Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin
nkişafına dair 2014-2020-ci illər üçün
Milli Strategiya
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il
2 aprel
tarixli Sərəncamı ilə təsdiq edilmişdir
1.Giriş
Azərbaycan
Respublikasının gələcək inkişaf
strategiyasının əsas istiqamətləri qeyri-neft
sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və
tərəqqiyə nail olunması və iqtisadiyyatın
şaxələndirilməsidir. Bu məqsədlə
ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin
dövlət büdcəsinin formalaşdırılmasında
təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft
amilinin üstünlüyünün təmin edilməsi,
iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi
üçün güclü motivasiya mexanizmlərinin
yaradılması və inkişaf etdirilməsi nəzərdə
tutulur. Mövcud resurslardan və coğrafi
mövqelərdən istifadə olunmaqla, Azərbaycan
Respublikasının bütün bölgələrinin
sosial-iqtisadi inkişafının müasir tələblər
səviyyəsində təmin edilməsi və
iqtisadiyyatımızın rəqabət qabiliyyətinin
yüksəldilməsi milli məhsulların dünya
bazarında layiqli yer tutmasına şərait yaradacaqdır.
Bu məqsədlər Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası"nda (bundan
sonra - Konsepsiya) öz əksini tapmışdır. Konsepsiyada əsas
hədəf qarşıdakı səkkiz-on ildə Azərbaycan
Respublikasında əsasən qeyri-neft sektorunun inkişafı
hesabına ümumi daxili məhsulun 2 dəfə
artırılması və bu artımın respublikada
innovasiyayönlü və biliyə əsaslanan
iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir.
Belə inkişafın əsas dayaqlarından
biri informasiya və kommunikasiya texnologiyalarıdır (bundan
sonra - İKT). İKT yüksək
artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və
çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli
sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu
oynayır.
Bu gün İKT respublikanın davamlı və
dayanıqlı inkişafının təmin edilməsi,
intellektual potensialının gücləndirilməsi, biznesin
irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və
işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın
və demokratiyanın inkişaf etdirilməsi üçün
əlverişli vasitə olaraq qəbul edilir. Dövlət
idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi
və digər sahələrdə yeni dəyərlər
yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib
hissəsinə çevrilmişdir. İnternet
mediasının inkişafı, internetdə fikir və söz
azadlığının mövcudluğu, elektron qəzet və
jurnalların, xarici və daxili sosial şəbəkələrin
geniş yayılması İKT-nin cəmiyyətə verdiyi
yeni imkanlardır.
Konsepsiyada
müəyyən edilmiş əsas hədəfə
çatmaq üçün növbəti on ildə İKT
sektorunun həcminin 4-4,5 dəfə
genişləndirilməsi, İKT-nin iqtisadi potensialının
gücləndirilməsi, cəmiyyətin İKT
ehtiyaclarının ödənilməsi tələb olunur.
Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli
və ixracyönlü İKT potensialının
formalaşdırılması, ölkənin regional informasiya
xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin
inkişaf etdirilməsi və peyk texnologiyalarının
geniş tətbiqi, vətəndaşların və cəmiyyətin
mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli
bəhrələnməsi üçün şərait
yaradılması və onların İKT biliklərinin,
bacarıqlarının və hazırlığının
yüksəldilməsi, "elektron hökumət"in
inkişaf etdirilməsi və dövlət idarəçiliyinin
bütün səviyyələrində elektron xidmətlərdən
istifadə edilməsi, həmçinin mövcud İKT
infrastrukturunun və İKT istifadəçilərinin
informasiya təhlükəsizliyinin təmin edilməsi,
yüksəkixtisaslı mütəxəssislərin və elmi
kadrların hazırlanması, görülən işlərə
elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına
sıx inteqrasiyası vacibdir.
İKT-nin, o cümlədən internet
iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi
iqtisadi sahələrin inkişafında da mühüm rol
oynayacaqdır.
Məhz internet iqtisadiyyatı yeni istifadə və
iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın
artırılmasına, rəqiblər üzərində
strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla
münasibətlərin möhkəmləndirilməsinə,
informasiya resurslarından optimal istifadəyə və
bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına
şərait yaradır.
Bütün bu məqsədlərə çatmaq və
nəzərdə tutulan işləri sistemli şəkildə
həyata keçirmək üçün "Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün Milli Strategiya"
(bundan sonra - Milli Strategiya) hazırlanmışdır.
Bu Milli
Strategiya Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17
fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiyaya (2003-2012-ci illər)" və həmin
strategiyanın həyata keçirilməsi ilə bağlı
qəbul olunmuş dövlət proqramlarının icrası
yönündə görülmüş genişmiqyaslı
işlərin nəticələrinə əsaslanır. Əldə olunmuş nəticələr, informasiya cəmiyyətinin
əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət,
özəl sektor və dövlət orqanları tərəfindən
İKT-dən geniş istifadə növbəti mərhələdə
fəaliyyət istiqamətlərinin
planlaşdırılması üçün əlverişli
şərait yaradır. Cəmiyyətin müasir rabitə
və informasiya texnologiyalarına olan tələbatı,
dünya təcrübəsi, beynəlxalq təşkilatların,
o cümlədən Beynəlxalq Telekommunikasiya
İttifaqının (bundan sonra - BTİ), Avropa
İttifaqının, UNESCO-nun tövsiyələri,
"Açıq hökumət təşəbbüsü"
nəzərə alınmaqla hazırlanmış Milli
Strategiya Konsepsiyada İKT sahəsinin qarşısında
qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə
dövlətin siyasətini əks etdirir, əsas məqsəd
və vəzifələri, prioritetləri və fəaliyyətin
əsas istiqamətlərini müəyyənləşdirir.
2. Cari vəziyyət
Azərbaycan
Respublikasında İKT-nin inkişaf etdirilməsi
üçün görülən işlər nəticəsində
ölkənin ümumdünya elektron məkanına daha sürətli
inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni
formalarının (e-hökumət, e-ticarət, distant təhsil
və s.) təşəkkül tapması, informasiya və
bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif
sahələrində səmərəliliyin
artırılması, məhsul və xidmətlərin keyfiyyətinin
yüksəldilməsi istiqamətində mühüm
addımlar atılmışdır. Dövlətin xüsusi
diqqətində olan bu sahənin ölkə
iqtisadiyyatının gələcək inkişafı
üçün prioritetlərdən olduğu bəyan
edilmiş və Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı
ilə 2013-cü il Azərbaycan Respublikasında
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edilmişdir.
2003-2013-cü illər ərzində İKT sahəsinə
dövlət tərəfindən yüksək diqqət və
qayğı göstərilmiş, məqsədyönlü,
kompleks və ardıcıl fəaliyyət həyata
keçirilmişdir. Məhz bunun təzahürüdür ki, bir çox beynəlxalq
hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun
"The Global Information Technology Report" hesabatında Azərbaycan
Respublikasının İKT sahəsindəki nəticələri
nəzərə alınmağa başlanılmış və
2013-cü ilin hesabatında "İKT-yə dəstəkdə
hökumətin uğurları" və "Hökumətin
gələcək baxışlarında İKT-yə verilən
əhəmiyyət" indekslərinə görə ölkəmiz
dünya üzrə ilk onluqda yer almışdır. Ümumilikdə isə bu hesabatda Azərbaycan şəbəkə
hazırlığı indeksi üzrə 144 ölkə
arasında 56-cı yeri tutmuş və MDB ölkələri
arasında liderlər qrupunda olmuşdur.
