İsmayıllıda istedadlı gənclər yetişir

 

Hər dəfə İsmayıllıya gələndə düşünürsən ki, Uca Yaradan bu bölgəyə bütün təbii gözəllikləri böyük səxavətlə bəxş edib. İsmayıllı şəhərinin özüçox gözəldir. Son vaxtlar həyata keçirilən tikinti-quruculuq işləri buranın gözəlliyinə yeni çalar da qatıb.

Şəhərin mərkəzindəki parkda ulu öndər Heydər Əliyevin yaşıllıqlar fonundakı möhtəşəm abidəsi, bir az aralıda mədəniyyət evi, digər müasir inzibati binalargün ərzində, özəlliklə də axşamlar gəzişən, istirahət edən insanlar bu yerlərin yaraşığını, baxımlılığını daha da artırır. Bu parkın qurtaracağında Heydər Əliyev Mərkəzi yerləşir. Biz də mərkəzə gedən gənclərə qoşulub binaya daxil oluruq. Öyrəndik ki, mərkəz 1884 kvadratmetr sahəni əhatə edir, 2008-ci ildə inşa olunub. 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı bir çox obyektlərlə yanaşı, Heydər Əliyev Mərkəzinin də açılış mərasimində iştirak edib.

Mərkəzin binası üç mərtəbədən ibarətdir və burada kompyuter, rəssamlıq, şahmat, heykəltəraşlıq, avtomodelizm, "Bacarıqlı əllər" dərnəkləri fəaliyyət göstərir.  Dərnək üzvlərinin sayı ildən-ilə artır.

Mərkəzin ikinci mərtəbəsi ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən üç ekspozisiya zalından ibarətdir. Ümumi sahəsi 600 kvadratmetr olan bu zallarda ulu öndərlə bağlı filmləri izləmək üçün iki irihəcmli monitor quraşdırılıb. Ekspozisiya zallarının tərtibatı Heydər Əliyev Fondu tərəfindən verilib.

Mərkəzin üçüncü mərtəbəsində M.F.Axundov adına Milli Kitabxananın köməyi ilə yaradılmış 5000 nüsxəyə yaxın fondu olan kitabxana, elektron kitabxana, internet kabineti və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi fəaliyyət göstərir. Kitabxanada Azərbaycan dili ilə yanaşı, xarici dillərdə də CD və DVD-lər yerləşdirilib.

Mərkəzin bütün otaqları internetlə təmin olunub. Rayonun bir çox rəsmi tədbirləri və müxtəlif görüşlər burada keçirilir. Mərkəzdəki "Bacarıqlı əllər" dərnəyinə Ülviyyə İsgəndərova rəhbərlik edir. Dərnəyin üzvləri öz əl işləri ilə dəfələrlə müxtəlif müsabiqələrdə və sərgilərdə iştirak edərək mükafat alıblar. Qum, balıqqulağı, şüşə qırıntıları, xırda, rəngli daşlar və spagettidən istifadə etməklə maraqlı əl işləri yaradırlar. Ü.İsgəndərova bildirdi ki, yaradıcılıq dərnəklərinin üzvləri böyük məhəbbətlə Heydər Əliyevin həyat və fəaliyyəti ilə maraqlanırlar:

- Ulu öndər uşaqları, gəncləri çox sevirdi. Onlara həmişə qayğı göstərir, istedad və bacarıqlarının hərtərəfli inkişaf etdirilməsi üçün bütün gərəkli tədbirləri görürdü. Bu ənənə indi də möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə yaradıcı gəncləri ruhlandırır, onları daha həvəslə bədii sənətlə məşğul olmağa sövq edir.

Mərkəzdə olarkən rəssamlıq dərnəyinə də baş çəkdik. Bu dərnəyə Əlixan Soltanov və İradə Hüseynova rəhbərlik edirlər. İradə xanım öz rəsmləri ilə müxtəlif respublika müsabiqələrində iştirak edib, mükafatlar, fəxri fərmanlar alıb. İ.Hüseynova bildirdi ki, dərnək üzvləri arasında çox istedadlı uşaqlar var. Sənan Cavadov "Lahıc" və "Müharibə" adlı tabloları ilə Çexiyada gənclər arasında üçüncü yerə layiq görülüb. Hazırda Dövlət Rəssamlıq Akademiyasında təhsil alan Ülkər Piralızadə Bakı, Gəncə, İsmayıllı gənclərinin qatıldığı müsabiqədə "Şuşa qalası" rəsminə görə II yeri tutaraq pul mükafatı qazanıb. Nəzrin Məmmədova da Bakı Rəssamlıq Akademiyasının tələbəsidir. Onun "Heydər Əliyev səngərdə" əsəri çox ustalıqla işlənib.

İstedadlı və yaradıcı gənclərin II respublika toplanışının iştirakçısı Sevinc Əlağalı ulu öndərə məhəbbətini onun portretini mis lövhədə yaratdığı döymə ilə   ifadə edib.

İstər rəssamlıq, istər "Bacarıqlı əllər", istərsə də digər dərnəklərdə istedadlı gənclər yetişir, püxtələşirlər. Nərmin Bəyməmmədova, Aişə Səfərova, Samir Salahlı, Vüsalə Məmmədova və digər gənclər mərkəzdə yaradılan şəraitdən razılıq edirlər.

Dərnək rəhbərləri bildirdi ki, məqsəd uşaqlara yaradıcı vərdişlərin aşılanması ilə yanaşı, həm də onların vətənpərvərlik duyğularının inkişaf etdirilməsidir.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.-3 aprel.-S.8.