Naxçıvanda aqrar sektor şaxəli inkişaf edir

 

 

Ölkə və cəmiyyət qarşısında duran sosial-iqtisadi vəzifələrin reallaşdırılması, əhalinin ərzaq məhsullarına tələbatının daxili istehsal hesabına ödənilməsi bütün tədbirlərlə yanaşı, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının şaxəli inkişafını ön plana çəkir. Fars sözü olan "şax" dilimizdə qol-budaq (şaxəli, yəni qol-budaqlı) mənasını verir. Amma iqtisadi ədəbiyyatda "diversifikasiya" sözündən də istifadə olunur ki, bunun da tərcüməsi "müxtəlif etmək" deməkdir. Deməli, diversifikasiyalı, yəni şaxəli inkişaf hər bir ölkədə, o cümlədən regionlarda bir-biri ilə əlaqəsi olmayan müxtəlif sahələrin və bütünlükdə iqtisadiyyatın inkişafını, istehsal edilən məhsulların çoxnövlüyünü şərtləndirir.

İqtisadiyyatın şaxəli inkişafının təmin edilməsi ümumdünya problemidir. Aparılan araşdırmalar və tədqiqatlar göstərir ki, bütünlükdə iqtisadiyyatın, o cümlədən aqrar bölmənin şaxəli, başqa sözlə, hərtərəfli inkişafı, onun bütün sahələrinin istehsala cəlb olunması bir sıra zəruri, obyektiv səbəblərdən irəli gəlir. Bu baxımdan Azərbaycanın inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsini hədəf götürməsi bütün iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının şaxələndirilməsini obyektiv zərurətə çevirir. Ən azından bu cür inkişafın ölkə əhalisinin istehlak mallarına olan tələbatının əsasən daxili istehsal hesabına ödənilməsinə əlverişli şərait yaratdığı üçün. Bundan əlavə, aqrar bölmənin şaxəli, hərtərəfli inkişafı əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də xeyli kömək göstərir. Həmçinin ərzaq təhlükəsizliyinin təmin olunması digər şərtlərlə yanaşı, kənd təsərrüfatının şaxəliyini də tələb edir. Eyni zamanda, aqrar bölmənin şaxəli inkişafı istehsalın təşkili formalarının yaradılmasına və tərəqqisinə yol açır, ərzaq məhsullarının idxalının azalmasını sürətləndirir. Bu isə o deməkdir ki, kənd təsərrüfatının şaxəli inkişafı həm də mühüm sosial-iqtisadi problemin - əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə əsaslı təsir göstərir.

Yeri gəlmişkən qeyd edək ki, istehsalın, bütünlükdə kənd təsərrüfatının şaxəli inkişafının formalaşması "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli sərəncamında da bir vəzifə kimi irəli sürülmüşdür.

Bütünlükdə ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da  iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının şaxəli inkişafı üçün əməli tədbirlər görülmüşdür. Təkcə bir faktı vurğulayaq ki, muxtar respublikada ayrı-ayrı kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün xüsusi proqramlar qəbul olunmuşdur. Bundan başqa, regionda kənd təsərrüfatının şaxəli inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq müşavirələr keçirilmiş, elmi-nəzəri konfranslar təşkil edilmiş, xüsusi komissiya və mütəxəssislər tərəfindən mövcud vəziyyət dərindən araşdırılmış, əməli təkliflər və tövsiyələr işlənib hazırlanaraq muxtar respublikanın əlaqədar orqanlarına göndərilmişdir.