Bu illər ərzində sahə üzrə
inkişafı təmin etmək üçün müvafiq
hüquqi baza yaradılmış, bir çox vacib qanunlar və
digər normativ hüquqi aktlar qəbul olunmuşdur.
2005-ci və
2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə dövlət
proqramları, həmçinin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 14 may tarixli 136s nömrəli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması
üzrə Fəaliyyət Proqramı" İKT-nin
inkişafı ilə bağlı əməli tədbirlərin
həyata keçirilməsini təmin etmişdir.
Bu hüquqi aktlar ölkəmizdə İKT-nin
inkişafı üçün yeni imkanlar açmaqla
yanaşı, sahə üzrə azad bazar və sağlam rəqabət
prinsiplərinin gözlənilməsinə, vətəndaşların
və dövlət orqanlarının İKT-dən geniş
istifadə etməsinə şərait yaratmışdır.
Son illərdə İKT sektoru iqtisadiyyatın
aparıcı və dinamik inkişaf edən sahəsinə
çevrilmişdir. Bu illər ərzində sektorun həcmi təqribən
20-25% orta illik artım tempi ilə hər üç ildə
iki dəfə artaraq 1,9 milyard ABŞ dollarını
ötmüş, ÜDM-də payı 1,7%-ə, qeyri-neft
ÜDM-də payı isə 3,3%-ə yüksəlmişdir.
Sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ
dolları təşkil etmişdir ki, bunun da 28%-i dövlət,
72%-i isə yerli biznes strukturları və xarici investorlar tərəfindən
yatırılmışdır. Özəl sektorun payı
2003-cü illə müqayisədə 67,3%-dən
80%-ə yüksəlmişdir.
MDB ölkələri arasında ilk dəfə Azərbaycan
Respublikasında sabit telefon şəbəkəsi tam
elektronlaşdırılmış və ölkənin
bütün yaşayış məntəqələri
telefonlaşdırılmışdır. Respublikanın
bütün rayon mərkəzləri magistral fiber-optik
telekommunikasiya şəbəkəsinə qoşulmuşdur.
Mobil şəbəkə genişləndirilmişdir. Respublikada
mövcud olan üç mobil operator tərəfindən
müasir 3G xidmətləri göstərilir. 2012-ci ildən ölkəmizdə 4G
texnologiyasının da tətbiqinə
başlanılmışdır. Ölkədə
hər 100 nəfərə 110 mobil abunəçi
düşür.
2013-cü
ilin nəticələrinə görə Azərbaycan əhalisinin
70%-i internet istifadəçisidir, o cümlədən
onların 50%-i genişzolaqlı internet istifadəçisidir.
İnternet qiymətləri ildən-ilə
azalır, belə ki, 2004-cü illə müqayisədə 1
Mbit/s sürətli internetə qoşulmanın qiyməti 1200
manatdan 10 manata enmişdir. Ölkə üzrə
genişzolaqlı xidmətlərə qoşulmanın orta qiyməti
orta aylıq əməkhaqqının 3%-ni təşkil edir və
bu da BTİ-nin inkişaf etməkdə olan
ölkələrdə bu nisbətin 2015-ci ilədək 5%-dən
az olması hədəfinə artıq nail olunması deməkdir.
Son
beş ildə beynəlxalq internet kanalının tutumu 12,9 dəfə artaraq 200 Gbit/s-yə
çatmış, internet xidmətləri bazarının həcmi
təxminən 4 dəfə artmışdır.
2013-cü
il fevralın 8-də Azərbaycan Respublikasının ilk
telekommunikasiya peyki "Azerspace-1" orbitə
çıxarılmışdır ki, bu da ölkəmizin
müstəqillik dövründə əldə etdiyi ən
yüksək texniki nailiyyətlərdəndir. Avropa, Yaxın
Şərq, Orta Asiya və Afrika ölkələrinə
telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri
göstərməyə imkan verən peykin artıq kommersiya
istismarına başlanılmışdır və o,
yaradılmış infrastruktur vasitəsilə azərbaycanlı
mütəxəssislər tərəfindən idarə olunur.
2015-ci ilə qədər rəqəmli yayıma
keçidi təmin etmək barədə BTİ-nin tövsiyələrinə
uyğun olaraq, ölkəmizdə aparılan işlər
yekunlaşmaq üzrədir. Bu illər ərzində
poçt sahəsində xidmətlərin çeşidinin və
keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi,
kadr potensialının gücləndirilməsi, sahə üzrə
fəaliyyətin liberallaşdırılması istiqamətində
ardıcıl işlər görülmüşdür.
2005-2010-cu illərdə Dünya Bankının dəstəyi
ilə "Maliyyə xidmətlərinin inkişafı"
layihəsinin icrası nəticəsində milli poçt
operatoru "Azərpoçt" MMC-nin şəbəkəsindən
istifadə olunmaqla ənənəvi xidmətlərlə
yanaşı, poçt şöbələri vasitəsilə
əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi
də təmin edilmişdir.
Azərbaycan Respublikasında kompyuter və elektron
avadanlıqlarının, proqram məhsullarının
istehsalı ildən-ilə artır. Son 5 il ərzində
ölkənin informasiya texnologiyaları (bundan sonra - İT)
sektoru təqribən 2 dəfə genişlənmiş və
orta illik artım tempi 17% təşkil etmişdir.
Ölkədə "elektron hökumət"in
formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş
münasibətlərinin İT vasitələrindən istifadə
etməklə sadələşdirilməsi, şəffaflaşdırılması
bürokratik əngəllərin qarşısının
alınmasına xidmət edir. Ölkədə
"elektron hökumət"in zəruri infrastrukturları
yaradılmışdır. "Elektron
hökumət" portalı artıq fəaliyyət göstərir,
dövlət orqanlarının informasiya sistemləri
arasında xüsusi infrastruktur vasitəsilə informasiya
mübadiləsi aparılır, elektron imzanın istifadəsi
üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri
yaradılmışdır. Nəticədə
e-imzanın tətbiqi genişlənir, dövlət
orqanları tərəfindən müxtəlif elektron xidmətlər
göstərilir. Hazırda "Elektron
hökumət" portalına qoşulmuş dövlət
qurumlarının elektron xidmətləri "bir pəncərə"
prinsipi əsasında əhaliyə təqdim edilir.
"Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin
genişləndirilməsi ilə bağlı tədbirlər
barədə Azərbaycan Respublikası Prezidentinin 5 fevral
2013-cü il tarixli 813 saylı Fərmanı bu sahədə
aparılan işlərə xüsusi təkan vermişdir.
Qeyd edilənlərlə
yanaşı, vətəndaşlara xidmətlərin daha
keyfiyyətli, rahat, vahid məkandan və müasir
innovasiyaları tətbiq etməklə həyata keçirilməsi,
dövlət orqanlarının informasiya bazalarının
qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin
təşkili prosesinin sürətləndirilməsi, bu sahədə
idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul
tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri
yaradılmışdır ki, bu da qısa müddətdə
özünü müsbət təcrübə kimi
doğrultmuşdur.
