Atamın, anamın düşdüyü yaylaq

 

Kəlbəcərin işğalından 21 il ötür. Bu müddətdə hər şey dəyişsə də, bircə dəyişməyən onun, ərazisi (3 054 km), yaşayış məntəqələrinin sayı (147), bir də qəlbimizdəki həsrətidir. Birbütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq ürəyində bu həsrətlə yaşayan insanların sayı 85 228 nəfərdir.

 

Türk qəbiristanlıqları

 

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Buradakı oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı, ermənilər nə qədər çevirsələr də, yenə bu toponimlərdə yaşamaqdadır. Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zarbaşqa kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılan, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir

8 avqust 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər rayonu 1993-cü ildə işğal olunduqdan sonra insanları ilə yanaşı, tarixi abidələrin də qətliamı başladı - Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovuşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Qamışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı erməni tapdağında qaldı. Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, Kəlbəcər ən qədim insanların yaşayış məskəni olub. Bunu Qobustan (Böyükdaş, Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və magiya (şamanlıq) təsvirləri bir daha təsdiq edir. Rayonun QaragölZalxa gölləri sahillərində, Ayıçınqıllı və Pəriçınqıllı dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Amma ermənilərin törətdiyi vəhşiliyin analoqunu bu daşlar belə xatırlamır.

 

Yaylaqların ayrılığı və ya BMT-nin iclası, 822 saylı qərarı

 

Bu qeyri-adi diyar 1993-cü ilin aprel ayının 2-dən Ermənistan tərəfindən işğal olunub,  dinc əhaliyə divan tutulub və minlərlə insan illər boyu yaşadığı ata-baba torpağından  didərgin salınıb. 511 nəfər qətlə yetirilib, 321 nəfər əsir düşüb. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

 

Qızıl kimi

 

Ərazinin çox hissəsi meşəlikdən ibarət olan Kəlbəcər qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları ŞorbulaqAğyataqda yerləşir. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Bu gün Kəlbəcərdən danışanda daha çox suyundan və qızılından söhbət açılır. Amma nədənsə qızıl kimi adamları unudulur. Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcərin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m).

Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı -"əkiz"ləridir. Soltan Heydər, Qurbağalı çay, Turşsu, Ayçınqıllı, Gəlinqayası, Böyükdəvəgözü, Sərçəli və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.

 

Sərsəng qədər səbrimiz

 

Kəlbəcərdə Qarabağın ən böyük dağları, yaylaqları, gölləri (Ala göllər, Qaragöl,  Zalxa gölüs.) olduğu kimi, ən böyük çayı da var -  Tərtər çayı. Bu çayın dağlara uzanan Lev çayı, Tutqunçay kimi böyük qolları da var. İndi işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayının üzərində inşa edilib. 125 metr hündürlüyü olan bəndlərin arasında 560 milyon kubmetr su yığılardı və kanallar vasitəsilə Aran Qarabağın Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 79000 hektar əkin sahəsi suvarılardı. İndi o suya da həsrətik. Uzun müddət təmirsiz halda istismar olunan su anbarı hazırda qəza vəziyyətindədir və ondan aşağıda yaşayan 400 min  əhali susuzluqla yanaşı daima su, sel təhlükəsi altında yaşamaqdadır. Dünyanın qəribə işləri var - işğalçılar neçə ildir bizim səbrimizlə oynayırlar. Bizim səbrimizin də, hiddətimizin də həddi-hüdudu, deyəsən, elə Sərsəng boydadır - nə vaxt çat verər, bilinmir.

Kəlbəcər ərazisində 4 mindən çox müxtəlif bitki, saysız-hesabsız dərman otları var. Bu torpaqda doğulan, eləcə də onun həsrətini çəkən neçə-neçə insanın ürəyinə ancaq onlar məlhəm ola bilər, bir də ucsuz-bucaqsız palıd, fısdıq, vələs meşələri, yaşıl çəmənliklər.

 

x 994 26

 

Bu, Kəlbəcərin telefon kodudur. Gəlin heç olmasa bu gün dağılmış şəhər kəndlərimizə, dağlarımıza, çaylarımıza, yaylaqlarımıza, meşələrimizə, çəmənlərimizə, çiçəklərimizə, göllərimizə, bir əzizlərimizin ruhu dolaşan o göylərə zəng edək. Bəlkə kimsə telefonu qaldıracaq? , məktub da göndərmək olar - unutmamısınızsa, poçt kodu belədir: AZ 3200.

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.-3 aprel.-S.2.