Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş
nazirinin müavini, xarici işlər
naziri Rəşid Meredovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir.
Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ən səmimi salamlarını və dərin ehtiramını dövlətimizin başçısına çatdırdı. O, Prezident Qurbanqulu Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu dövlətimizin başçısına təqdim etdi. Rəşid Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham
Əliyev Prezident Qurbanqulu
Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin
başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan.-2014.-3 aprel.-S.1.