Əldə olunmuş bu inkişafdan irəli gələrək
yaradılmış infrastrukturların, informasiya sistemlərinin,
toplanılmış məlumatların mühafizəsinin təşkili,
həmçinin bu imkanlardan vətəndaşların və
digər istifadəçilərin sərbəst istifadəsinə
şərait yaradılması baxımından informasiya təhlükəsizliyi
məsələləri vacib əhəmiyyət kəsb edir və
daim diqqət mərkəzində saxlanılır. Bu sahədə fəaliyyətin
təkmilləşdirilməsi, dövlət orqanlarının
informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən
qorunması, kibertəhlükəsizlik üzrə ümummilli
hazırlığın və maarifləndirmənin yüksəldilməsi
məqsədi ilə ölkədə Azərbaycan
Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi və Azərbaycan Respublikasının
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət
göstərməkdədir.
Görülən işlərin
davamlılığının təmin edilməsi və milli
potensialın gücləndirilməsi üçün İKT
sahəsi üzrə yüksəkixtisaslı kadr
hazırlığı genişlənir. Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nda İKT sahəsində
yüksəkixtisaslı kadrların hazırlanması prioritet
istiqamət hesab edilmişdir. Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin nəzdində fəaliyyət göstərən
İnsan Resurslarının İnkişafı Fondu vasitəsilə
də İKT üzrə mütəxəssislərin
hazırlığına dəstək verilir.
Ölkədə rəqabətədavamlı və
yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin
inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu və "Yüksək
Texnologiyalar Parkı" yaradılmışdır. Bu yeni qurumlar Azərbaycan
Respublikası iqtisadiyyatının güclənməsinə,
xarici investisiyaların cəlb edilməsinə və ölkədə
İKT məhsullarının istehsalının genişlənməsinə,
yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə
və innovativ təşəbbüslərə
("start-up"lara) maliyyə dəstəyini
və təşkilati dəstəyi təmin edəcəklər.
Azərbaycan Respublikası bir çox regional layihələrin
təşəbbüskarı və aktiv
icraçısıdır. BMT Baş Assambleyasının qətnamələri
(2009, 2012 və 2013-cü illərdə) ilə dəstəklənən
"Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM)
layihəsinin reallaşdırılması, həmçinin
ölkəmizin iştirak etdiyi "Avropa-Yaxın Şərq
informasiya magistralı"nın
(Europe-Persia Express Gateway - EPEG) imkanlarından istifadə edilməsi
ölkəmizin internetə çıxış
potensialının xeyli artmasına səbəb olacaqdır.
İnternetdən geniş istifadə milli kontentin
inkişafını şərtləndirmiş, dövlət
orqanlarının, çoxsaylı hüquqi və fiziki şəxslərin,
ictimai təşkilatların saytları
yaradılmışdır. Sosial şəbəkələrdən,
digər sosial media vasitələrindən istifadə geniş
vüsət almış, ölkəmizin tarixinə, mədəniyyətinə,
təhsilinə və digər sosial sahələrinə aid
müxtəlif informasiya ehtiyatlarının sayı xeyli
artmışdır.
Cəmiyyətdə İKT-nin inkişafından bəhrələnmə
imkanının genişləndirilməsi üçün ilk
növbədə əhalinin İKT üzrə biliklərinin
artırılması, görülən işlər və
mövcud imkanlar barədə vətəndaşların məlumatlandırılması,
həmçinin informasiyanın əlçatarlığına
şərait yaradan ictimai mərkəzlərin fəaliyyəti
və güzəştli şərtlərlə kompyuterlərin
əldə edilməsi imkanı yaradılmışdır.
Regionlarda müntəzəm olaraq İKT üzrə
müxtəlif təlim kursları, seminarlar keçirilir. "Xalq
kompyuteri" layihəsi çərçivəsində
müəyyən sosial qruplara güzəştli şərtlərlə
müxtəlif tipli 22 500 müasir kompyuter verilmişdir.
Əldə olunan nailiyyətlərlə bərabər,
ölkəmizdə informasiya cəmiyyəti quruculuğunu
sürətləndirməklə İKT sektorunun
inkişafına nail olmaq və sektoru ölkə
iqtisadiyyatının aparıcı istiqamətlərindən
birinə çevirməklə Konsepsiyada müəyyənləşdirilmiş
hədəflərə çatmaq üçün müəyyən
addımların atılması zəruridir.
Mövcud
vəziyyətin təhlili aşağıdakı nəticələrə
gəlməyə əsas verir:
* ölkənin davamlı inkişafının təmin
edilməsi üçün İKT-nin prioritet sahə kimi
inkişafı vacibdir;
* cəmiyyətin İKT-nin məhsul və xidmətlərinə
artan tələbatı təmin olunmalıdır;
* iqtisadiyyatın real sektorlarında və
bütövlükdə cəmiyyətdə İKT-dən
istifadə genişləndirilməlidir;
* İKT
sahəsində rəqabətqabiliyyətli, ixracyönlü və
innovativ iqtisadi potensial gücləndirilməlidir;
* İKT
sahəsinin normativ hüquqi bazası və dövlət tənzimlənməsi
təkmilləşdirilməlidir;
*
"elektron hökumət"in nüfuz dairəsi genişləndirilməli,
göstərilən elektron xidmətlərin keyfiyyəti, əhatə
dairəsi artırılmalı və onların tam
avtomatlaşdırılmış interaktiv xidmətlər
şəklində həyata keçirilməsi təmin edilməlidir;
* dövlət idarəçiliyinin bütün
səviyyələrində və yerli özünüidarəetmə
orqanlarında İKT-nin tətbiqi genişləndirilməlidir;
* əhalinin müxtəlif qrupları, şəhər
və kənd yaşayış məntəqələri,
iqtisadiyyatın müxtəlif sahələri arasında
İKT-dən istifadədə mövcud fərqlilik aradan
qaldırılmalıdır;
* sahənin yüksəkixtisaslı İKT
mütəxəssislərinə olan ehtiyacı ödənilməlidir;
* milli-mədəni irsin qorunması, təhsil, səhiyyə,
mədəniyyət sahələri üzrə geniş istifadə
üçün təyin edilmiş elektron resurslar inkişaf
etdirilməlidir;
* informasiya təhlükəsizliyi üzrə
ümummilli hazırlığın və maarifləndirmənin
səviyyəsi artırılmalıdır;
* ümumi daxili məhsulda İKT-nin payı
inkişaf etmiş ölkələr səviyyəsinə
çatdırılmalıdır;
* əhalinin, dövlət
qulluqçularının və dövlət müəssisələrində
çalışan işçilərin İKT üzrə
ümumi bilik səviyyəsi artırılmalıdır;
* görülən işlərə ictimai təşkilatların
geniş cəlb edilməsi üçün tədbirlər
görülməlidir.
3. Milli
Strategiyanın məqsədi və əsas
vəzifələri
3.1. Milli
Strategiyanın əsas məqsədi ölkədə
informasiya cəmiyyətinin bərqərar olması, onun
yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin,
dövlətin inkişafı üçün səmərəli
istifadə edilməsi, ölkənin davamlı və
dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində
hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni
sahələrin inkişafına təkan verən iqtisadi sektor
kimi inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq
üçün aşağıdakı məsələlərin
həlli vacibdir:
3.1.1. informasiya və telekommunikasiya infrastrukturunun
artan tələbatı təmin edəcək səviyyədə
müasirləşdirilməsi, keyfiyyətli xidmətlərin
təqdim olunması, əhalinin, biznes qurumlarının və
ümumilikdə cəmiyyətin informasiya və texnologiyalardan
istifadə imkanlarının genişləndirilməsi;
3.1.2. əhaliyə təhsil, səhiyyə, sosial
müdafiə və digər sosial sahələr üzrə
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
3.1.3. informasiya cəmiyyəti şəraitində
effektiv tənzimləmənin həyata keçirilməsi,
insan hüquqlarının, xüsusən də hər bir fərdin
informasiya əldə etmək və ünsiyyət qurmaq
hüquqlarının hərtərəfli və sərbəst
təmin edilməsi;
3.1.4. rəqabətədavamlı və
ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni
geniş tətbiq etməklə, ənənəvi
iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına
keçidin təmin olunması;
3.1.5.