Bütün bu tədbirlər, təbii ki, nəticəsiz qalmır. Bu gün muxtar respublikada kənd təsərrüfatının şaxəli inkişafını təmin etmək və məhsul istehsalını artırmaq üçün dövlət tərəfindən ciddi dəstək verilir. Kənd təsərrüfatının maddi-texniki bazası möhkəmlənir, bitkiçiliklə məşğul olanlara məhsuldar toxum verilir, fermerlərə maddi kömək göstərilir, meliorasiya tədbirləri həyata keçirilir. Faktlara nəzər salaq: Naxçıvan MR "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə ötən il ümumi dəyəri 1 milyon 554 min manat olan 4033 ton mineral gübrə gətirilmişdir. Son 5 ildə ASC tərəfindən müxtəlif təyinatlı 577 kənd təsərrüfatı texnikası alınmış, onların fermerlərə satılması və icarəyə verilməsi təmin edilmişdir. Bu gün ASC-də 1300-ə yaxın müxtəlif təyinatlı texnika var. Təkcə 2013-cü ildə  "Aqrolizinq"in xətti ilə 4124 ton mineral gübrə alınaraq fermer və kənd təsərrüfatı ilə məşğul olan digər təsərrüfatlara satılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanların maddi ehtiyaclarının ödənilməsi də davam edir. Subsidiyalardan savayı fermerlərə güzəştli kreditlər verilir, toxum, gübrə və damazlıq mal-qaranın alınmasında maddi yardım olunur. Həmçinin kənd təsərrüfatı səciyyəli meliorasiya tədbirləri dövlət hesabına həyata keçirilir. Təbii ki, bütün bunlar və dövlətin digər maliyyə tədbirləri kənd təsərrüfatında şaxəli inkişafın təmin olunmasında əhəmiyyətli rol oynayır.

Statistika göstərir ki, Naxçıvan MR-də kənd təsərrüfatının şaxəli inkişafının təmin edilməsi, istehsalçılara dövlət dəstəyinin gücləndirilməsi məhsul istehsalının davamlı artımına səbəb olmuşdur. Təsadüfi deyil ki, muxtar respublikada əsas   ərzaq məhsullarının, demək olar, xeyli hissəsi yerli istehsal hesabına təmin edilir. Bu iqtisadi rayonda kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalı son 18 ildə 9 dəfə artmışdır. Təkcə keçən il ümumi məhsul istehsalının dəyəri 337 milyon 127 min manata çatmışdır ki, bu da 2012-ci ilə nisbətən 6,9 faiz çoxdur. Bitkiçilik sahəsi müqayisə edilən dövrdəki 25,1 min hektardan 60,1 min hektara çatmışdır. Keçən il Naxçıvan MR-də 102 min 960 ton taxıl istehsal edilmişonun məhsuldarlığı  xeyli artmışdır. Taxıl saxlayan anbarların həcmi isə 18 min tondan 27 min tona  çatmışdır. Muxtar respublikada kartof, tərəvəz, bostan, meyvə və giləmeyvə məhsulları istehsalı da keçən il xeyli artaraq yerli əhalinin tələbatını ödəməklə yanaşı, ölkənin başqa bazarlarına da çıxarılmışdır. Eyni zamanda, regionda balıq yetişdirilməsi sahəsində əsaslı uğurlar əldə edilmişdir. Regionda son 10 ildə balıqçılıq təsərrüfatlarının sayı 2 dəfə çoxalmışdır. Muxtar respublikada həmçinin heyvandarlıq ildən-ilə inkişaf edir, mal-qaranın sayı artır, məhsuldarlıq yüksəlir. 2013-cü ildə Naxçıvan MR-də 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Bundan başqa, 2013-cü ildə 337, son 5 ildə isə 1678 baş cins mal-qara gətirilərək təsərrüfatlara satılmışdır. Daxili istehsal hesabına yerli əhalinin quş ətinə və yumurtaya olan tələbatını daha dolğun ödəmək üçün isə keçən il 13 yeni quşçuluq təsərrüfatı fəaliyyətə başlamışdır. Beləliklə, təsərrüfatların sayı 59-a çatmışdır. Quşçuluq təsərrüfatının şaxəli inkişafını təmin etmək və bu sahəyə diqqəti daha da gücləndirmək məqsədilə muxtar respublikada Quşçuluq Birliyi yaradılmışdır.

Naxçıvan MR-də son illər arıçılıq da xeyli inkişaf etmişdir. İndi bu regionda 69 mindən çox arı ailəsi var və təkcə keçən il 1300 ton bal istehsal edilmişdir.

Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında bütün istehsal sahələrində olduğu kimi, kənd təsərrüfatının da şaxəli inkişafını təmin etmək üçün əməli tədbirlər görülmüşdür. Sözügedən sahədə daha yüksək nəticələrə nail olmaq üçün yeni layihələrin, konkret tədbirlərin həyata keçirilməsi yenə davam edir.

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.-3 aprel.-S.8.