Azərbaycan həm Avropanın, həm də
Asiyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir
Azərbaycan təkcə Avropanın deyil, o cümlədən Asiyanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Azərbaycan Yaponiya ilə sıx əməkdaşlıq edir. İnanıram ki, bu əməkdaşlıq daha da güclənəcək və inkişaf edəcəkdir.
Bu sözləri Yaponiyanın "WorldInvesters TV" internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida AzərTAc-a məxsusi müsahibəsində söyləmişdir.
- Cənab İşida, Azərbaycanın uğurlarının Yaponiyada təbliği sahəsində sizin böyük zəhmətiniz vardır. Sizi həm də Azərbaycanın yaxın dostu kimi tanıyırıq. Ölkəmizə budəfəki səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?
- Artıq neçə illərdir ki, Azərbaycan sürətli inkişafı ilə dünyanın diqqətini özünə cəlb edir. Ölkənizə hər dəfə səfərə gələrkən mən bu inkişafın şahidi oluram. Xüsusilə Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Azərbaycan öz siyasi və iqtisadi sistemini inkişaf etdirərək müasir dünyanın norma və standartlarına uyğunlaşdırır. Qloballaşmanın regional inteqrasiyaya təsiri, elektron idarəetmə, demokratiya, liberallaşma, yüksək innovativ texnologiyaların tətbiqi və başqa proseslərdə Azərbaycan vahid strateji yanaşma nümayiş etdirir. Mən Yaponiya ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə yeni istiqamətdə daha da genişləndiriləcəyinə inanıram. Biz iki ölkəni müəyyən layihələrlə daha da yaxınlaşdırmaq niyyətindəyik. Ölkənizə səfərimin məqsədi iqtisadi sahədə danışıqlar apararaq burada əldə etdiyim məlumatları Yaponiya tərəfinə ötürməkdir.
- İnkişafın Azərbaycan modelində sizin diqqətinizi cəlb edən əsas sahələr hansılardır?
- Azərbaycan dünyanın bir çox ölkələrinə ixrac oluna biləcək zəngin neft və qaz yataqlarına malikdir. Mənim üçün Azərbaycanda daha maraqlı olan neft-qaz, təbii sərvətlərin ölkədə səmərəli şəkildə istifadəsidir. Ölkənizdə Sumqayıt Texnoloji Parkı, "White city", "Khazar İslands" və digər nəhəng layihələr həyata keçirilir. Bu layihələr karbohidrogen ehtiyatlarının mənimsənilməsindən əldə edilmiş gəlirlərin ölkənin inkişafına bacarıqla tətbiqi nəticəsində həyata keçirilir.
- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? Regionda keçirilən irimiqyaslı layihələrdə Yaponiya şirkətlərinin iştirakı barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu, gələcək üçün vacib amildir. Avropanın enerji təchizatında mühüm rol oynayan marşrutların şaxələndirilməsinə böyük zərurət vardır. Regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycanın enerji resurslarının Avropaya ixracına imkan yaratmaqla yanaşı, regionun davamlı inkişafına da mühüm təsir göstərir. Asiyanın da enerji mənbələrinə böyük ehtiyacı vardır. Azərbaycan yalnız Avropaya deyil, artıq Asiyaya da enerji ixracını həyata keçirir. Ölkənizdə istehsal olunan karbohidrogen ehtiyatları həm Avropaya, həm də Asiyaya ötürülür. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və strateji baxımdan bu, mühüm əhəmiyyət kəsb edir.
Yaponiyanın bir sıra şirkətləri Azərbaycanda reallaşdırılan böyük layihələrdə fəal iştirak edirlər. Bu istiqamətdə görüləcək işləri daha da genişləndirməyə ehtiyac vardır. Düşünürəm ki, yaponiyalı iş adamlarının ölkənizdə yaradılmış əlverişli biznes mühitinə daha geniş cəlb olunması hər iki tərəf üçün faydalı ola bilər.
- Ümumiyyətlə, Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın perspektivləri haqqında nə deyə bilərsiniz?
- Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir və etimad üzərində qurulmuşdur. Bu da bizim tarix boyu möhkəmlənmiş xoş münasibətlərimizin sayəsində mümkün olmuşdur. Hər iki ölkə inkişaf perspektivlərini yaxşı dəyərləndirə bilir. Balaca və orta miqyaslı istehsal şirkətlərinin yaradılması ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynaya bilər. Məsələn, "Facebook", "Google" kiçik şirkətlər olsa da, insanlar arasında əlaqə yaradır. Böyük şirkətlərlə yanaşı, kiçik və orta miqyaslı şirkətlərin layihələrin icrasına cəlb olunması ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə mühüm töhfələr verə bilər.
- Azərbaycanın Yaponiyada daha yaxından tanıdılması ilə bağlı növbəti layihələriniz haqqında məlumat verməyinizi xahiş edirik.
- Yaponiyanın fərqli media şirkətlərinə Azərbaycan ilə bağlı məlumatların ötürülməsi əsas məsələlərdən biridir. Yaponiyada başqa ölkələrin, xüsusən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına böyük maraq vardır. Yaponiyada keçirilən seminarlarda Azərbaycanın iqtisadiyyatı ilə bağlı məlumatların çatdırılması ölkənizin Asiyada daha geniş miqyasda tanıdılmasında mühüm rol oynaya bilər. Mənim çalışdığım şirkət Yaponiyada, həmçinin iqtisadi xəbərlərin yayımlanması ilə də məşğuldur. Fərqli variantlardan istifadə edərək Azərbaycanı Yaponiya iş adamlarına daha yaxşı tanıda bilərik.
- AzərTAc ilə "World Investors TV" arasında əməkdaşlığın inkişafı ilə əlaqədar agentlikdə keçirilmiş görüş barədə nə deyə bilərsiniz?
- Biz AzərTAc ilə əməkdaşlıq
barəsində geniş fikir
mübadiləsi apardıq. AzərTAc-ın rəhbərliyinin
Azərbaycanın Yaponiyada təbliği
ilə bağlı təklifləri həqiqətən təqdirəlayiqdir.
İlk növbədə, biz
agentliyin hazırladığı
yazıları, foto və videomaterialları
Yaponiya KİV-lərinə
çatdırmaq niyyətindəyik. Təbii ki,
gözlə görmək daha yaxşı
nəticələr verər. AzərTAc ilə birlikdə həyata
keçirəcəyimiz belə layihələr yapon iş
adamlarının ölkənizə daha çox cəlb edilməsinə imkan yaradar.
Azərbaycan.-2014.-3 aprel.-S.7.