"elektron hökumət"in genişləndirilməsi
və İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin
səmərəliliyinin artırılması, demokratik prinsiplərin
inkişaf etdirilməsi, elektron xidmətlərin yüksək
keyfiyyətinə nail olunması;
3.1.6. informasiya cəmiyyəti mühitində
xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub
saxlanılması və geniş təbliği;
3.1.7. informasiya və telekommunikasiya texnologiyaları
sahəsində yüksək səviyyəli elmi və
ixtisaslı kadrların hazırlanması;
3.1.8. hər bir vətəndaş üçün
İKT üzrə təhsil və təlim almaq imkanı
yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz
istifadə mədəniyyətinin yüksəldilməsi;
3.1.9. dünya informasiya məkanında Azərbaycan
Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə
İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi,
müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi
ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf
etdirilməsi;
3.1.10. regional və beynəlxalq informasiya məkanına
inteqrasiyanın genişləndirilməsi.
4. Milli
Strategiyanın
həyata
keçirilməsinin əsas prinsipləri
4.1.
İnformasiya cəmiyyətinin qurulması zamanı milli səviyyədə
aşağıdakı prinsiplərə əməl
olunmalıdır:
4.1.1. liderlik - dövlət idarəetmə və
yerli özünüidarəetmə orqanlarının, təşkilat
və müəssisələrinin rəhbərləri
İKT-nin inkişafını və geniş tətbiqini
öz fəaliyyətləri ilə bilavasitə təmin etməlidirlər;
4.1.2. bərabərlilik - cəmiyyətdəki
mövqeyindən və mülkiyyət formasından
asılı olmayaraq, prosesin bütün
iştirakçılarının maraqları eyni dərəcədə
nəzərə alınmalı, sosial ədalət prinsipi
gözlənilməlidir;
4.1.3. şəffaflıq və cəlbolunma - həyata
keçirilən fəaliyyət barədə ictimaiyyət
geniş məlumatlandırılmalı, açıq ictimai
müzakirələr təşkil edilməli və qərarların
qəbulunda vətəndaşların, ictimai təşkilatların
təklifləri nəzərə alınmalıdır;
4.1.4. əməkdaşlıq - həyata keçirilən
fəaliyyətdə dövlət, biznes və vətəndaş
cəmiyyəti tərəfdaşlığına xüsusi
fikir verilməlidir;
4.1.5. maarifləndirmə - informasiya cəmiyyəti
quruculuğuna geniş kütlələrin cəlb olunması,
cəmiyyətin hər bir üzvünün bu prosesdə fəal
iştirakının təmin edilməsi üçün bu
texnologiyalara dair bilik və məlumatlar əhatəli şəkildə
əhaliyə çatdırılmalıdır;
4.1.6. sosialyönlülük - vətəndaşların
sosial maraqlarının qorunması, hüquqlarının təmin
olunmasına hərtərəfli şərait
yaradılması əsas götürülməlidir;
4.1.7. millilik - ölkədə yaşayan
bütün xalqların mənafeyi nəzərə
alınmaqla, milli informasiya resurslarının inkişafına,
elmi və mədəni irsin müasir texnologiyalar vasitəsilə
qorunmasına, yerli İKT sənayesinin inkişafına, yerli
istehsalçıların maraqlarına üstünlük
verilməlidir;
4.1.8. mərhələlilik - İKT-nin sürətli
inkişafını nəzərə alaraq və mövcud
imkanlardan səmərəli istifadəni təmin etmək məqsədi
ilə fəaliyyət ardıcıl və mərhələlərlə
həyata keçirilməli, proqram və layihələr
hazırlanarkən prioritetlər, maliyyə və nəticələrin
qısa müddətdə əldə edilməsi əsas
götürülməlidir;
4.1.9. innovativlik - elmi-texniki tərəqqinin yenilikləri
nəzərə alınmalı, müasir elmi tədqiqatların
aparılmasına diqqət artırılmalıdır;
4.1.10. beynəlxalq əməkdaşlıq - qlobal
informasiya cəmiyyəti quruculuğunda, İKT sahəsi ilə
bağlı beynəlxalq layihələrin həyata
keçirilməsində ölkəmiz fəal iştirak etməli,
ikitərəfli və çoxtərəfli əməkdaşlıq
genişləndirilməli, həyata keçirilən fəaliyyətin
ümumdünya informasiya cəmiyyətinin inkişafı ilə
sıx əlaqəsi təmin olunmalıdır.
5.
İnformasiya
cəmiyyətinin
formalaşmasında
dövlətin rolu
5.1.
İnformasiya cəmiyyətinin qurulmasında dövlət
aparıcı rol oynayır və öz fəaliyyətində,
əsasən, aşağıdakıları təmin edir:
5.1.1. informasiya cəmiyyətinin inkişafı
üzrə əsas tədbirlərin işlənib
hazırlanmasını, onların yerinə yetirilməsində
biznes və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı;
5.1.2. ölkənin davamlı və hərtərəfli
inkişafına təsir edən və daha çox sosial-siyasi
əhəmiyyəti olan fəaliyyətin
reallaşdırılması üçün maliyyələşdirmənin
təmin edilməsini;
5.1.3. Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin
inkişafını xarakterizə edən göstəricilərin
müəyyənləşdirilməsini;
5.1.4.
İKT-nin inkişafı və onlardan istifadə ilə
bağlı mövcud qanunvericiliyin inkişaf etdirilməsini və
mütəmadi olaraq təkmilləşdirilməsini;
Ardı 6-cı səh.
Əvvəli 5-ci səh.
5.1.5. elm, təhsil və mədəniyyətin
sürətli inkişafını, elmtutumlu informasiya və
telekommunikasiya texnologiyaları məhsullarının
yaradılmasını və istehsalı üçün əlverişli
şəraitin formalaşdırılmasını;
5.1.6.
"elektron hökumət"in
inkişafını, dövlət orqanları tərəfindən
göstərilən xidmətlərin
elektronlaşdırılmasını;
5.1.7. vətəndaşların informasiya əldə
etməsi üçün bərabər imkanların və
onların münasibliyinin təmin olunmasını;
5.1.8. müəlliflik hüququnun və intellektual
mülkiyyətin qorunmasını;
5.1.9. ölkənin informasiya təhlükəsizliyinin
təmin edilməsini;
5.1.10. dövlət qulluqçularının və əhalinin
kompyuter savadlılığı səviyyəsinin yüksəldilməsini;
5.1.11. dövlətin təhlükəsizliyinin və
müdafiə qabiliyyətinin möhkəmləndirilməsində,
ictimai asayişin qorunmasında İKT-nin imkanlarından istifadə
edilməsini;
5.1.12. qlobal informasiya məkanına inteqrasiya
üçün digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla qarşılıqlı əlaqələrin
genişləndirilməsini.
