Mədəniyyət və Turizm Nazirliyində Avstriya Milli

 Şurasının nümayəndə heyəti ilə görüş olmuşdur

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Avstriya Milli Şurasının ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq Azərbaycanın xarici ölkələrlə mədəniyyət və turizm sahəsində əlaqələrinin inkişafı barədə qısa məlumat vermişdir.

Nazir qeyd etmişdir ki, yüksək səviyyədə müntəzəm görüşlər mədəni əməkdaşlıq üçün çox vacibdir.

Turizmin problemləri üzərində ətraflı dayanmış nazir demişdir: “Azərbaycanla tanışlıq ölkəmizin turizm imkanlarını daha yaxından öyrənməyə və daha fəal turizm mübadiləsini tənzimləməyə imkan verəcəkdir”.

Ə.Qarayev onu da qeyd etmişdir ki, qədim tarixə malik olan Azərbaycan-Avstriya əlaqələrinin inkişafı təqdirəlayiqdir. Ə.Qarayev bu əlaqələrin inkişafında hər iki ölkənin prezidentlərinin rolunu xüsusi vurğulamışdır.

Avstriya Milli Şurasının ikinci prezidenti Karlhaynts Kopf səmimi qəbul üçün təşəkkürünü bildirərək demişdir ki, bu səfər əməkdaşlığın konkret prioritet istiqamətlərini müəyyən etməyə imkan verəcəkdir.

O qeyd etmişdir ki, ölkələrimiz arasında əlaqələr qədim tarixə malikdir. Bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı çox sevindirici faktdır.

Qonaq ölkəmizə səfər çərçivəsində keçirilmiş görüşlər barədə təəssüratlarını bölüşərək, Azərbaycanın qısa müddətdə qazandığı uğurları yüksək qiymətləndirmiş və bildirmişdir ki, Avstriya ölkəmizin Avropaya inteqrasiyası məsələsində onu daim dəstəkləməyə hazırdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç görüşdə iştirak etmişdir.

 

Azərbaycan.-2014.-3 aprel.-S.7.