Sivilizasiyaların qovuşduğu məkan

 

Bizim strategiyamız dəyişməz olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar üzərində qurulubdur. Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, millidini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır.

İlham ƏLİYEV

 

Qloballaşan dünyada tolerantlıq bir tərəfdən bütün insanların qanun qarşısında bərabərliyi və məsuliyyətini önə çəkməklə hüquqi, digər tərəfdən yüksək əxlaqi keyfiyyətlər, mədəniyyət, dözümlülük, geniş savaddünyagörüşü aspektlərini ifadə etməklə mənəvi məzmun daşıyır. 1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşlarının vicdan azadlığı birmənalı təsbit edildi.

Azərbaycanda din dövlətdən ayrı olsa da, ulu öndər cəmiyyətin saflaşmasında, insanların mənəvi kamilləşməsində islamın müstəsna rolunu daim önə çəkir, həmçinin müqəddəs kitabımız olan Qurani-Kərimin əxlaqi-tərbiyəvi əhəmiyyətini xüsusi qeyd edirdi. Ulu öndər Heydər Əliyev vurğulayırdı ki, islam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir.

Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədəki bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dinimilli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və milli mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgə yaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər.

Azərbaycan Prezidenti bu fikirdədir ki, müasir dünyada qloballaşma proseslərin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsinin tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən millidini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.

Cənab İlham Əliyev son 10 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidənqurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün Ağa, digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdərbəy məscidində əsaslı təmir və yenidənqurmanın aparılması, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin görülməsi deyilənlərə əyani misaldır. Bütövlükdə müstəqillik dövründə Azərbaycanda

2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində isə 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.

Prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirakı zamanı bildirib: "Biz öz milli dəyərlərimizə həmişə sadiq olmuşuq, həmişə onları qorumuşuq. Bu gün müstəqillik şəraitində milli dəyərlər, Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Azərbaycan xalqı həmişə ənənələrə, milli dəyərlərə sadiq olmuşdur. Bu gün müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur.

Biz müstəqillik şəraitində yaşayırıq. Müstəqilliyimizin banisi Heydər Əliyev bütün sahələrdə olduğu kimi, müstəqil Azərbaycanın ideoloji əsaslarını da qoymuşdur. 1993-cü ildə bütün istiqamətlər üzrə strateji xətt müəyyən edilmişdir. Azərbaycan bu gün bu istiqamətlər üzrə inkişaf edir. Bizim strategiyamız dəyişməz olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar üzərində qurulubdur. Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, millidini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır".

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.

Son illər fondun səyləri ilə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-in 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də bu ölkələr arasında humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərdi. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ötən müddətdə atılan ardıcıl addımlar bu siyasətə alternativin olmadığını sübuta yetirir.

 

E.HACALIYEV,

Azərbaycan.-2014.-3 aprel.-S.4.