6. Milli
Strategiyanın əsas istiqamətləri
6.1. Milli
Strategiyanın prioritet istiqamətləri Konsepsiyaya uyğundur
və aşağıdakılardan ibarətdir:
6.1.1.
İKT infrastrukturu və xidmətləri;
6.1.2. yüksək texnologiyalar sektorunun
inkişafı;
6.1.3. yüksək texnologiyaların inkişafı
üzrə elmi-texniki potensialın gücləndirilməsi;
6.1.4.
"elektron hökumət"in
inkişafı;
6.1.5.
İKT - cəmiyyətin inkişaf amili kimi;
6.1.6. kadr hazırlığı;
6.1.7. informasiya təhlükəsizliyinin təmin
edilməsi;
6.1.8. milli kontentin inkişaf etdirilməsi.
7. İKT
infrastrukturu
və
xidmətləri
7.1.
İKT infrastrukturuna və xidmətlərinə universal, hər
yerdən ədalətli və münasib qiymətlərlə çıxışın
təmin edilməsi informasiya cəmiyyətinin əsas məsələlərindən
biridir. Yüksəkkeyfiyyətli genişzolaqlı şəbəkə
infrastrukturunun qurulması və onun əsasında təhlükəsiz,
ucuz, keyfiyyətli İT xidmətlərinin təqdim
olunması, əhalinin bu xidmətlərə
çıxış imkanlarının yaradılması, cari
və gələcək tələbatı nəzərə
almaqla, beynəlxalq internet magistrallarına alternativ və təhlükəsiz
birləşmələrin təmin olunması, regional data-mərkəzlər
şəbəkəsinin genişləndirilməsi, müvafiq
sahədə bazarın liberallaşdırılması bu strateji
istiqamətin əsas tərkib hissələrindəndir.
7.2. Bu
istiqamətin məqsədlərinə çatmaq
üçün aşağıdakıların həyata
keçirilməsi nəzərdə tutulur:
7.2.1. yerləşdiyi ərazidən asılı
olmayaraq bütün əhalini və təşkilatları birləşdirən
yüksəksürətli dayanıqlı, təhlükəsiz
genişzolaqlı şəbəkənin qurulması və
onun əsasında, kənd yaşayış məntəqələri
də daxil olmaqla ölkə ərazisində
genişzolaqlı, ucuz və keyfiyyətli xidmətlərin
göstərilməsi;
7.2.2. Azərbaycan
Respublikasının təşəbbüskarı olduğu və
iştirak etdiyi regional infrastruktur layihələrinin
reallaşdırılmasını sürətləndirməklə,
tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi,
beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli
birləşmələrin təmin edilməsi;
7.2.3. əhalinin rəqəmli TV yayımı ilə
tam əhatə olunması;
7.2.4. milli telekommunikasiya peyk xidmətlərinin
genişləndirilməsi, ucqar və əhalisi az olan
yaşayış məntəqələrinin yüksəksürətli
peyk rabitəsi ilə əhatə olunması;
7.2.5.
İKT xidmətlərinin istehsalı, rəqabətlilik və
açıq bazar prinsipləri əsasında inkişaf
etdirilməsi, bu xidmətlərə tələbatın
formalaşdırılması;
7.2.6. genişzolaqlı internetin universal xidmətlər
siyahısına daxil edilməsi.
8.
Yüksək texnologiyalar sektorunun inkişafı
8.1.
İnformasiya və biliklərə əsaslanan iqtisadiyyatın
inkişaf etdirilməsi, rəqabətqabiliyyətli və
ixracyönlü yüksək texnologiyalar sektorunun gücləndirilməsi,
investisiya cəlbediciliyinin yüksəldilməsi, ölkədə
dünya səviyyəsinə uyğun elmtutumlu və yüksək
texnoloji məhsulların yaradılması və onların tətbiqini
təmin edən innovasiya sisteminin
formalaşdırılması bu istiqamətin əsas məqsədlərindəndir.
8.2. Bu
istiqamət üzrə aşağıdakıların həyata
keçirilməsi nəzərdə tutulur:
8.2.1. innovativ, elmi-texniki fəaliyyətin və
modernləşmə proseslərinin dəstəklənməsi,
dövlət siyasəti alətlərinin səmərəliliyinin
artırılması;
8.2.2. rəqabətqabiliyyətli İKT məhsul və
xidmətlərinin, elmtutumlu texnologiyaların və yüksək
texnoloji məhsulların istehsalının
stimullaşdırılması, bu sahədə azad və şəffaf
rəqabət şəraitinin inkişaf etdirilməsi, biznes və
investisiya mühitinin cəlbediciliyinin daha da
artırılması;
8.2.3. investisiyaların və intellektual mülkiyyətin
qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsi;
8.2.4.
İKT sənayesinin, məhsul və xidmətlərinin rəqabət
və ixrac potensialının artırılmasına və
qabaqcıl texnologiyaların idxalının genişləndirilməsinə
əlverişli mühit yaradılması məqsədi ilə
xüsusi vergi və gömrük rejimlərinin tətbiq
olunması;
8.2.5. innovativ sahibkarlığın inkişaf etdirilməsi,
yeni innovasiya şirkətlərinin, elmtutumlu və yüksək
texnoloji məhsulların yaradılması və onların
dünya bazarlarına çıxışına dəstək
verən tədbirlərin genişləndirilməsi;
8.2.6. yeni bilik və texnologiyaların işlənilməsi
və tətbiqi üçün texnoparkların, biznes
inkubatorlarının və digər innovasiya
strukturlarının inkişaf etdirilməsi;
8.2.7. yüksək texnologiyaların, o cümlədən
kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya
texnologiyaları, nano və nüvə texnologiyalarının
inkişaf etdirilməsi;
8.2.8. Azərbaycan
Respublikasının regional informasiya xidmətləri mərkəzinə
çevrilməsi və tranzit informasiya xidmətlərinin
genişləndirilməsi üçün tədbirlərin həyata
keçirilməsi;
8.2.9. biznes sektorunda İKT-nin tətbiqinin genişləndirilməsi
və internet iqtisadiyyatının, o cümlədən elektron
ticarətin inkişaf etdirilməsi;
8.2.10. informasiya cəmiyyətinin inkişafına
yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların
aparılmasının genişləndirilməsi;
8.2.11.
İKT və yüksək texnologiyalar üzrə
"start-up" layihələrin dəstəklənməsi.
9.
Yüksək texnologiyalar üzrə elmi-texniki
potensialın
gücləndirilməsi
9.1.
Yüksək texnologiyalar sektorunun rəqabətqabiliyyətli
inkişafı üçün elmi-texniki potensialın
gücləndirilməsi, bu sektor ilə elmi tədqiqatlar
arasında əlaqənin möhkəmləndirilməsi,
dünya təcrübəsindən istifadə etməklə
informasiya cəmiyyətinin tələblərinə uyğun
yeni bilik və texnologiyaların yaradılması və
yayılması bu istiqamətin əsas məqsədlərindəndir.
