Kəlbəcərin
işğalının 21-ci ildönümünə həsr
olunmuş anma mərasimi
keçirilmişdir
Aprelin
2-də Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun
işğalının 21-ci ildönümünə həsr
olunmuş anma mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə mərasim
iştirakçıları binanın foyesində Kəlbəcərlə
bağlı hazırlanmış stendlərə və
Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına
baxmışlar.
Kəlbəcər
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov
“Kəlbəcər: Ermənistanın işğal etdiyi cənnətimiz”
adlı məlumat kitabını təqdim etmişdir. Kitabda Kəlbəcər,
rayonun tarixi abidələri, maddi-mədəni nümunələri,
inzibati əraziləri, Ermənistanın hərbi təcavüzünün
nəticələri və digər məlumatlar yer
almışdır.
A.Məmmədov
bildirmişdir ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin
Ermənistan tərəfindən işğalı zamanı
dinc əhaliyə vəhşicəsinə divan tutulmuş,
yerli əhali min illər boyu yaşadığı ata-baba
torpağından qovularaq didərgin salınmışdır.
İşğal zamanı 511 nəfər şəhid
olmuş, yüzlərlə insan girov götürülmüşdür.
Bildirilmişdir
ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik
Şurası 822 saylı qətnamə qəbul etmişdir. Qətnamədə
bütün işğalçı qüvvələrin Kəlbəcər
və Azərbaycanın digər işğal olunmuş
rayonlarından dərhal çıxarılması tələb
edilir. Lakin indiyədək həmin qətnamədən irəli
gələn öhdəlik yerinə yetirilməmişdir.
Sonra
“Kəlbəcər: Təbiətin möcüzəsi” adlı
film nümayiş olunmuşdur.
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
çıxış edərək bildirmişdir ki, bu gün
ölkəmizin kifayət qədər güclü ordusu
vardır. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri
ilə ordumuz hər an torpaqlarımızı azad edə bilər.
Lakin Azərbaycan Prezidenti yenidən qan tökülməsini
istəmədiyindən sülhə üstünlük verir.
Əgər Ermənistan tərəfi qeyri-konstruktiv
mövqeyini davam etdirərsə, dövlətimizin
başçısı öz göstərişi ilə
torpaqlarımızın azad olunması yolunu müəyyənləşdirəcəkdir.
Komitə
sədri, həmçinin ölkəmizdə
qaçqınlara və məcburi köçkünlərə,
eləcə də kəlbəcərlilərə dövlət
qayğısından danışmışdır.
Bildirilmişdir ki, bu qəbildən olan insanların sosial
rifahının yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılmışdır və bu proses
davam edir.
Əli
Həsənov gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasının vacibliyinə toxunaraq
bildirmişdir ki, bu proses ailədən, məktəbdən
başlamalıdır.
Baş
nazirin müavini əminliklə bildirmişdir ki, Azərbaycan
bir gün mütləq öz ərazi
bütövlüyünü təmin edəcəkdir.
Tədbirdə
Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına müraciəti qəbul olunmuşdur.
Mərasim
bədii hissə ilə davam etmişdir.
Azərbaycan.-2014.-3 aprel.-S.2.