Rusiya Federasiyasının Stavropol diyarı hökuməti
sədrinin
müavini Dövlət Bayrağı Meydanı ilə
tanış olmuşdur
Aprelin
2-də Rusiya Federasiyasının Stavropol diyarı hökuməti
sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi
nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində
Dövlət Bayrağı Meydanı ilə tanış
olmuşdur.
Rusiya
Federasiyasının Stavropol diyarı hökuməti sədrinin
müavini Andrey Murqana məlumat verilmişdir ki, Dövlət
Bayrağı Meydanının təməli 2007-ci il
dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə
qoyulmuşdur. Meydan üçün seçilmiş yer
Dövlət Bayrağının paytaxtın müxtəlif
nöqtələrindən görünməsinə imkan
yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin iştirakı ilə Dövlət Bayrağı
Meydanının təntənəli açılış mərasimi
keçirilmişdir.
Bildirilmişdir
ki, meydandakı bayraq dirəyinin hündürlüyü 162
metrdir. Qurğunun ümumi çəkisi 220 tondur.
Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi
2450 kvadratmetr, çəkisi isə təqribən 350
kiloqramdır.
Diqqətə
çatdırılmışdır ki, meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi, dövlət himninin mətni və
ölkəmizin xəritəsi qızıl suyuna
salınmış bürüncdən
hazırlanmışdır.
Rusiya
Federasiyasının Stavropol diyarı hökuməti sədrinin
müavini Andrey Murqan Prezident İlham Əliyevin təşəbbüsü
ilə meydanda səkkizguşəli ulduz formasında
yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də
tanış olmuşdur.
Bildirilmişdir
ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində
mövcud olmuş dövlətlərin, xanlıqların, o
cümlədən İrəvan xanlığının bərpa
olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə
aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının
müxtəlif illərdə qəbul olunmuş
konstitusiyaları, poçt markaları, pul
nişanlarının nümunələri, orden və
medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə müstəqil Azərbaycan dövlətinin
yaranması, formalaşması və inkişafını,
Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə
bağlı fəaliyyətini əks etdirən
çoxsaylı fotolar və sənədlər, ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin ali
dövləti vəzifəyə seçildikdən sonra
andiçmə mərasimlərində öpdükləri
dövlət bayraqları, Silahlı Qüvvələrin Ali
Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin
qoşun növlərinin döyüş bayraqları və mərasim
geyimləri nümayiş olunur.
Qeyd
edilmişdir ki, dünyada bu cür nadir muzeylərdən biri
olan Dövlət Bayrağı Muzeyində, həmçinin
Ginnes dünya rekordları təşkilatının Azərbaycanın
dövlət bayrağı dirəyinin dünyada ən
hündür bayraq dirəyi olduğunu təsdiq edən
sertifikatı, müxtəlif kitablar, fotoşəkillər,
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin
Türkiyədəki səfirliyinin binası üzərində
dalğalanmış bayraq da nümayiş olunur.
Rusiya
Federasiyasının Stavropol diyarı hökuməti sədrinin
müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə
heyəti Dövlət Bayrağı Meydanından xoş təəssüratla
ayrılmışdır.
Azərbaycan.-2014.-3 aprel.-S.7.