9.2. Bu
istiqamətin məqsədlərinə çatmaq
üçün aşağıdakıların həyata
keçirilməsi nəzərdə tutulur:
9.2.1. yüksək texnologiyaların inkişafına yönəldilmiş
fundamental və tətbiqi, o cümlədən kosmik, bio, nano
texnologiyalar, kibertəhlükəsizlik, elektronika və
yüksək texnologiyaların digər istiqamətləri
üzrə elmi tədqiqatların genişləndirilməsi;
9.2.2. texnoloji inkişaf və modernləşmə
üzrə dövlət, elm, təhsil və biznes səylərinin
birləşdirilməsi və əlaqələrin gücləndirilməsi,
innovativ inkişaf mühitində yeni tərəfdaşlığın
formalaşdırılması;
9.2.3. yüksək texnologiyalar sahəsində elmi fəaliyyətin
səmərəliliyinin artırılması və özəl
sektorda yüksək texnologiyalar üzrə elmi tədqiqatların
aparılmasına şəraitin yaradılması və
stimullaşdırılması;
9.2.4. yüksək texnologiyaların sosial-iqtisadi
inkişafa təsirinin öyrənilməsi və gücləndirilməsi
istiqamətində elmi-texniki tədqiqatların
aparılması;
9.2.5. elmi tədqiqatların səmərəliliyinin
yüksəldilməsi və infrastrukturunun inkişaf etdirilməsində
İKT-nin tətbiqinin genişləndirilməsi.
10.
"Elektron
hökumət"in inkişafı
10.1.
Dövlət orqanlarında müasir İKT-nin tətbiqi ilə
idarəçiliyin metod və mexanizmlərinin təkmilləşdirilməsi,
səmərəliliyinin artırılması,
hesabatlılığın və şəffaflığın
təmin edilməsi, təqdim olunan elektron xidmətlərin
keyfiyyətinin və istifadəsinin artırılması, vətəndaşların
dövlət idarəçiliyində iştirakı
üçün münasib şəraitin yaradılması bu
istiqamətin əsas məqsədlərindəndir.
10.2. Bu
istiqamətin məqsədlərinə çatmaq
üçün aşağıdakıların həyata
keçirilməsi nəzərdə tutulur:
10.2.1.
"elektron hökumət" infrastrukturu
tələbata uyğun inkişaf etdirilməklə dövlət
orqanları arasında səmərəli və təhlükəsiz
informasiya mübadiləsinin təmin olunması;
10.2.2.
dövlət orqanlarında informasiya ehtiyatlarının müəyyənləşdirilmiş
tələblərə və standartlara uyğun olaraq elektron
formaya keçirilməsi və bunun əsasında "Elektron
hökumət" portalı vasitəsilə "bir pəncərə"
prinsipi ilə elektron xidmətlərin göstərilməsi;
10.2.3.
sosial-iqtisadi inkişafın prioritet sahələrində, o
cümlədən kənd təsərrüfatı, sənaye,
turizm və
digər sahələrdə İKT və elektron hökumət
həllərinin tətbiqinin genişləndirilməsi;
10.2.4. dövlət orqanlarında elektron sənəd
dövriyyəsinin genişləndirilməsi və sənədlərlə
elektron formada işi təmin etmək üçün digər
zəruri sistemlərin (arxivləşdirmə, təhlillər,
hesabatlar və s.) tətbiqinin təmin edilməsi;
10.2.5. dövlət orqanları tərəfindən
göstərilən elektron xidmətlərin keyfiyyətinin
artırılması və əhatə dairəsinin genişləndirilməsi;
10.2.6.
"Elektron hökumət" portalının inkişaf
etdirilməsi, o cümlədən "şəxsi
kabinet"in və dövlət orqanlarına vahid müraciət
imkanının yaradılması, "mobil hökumət"
texnologiyalarının tətbiqi;
10.2.7. yerli icra hakimiyyəti və özünüidarəetmə
orqanlarında elektron xidmətlərin təşkili;
10.2.8. elektron xidmətlərin əlçatarlığının
artırılması üçün ictimai
çıxış məntəqələri şəbəkəsinin
genişləndirilməsi;
10.2.9. elektron və mobil imzanın, həmçinin
elektron ödənişin tətbiqinin genişləndirilməsi;
10.2.10. vətəndaşların "elektron hökumət"
üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi;
10.2.11. əhalinin, dövlət
qulluqçularının və dövlət müəssisələrində
çalışan işçilərin İKT biliklərinin
artırılması üçün keçirilən təlimlərin
genişləndirilməsi.
11.
İKT - cəmiyyətin
inkişaf amili kimi
11.1. E-təhsil.
Təhsilli gənc nəslin yetişdirilməsi, onların
müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları
kimi formalaşması, İKT-nin təhsil prosesinin
bütün mərhələlərinə inteqrasiyası ilə
informasiya cəmiyyətinin tələblərinə uyğun
müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil
informasiya ehtiyatlarının yaradılması, müəllimlərin
kompyuter biliklərinin artırılması, e-təhsil və
distant təhsil sisteminin müasir tələblərə
uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb
olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil
konsepsiyasının formalaşdırılması və
inkişaf etdirilməsi bu istiqamətin əsas məqsədlərindəndir.
11.2. Bu
istiqamətin məqsədlərinə çatmaq
üçün aşağıdakıların həyata
keçirilməsi nəzərdə tutulur:
11.2.1. milli təhsil şəbəkəsinin
inkişaf etdirilməsi və bütün ümumi təhsil
müəssisələrinin etibarlı, təhlükəsiz
genişzolaqlı şəbəkəyə qoşulmasının
təmin olunması;
11.2.2. təhsilin resurs mərkəzinin və təhsil
prosesini dəstəkləyən elektron tədris vasitələrinin
inkişaf etdirilməsi;
11.2.3. bütün təhsil pillələri
üçün informatikanın tədrisinin keyfiyyətinin
artırılması və dərs vəsaitlərinin texnoloji
inkişafa uyğun müasirləşdirilməsi;
11.2.4. mərkəzləşdirilmiş virtual tədris
platformasının yaradılması və təhsilin idarə
olunması sisteminin inkişaf etdirilməsi;
11.2.5. təhsildə İKT-nin səmərəli
istifadəsinin təşkili;
11.2.6.
İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o
cümlədən distant təhsilin həyata keçirilməsi;
11.2.7. vahid milli təhsil portalının fəaliyyətinin
genişləndirilməsi və elektron resurslarla zənginləşdirilməsi;
11.2.8.
İKT sahəsində fasiləsiz professional hazırlıq
sisteminin təkmilləşdirilməsi.
11.3. E-səhiyyə.
İKT-nin səhiyyədə tətbiqinin
genişləndirilməsi, tibb işçilərinin və
pasiyentlərin İKT imkanlarından istifadə etməklə ən
son tibbi informasiya və məlumatları əldə etmələrinin
təmin olunması, hamı üçün vaxtında, əlçatar
və effektiv tibbi xidmətin inkişafına töhfə
verilməsi bu istiqamətin əsas məqsədlərindəndir.
11.4. Bu
istiqamətin məqsədlərinə çatmaq
üçün aşağıdakıların həyata
keçirilməsi nəzərdə tutulur:
11.4.1. bütün tibbi personalın, tibb müəssisələrinin
etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə
qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin
yaradılması və inkişaf etdirilməsi;
11.4.2. elektron sağlamlıq kartı sisteminin
inkişaf etdirilməsi və bütün yaş
qruplarının elektron sağlamlıq kartları ilə təmin
olunması;
11.4.3. tibbi informasiya sistemlərinin tətbiqinin
genişləndirilməsi və elektron sağlamlıq sistemi
ilə əlaqələndirilməsi;
11.4.4. ümumi istifadə üçün tibbi
resursların yaradılması;
11.4.5. telesəhiyyənin inkişaf etdirilməsi;
11.4.6. tibb işçilərinin İKT biliklərinin
artırılmasının stimullaşdırılması.
