhim
rəhbərlərinin naşılığı, laqeydliyi
üzündən işğal edildi.
Tez-tez soruşurlar Kəlbəcəri qorumaq
olardımı? Əlbəttə, olardı. Bu amansız işğalın əsl məğzini,
mahiyyətini və ümumən Azərbaycan məkanında Kəlbəcərin
yerini, rolunu ən böyük dəqiqliklə ümummilli
lider Heydər Əliyev göstərmişdi. 1996-cı il aprelin 1-də Kəlbəcər rayonu
ictimaiyyətinin nümayəndələri ilə
görüşdə ulu öndər demişdir: "Kəlbəcər
coğrafi mövqeyinə görə elə bir yerdir ki,
oranı işğal etmək mümkün deyildir. Təsadüfi
deyil ki, Ermənistanın işğalçı dəstələri
Azərbaycana 1988-ci ildən hücum etmiş, Kəlbəcər
isə 1993-cü il mart ayının sonunda
işğal olunubdur. O vaxt Azərbaycanın bir çox
bölgələri, o cümlədən bütünlükdə Dağlıq Qarabağ, Kəlbəcərlə
qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı.
Bir tərəfdən coğrafi mövqeyinə
görə, digər tərəfdən isə kəlbəcərlilərin
özlərinin qəhrəmanlığına görə.
Demək, onu saxlamaq, qorumaq mümkün idi.
Ermənistanın işğalçı
qüvvələri Azərbaycanın zəbt olunmuş
torpaqlarından, o cumlədən Dağlıq Qarabağdan,
Laçından, başqa yerlərdən çıxarmaq
üçün, şübhəsiz ki, Kəlbəcəri
strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi.
Bu bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etməyiblər".
Beləcə, gözəlliklər diyarı Kəlbəcər
müvəqqəti əldən getdi. Lakin ölkənin hər
yerinə səpələnmiş məcburi
köçkünlərə qayğı və diqqətin
göstərilməsi, onlara minimum həyat şəraitinin
yaradılması vacib idi. Bu sahədə
ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə genişmiqyaslı işlər görülməyə
başlandı. Məcburi köçkünlər hər sahədə
dövlət qayğısı ilə əhatə olundular.
Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün ölkənin bir sıra yerlərində qəsəbələr salındı. Qəbələ rayonunun Zarağan kəndində 133, Yevlax şəhərində 218 ailə üçün çoxmərtəbəli yaşayış evləri tikildi, müxtəlif yerlərdə yüzlərlə köçkün yeni mənzillərlə təmin olundu. Goranboy rayonun Veyisli kəndində hər şəraiti olan yeni qəsəbə salındı, 596 ailə hər bir şəraiti olan mənzillərdə yerləşdirildi. Naftalan şəhərindəki sanatoriyalarda və digər ictimai binalarda sığınmış 200 ailə üçün Goranboy şəhərində çoxmərtəbəli yaşayış evləri tikildi. Şəki rayonunda Prezident İlham Əliyevin iştirakı ilə təzə qəsəbənin açılışı oldu. Burada da onlarca kəlbəcərli ailəsi evlə təmin edildi. Bir sözlə, son illərdə rayon əhalisindən böyük əksəriyyəti yeni mənzillər aldı. Onların ixtiyarına 31 məktəb binası, onlarca xidmət obyekti verildi.
Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin çoxcəhətli fəaliyyətinin də məğzi, məqsədi məhz elə budur. Məcburi köçkünlərə lazimi qayğı göstərilsin, torpaqlarımız işğaldan azad olunsun. Cənab İlham Əliyev xalqımızın arzu və istəyini ifadə edərək demişdir: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərindən köçürülmüşlər. Bir dəfə Azərbaycanda, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan vermərik. Hüquqi cəhətdən haqq-ədalət bizim tərəfimizdədir, çünki Azərbaycanın ərazi bütövlüyü dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib və orada göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Ermənistan buna əməl etmir. Yəni, hüquqi əsaslar tam imkan verir ki, Azərbaycan öz dövlət suverenliyini, ərazi bütövlüyünü bərpa etsin".
Həmsöhbətim Telman Məmmədov deyir ki, bizim yalnız bir qayğımız, bir istəyimiz var. O da vətən həsrətidir. Qarabağın digər bölgələri, həmçinin Kəlbəcər işğaldan azad olunsun, ürəyi nisgilli kəlbəcərlilər tezliklə ata-baba yurdlarına qayıtsınlar. Dağlar diyarı gözləyir bizi.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 2 aprel.- S.6.