11.5. E-vətəndaş.
Yaşından, yaşadığı ərazidən
asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin
İKT-nin yaratdığı imkanlardan istifadəsinə şəraitin
yaradılması, məqsədli təlim proqramları vasitəsilə
əhalinin İKT savadlılığının
artırılması, vətəndaşların, xüsusilə
də aztəminatlı sosial qrupların İKT-dən bəhrələnməsi
üçün onlara müasir texnologiyalardan istifadə
üzrə bilik və bacarıqların öyrədilməsi
bu istiqamətin əsas məqsədlərindəndir.
11.6. Bu istiqamətin
məqsədlərinə çatmaq üçün
aşağıdakıların həyata keçirilməsi nəzərdə
tutulur:
11.6.1. cəmiyyətin bütün üzvləri,
xüsusilə də ucqar kənd yaşayış məntəqələrində
yaşayan və ya xüsusi tələbləri olan
insanların kompyuterdən, internet xidmətlərindən,
"E-hökumət" portalından istifadə
bacarıqlarının formalaşdırılması və
inkişaf etdirilməsi;
11.6.2. kütləvi və məqsədli İKT
aksiyaları və təlimlər keçirməklə
bütün vətəndaşlar, biznes qurumları və
dövlət tərəfindən İKT biliklərinə yiyələnmənin
stimullaşdırılması və hər bir fərdin
informasiya cəmiyyətinin aktiv qurucusu olması
üçün tədbirlər görülməsi;
11.6.3. kiçik və orta sahibkarların biznes proseslərində
İKT-ni tətbiq etmələrinə və İKT vasitəsilə
üstünlük əldə edilməsinə kömək
göstərilməsi;
11.6.4. teleişin tətbiqinin genişləndirilməsi.
12. Kadr
hazırlığı
12.1.
İKT sahəsinin inkişaf hədəfləri nəzərə
alınmaqla sektorun tələbatına uyğun təhsilin
müxtəlif səviyyələri üzrə yüksəkixtisaslı
kadrların hazırlanması bu istiqamətin əsas məqsədlərindəndir.
12.2. Bu
istiqamətin məqsədlərinə çatmaq
üçün aşağıdakıların həyata
keçirilməsi nəzərdə tutulur:
12.2.1. ölkənin milli rəqabət qabiliyyətinin
artırılması və İKT sənayesinin ixrac
potensialının genişləndirilməsi üçün
insan potensialının və ilk növbədə yüksək
intellektual əmək bazarının
formalaşdırılması;
12.2.2. ali təhsilin, peşə-ixtisas müəssisələrində
İKT üzrə ixtisasların, tədris planlarının,
mütəxəssis hazırlığı
proqramlarının mütəmadi olaraq
aktuallaşdırılması və İKT sahəsinin tələblərinə
uyğunlaşdırılması;
12.2.3.
İKT sektorunun rəqabətədavamlılığını
təmin edən məhsul və xidmətlərin
yaradılması və istehsalı üzrə kadr
hazırlığının gücləndirilməsi;
12.2.4.
İKT-nin prioritet istiqamətləri üzrə xarici ölkələrdə
kadr hazırlığının davam etdirilməsi;
12.2.5.
İKT ixtisasları üzrə tədris kafedralarının
texniki bazasının gücləndirilməsi və müasirləşdirilməsi,
elektron tədris resurslarının inkişaf etdirilməsi, tələbə
və müəllimlərin dünyanın aparıcı elm və
təhsil resurslarına çıxışının təmin
olunması;
12.2.6.
İKT-nin prioritet istiqamətləri üzrə elmi kadr
hazırlığının genişləndirilməsi;
12.2.7. beynəlxalq sertifikata malik İKT üzrə
mütəxəssislərin hazırlanmasının dəstəklənməsi.
13.
İnformasiya
təhlükəsizliyinin
təmin
edilməsi
13.1.
Ölkənin informasiya məkanının təhlükəsizliyinin
təmin olunması, İKT-dən istifadədə inamın
artırılması, həmin sahəni tənzimləyən
normativ hüquqi bazanın inkişaf etdirilməsi, məlumatlandırma
və maarifləndirmənin həyata keçirilməsi bu
istiqamətin əsas məqsədlərindəndir.
13.2. Bu
istiqamətin məqsədlərinə çatmaq
üçün aşağıdakıların həyata
keçirilməsi nəzərdə tutulur:
13.2.1. informasiya təhlükəsizliyi sahəsində
vahid dövlət siyasətinin, hüquqi bazanın təkmilləşdirilməsi;
13.2.2. ölkənin milli informasiya məkanının
və kritik infrastrukturunun, o cümlədən informasiya
infrastrukturunun informasiya təhlükəsizliyini təmin edən
sistemin inkişaf etdirilməsi;
13.2.3. ölkənin informasiya əlaqələrində
xarici ölkələrdən texniki və texnoloji
asılılığın azaldılması üzrə tədbirlərin
həyata keçirilməsi;
13.2.4.
"e-hökumət" infrastrukturunun informasiya təhlükəsizliyinin
təmin edilməsi;
13.2.5. elektron təhlükələr barədə
ölkə səviyyəsində məlumatlandırmanın həyata
keçirilməsi;
13.2.6. kibertəhlükəsizliyin gücləndirilməsi
istiqamətində müvafiq texniki və metodiki vasitələrin
yaradılması, tövsiyələrin hazırlanması və
metodiki dəstəyin göstərilməsi;
13.2.7. uşaqların qanunazidd və təhlükəli
kontentdən qorunması üçün "təhlükəsiz
internet" mexanizminin işlənilməsi və tətbiqi;
13.2.8. dövlət və qeyri-dövlət informasiya
infrastrukturu subyektlərinin kibertəhlükəsizlik üzrə
fəaliyyətlərinin əlaqələndirilməsi;
13.2.9. əhalinin, özəl və digər
qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi
və informasiya təhlükəsizliyi mədəniyyətinin
formalaşdırılması, bu sahədə ixtisaslı
kadrların hazırlanması;
13.2.10. ölkənin informasiya təhlükəsizliyi
sahəsində beynəlxalq əməkdaşlığın
təmin olunması.
14. Milli
kontentin
inkişaf etdirilməsi
14.1.
İnformasiya cəmiyyətinin inkişafı şəraitində
milli kontentin genişləndirilməsinə, ölkəmizin
milli-mədəni irsinin qorunub saxlanılmasına və
inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə
istifadəsinə və bilik səviyyəsinin
artırılmasına diqqət yetirilməsi vacibdir. Bu sahədə
əsas fəaliyyət istiqamətləri
aşağıdakılardır:
14.1.1. milli kontentin zənginləşdirilməsinə
xidmət edən internet resurslarının
yaradılmasının dəstəklənməsi;
14.1.2. Azərbaycan
tarixi, vətənpərvərlik mövzuları, ədəbi
və mədəni irs üzrə internet
resurslarının (rəqəmli arxivlərin)
yaradılması və inkişaf etdirilməsi;
14.1.3. ümumi inkişaf, təhsil, səhiyyə və
digər sahələr üzrə internet resurslarının, məlumat-axtarış
sistemlərinin inkişaf etdirilməsi;
14.1.4.
milli-mədəni nailiyyətlərə, yerli xalqların və
milli azlıqların adət-ənənələrinə həsr
olunmuş elektron resursların yaradılması və
inkişafı;
14.1.5. kitabxana, arxiv və muzeylərdə İKT-nin tətbiqinin,
elektron kitabxana şəbəkəsinin genişləndirilməsi;
14.1.6. ödənişsiz istifadə edilə bilən
Azərbaycan dilli proqram təminatlarının
hazırlanması və geniş istifadəsinin təmin
olunması;
14.1.7. gələcək nəsillər naminə mədəni
irsin qorunması və rəqəmləşdirmə prosesinin
sürətləndirilməsi;
14.1.8. məkan məlumatları infrastrukturunun
qurulması, o cümlədən müxtəlif təyinatlı
coğrafi informasiya və naviqasiya resurslarının
yaradılması;
14.1.9. onlayn medianın inkişaf etdirilməsi, yeni
media vasitələrindən səmərəli istifadəyə
dair tədbirlərin görülməsi.
15. Milli
Strategiyanın həyata keçirilməsi
mexanizmləri
15.1. Milli Strategiyanın mərhələlərlə
(2014-2017, 2018-2020-ci illər) həyata keçirilməsi nəzərdə
tutulur. Hər mərhələ qəbul edilən məqsədli
dövlət proqramı əsasında yerinə yetirilir.
Dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsində
qanunvericiliklə qadağan olunmayan maliyyə mənbələrindən,
o cümlədən beynəlxalq təşkilatların maliyyə
dəstəyindən, metodiki, texniki və digər
yardımlardan istifadə olunur.
15.2. Milli Strategiyanın icrasını qiymətləndirmək
üçün vətəndaş cəmiyyəti institutlarının
iştirakı ilə qabaqcıl beynəlxalq metodologiyaya əsaslanan
monitorinqlər və ictimai rəy sorğuları
keçirilir.
Milli Strategiyanın icrası üzrə
görülən işlər barədə ictimaiyyətə
mütəmadi olaraq ətraflı məlumat verilir.
15.3. Milli Strategiyanın həyata keçirilməsi
prosesində dövlət orqanları ilə özəl sektor
və vətəndaş cəmiyyəti institutları
arasında sıx əməkdaşlıq və əlaqələndirilmiş
fəaliyyət təmin edilir, informasiya cəmiyyəti
ideyalarının geniş yayılması naminə fəal təbliğat
aparılır.
16.
Gözlənilən nəticələr
16.1. Milli Strategiyanın hədəfləri Konsepsiyaya
uyğundur.
Milli Strategiyanın həyata keçirilməsindən gözlənilən
nəticələr aşağıdakılardan ibarətdir:
16.1.1. cəmiyyətin hərtərəfli
inkişafı üçün informasiya cəmiyyətinin
yaratdığı bütün imkanlardan bəhrələnməyə
əlverişli şərait yaradılacaqdır;
16.1.2.
İKT sektorunun əsas göstəriciləri inkişaf
etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə
çatdırılacaqdır;
16.1.3.
İKT istənilən fəaliyyət sahəsinə daha dərindən
nüfuz edəcək, cəmiyyətin inkişafındakı
rolu əhəmiyyətli dərəcədə yüksələcəkdir;
16.1.4. onlayn media, sosial şəbəkələr və
digər yeni media vasitələri gündəlik fəaliyyətin
və əlaqələrin həyata keçirilməsində,
cəmiyyətin həyatında mühüm yer tutacaqdır;
16.1.5. ölkədə İKT infrastrukturu inkişaf
etdiriləcək və əhalinin artan tələbatını
qabaqlayaraq müasir texnologiyalardan inkişaf üçün bəhrələnməyə
imkan verəcək, bölgələr, sosial qruplar arasında
və digər növ "rəqəmli fərqlilik"
azaldılacaqdır;
16.1.6. rəqabətədavamlı İKT sənayesi
formalaşacaq, ÜDM-də İKT, poçt və informasiya
sektorunun payı artırılacaqdır;
16.1.7. internet azadlığı, informasiya əldə
etmək kimi universal dəyərlər təmin ediləcək,
vətəndaşların hüquq və
azadlıqlarının reallaşdırılması
üçün müasir texnologiyalar yardımçı
olacaqdır;
16.1.8. genişzolaqlı internet xidmətləri
universal xidmətlərə aid ediləcək və ölkə
ərazisində genişzolaqlı internet xidmətlərinə
çoxçeşidli və müasir texnologiyalar əsasında
çıxış imkanları genişləndiriləcəkdir;
16.1.9. internet magistrallarına alternativ və yüksəksürətli
birləşmələr təmin olunacaq, tranzit informasiya
imkanları genişləndirilməklə Azərbaycan
Respublikası regionun İKT xidmətləri bazarının
aktiv iştirakçısına çevriləcəkdir;
16.1.10. distant təhsil, elektron ticarət, telesəhiyyə
və digər müasir xidmət növlərinin geniş tətbiqinə
nail olunacaqdır;
16.1.11.
kosmik sənaye inkişaf edəcək, yeni telekommunikasiya və
aşağı orbitli peyklərin orbitə
çıxarılması ilə etibarlı peyk rabitəsi,
milli radio və televiziya proqramlarının peykdən paket
yayımı təmin ediləcək, ətraf mühitin
mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və
kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində
fəaliyyətin səmərəliliyi
artırılacaqdır;
16.1.12.
İKT-nin inkişafı üzrə elmi-texniki potensial, elm və
istehsal arasındakı əlaqələr gücləndiriləcək,
elmtutumlu məhsulların, informasiya cəmiyyətinin tələblərinə
uyğun yeni bilik və yüksək texnologiyaların
yaradılması və dünya bazarlarına
çıxış imkanları genişləndiriləcəkdir;
16.1.13.
dövlət orqanlarında, yerli icra hakimiyyəti və bələdiyyələrdə
müasir İKT-nin tətbiqi genişləndiriləcək,
effektiv, şəffaf və nəzarət oluna bilən dövlət
idarəetməsi və yerli özünüidarəetmə bərqərar
olacaq, əhalinin geniş təbəqələrinin idarəetmə
prosesində iştirakı həyata keçiriləcək,
elektron xidmətlərin keyfiyyəti yüksəldiləcək,
bu xidmətlərə mobil rabitə, məlumat köşkləri
və digər müasir vasitələrlə
çıxış təmin ediləcəkdir;
16.1.14.
İKT əsaslı müasir təhsil sistemi inkişaf edəcək,
ümumi təhsil müəssisələrinin
genişzolaqlı internetlə təmini 100%-ə
çatdırılacaqdır;
16.1.15. vətəndaşların elektron
sağlamlıq kartı ilə təmin olunma səviyyəsi
artırılacaqdır;
16.1.16.
İKT sektorunun inkişaf tempinə uyğun kadr
hazırlığı sistemi formalaşdırılacaq,
sektorun yüksəkixtisaslı mütəxəssislərə
olan tələbatı tam ödəniləcəkdir;
16.1.17. ölkənin informasiya təhlükəsizliyi
səmərəli qorunacaq, bu sahədə maarifləndirmə
işi təkmilləşdiriləcək, informasiya təhlükəsizliyi
mədəniyyəti yüksələcəkdir;
16.1.18. Azərbaycan
dilinin milli elektron informasiya məkanında istifadəsi, mədəni
irsin qorunmasında İKT-nin tətbiqi genişlənəcəkdir;
16.1.19 "AZ" milli domen zonasında fəaliyyət
göstərən internet resurslarının sayı
artacaqdır.
Azərbaycan.-2014.-3 aprel.-S.5;6.