Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin üzvləri
Türkiyədə bələdiyyə
seçkilərini müşahidə etmişlər
Xəbər verildiyi kimi, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyindən AzərTAc-a bildirmişlər ki, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərliyi ilə nümayəndə heyəti qardaş ölkədə bələdiyyə seçkilərinə hazırlıq işinin gedişini və müxtəlif şəhərlərdə səsvermə prosesini müşahidə etmişlər.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası gəncləri tərəfindən təşkil edilən "Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının gənclik qollarının təcrübə mübadiləsi proqramı" çərçivəsində həyata keçirilən səfərdə əsas məqsəd qardaş ölkədə mövcud olan seçki praktikasının təqdimatından ibarət olmuşdur.
Proqram çərçivəsində 30 müxtəlif ölkədən 75 gənc siyasətçi Türkiyənin 10 bölgəsində seçkilərə hazırlıq, təbliğat prosesini müşahidə etmiş və bu prosesin iştirakçısına çevrilmişdir.
YAP Gənclər Birliyinin üzvləri İstanbul, Konya, Samsun və Antalya şəhərlərində proqramın iştirakçısı olmuşlar.
Səkkiz günlük proqram müddətində ilk gün İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası gənclik qolları rəhbəri Zafer Çubukçu ilə iştirakçıların geniş tərkibdə görüşləri keçirilmişdir.
Tədbirdə proqramın məqsəd və vəzifələri, görüləcək işlər iştirakçıların diqqətinə çatdırılmışdır.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov və nümayəndələr Bəxtiyar Nəbiyev, Rəşad Abbasəliyev Konya şəhərində seçki təbliğatını müşahidə etmişlər. Konyada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə gənclərimizin görüşü olmuşdur. Bundan əlavə, S.Orucov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Konya şəhəri üzrə gənclik qollarının sədri və üzvləri ilə də işgüzar görüşlər keçirmişdir.
Görüşlərdə gələcəkdə həyata keçiriləcək mübadilə proqramları ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin üzvü Həsən Daşdəmirov Samsun şəhərində seçkiöncəsi prosesi müşahidə etmişdir. Proqram müddətində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu şəhərdə böyük mitinqi olmuşdur. Mitinqdən sonra Baş nazir proqramda iştirak edən gənclərlə görüşmüşdür.
Nümayəndə heyətinin üzvü Sərraf Hüseynov isə Antalyada seçki təbliğatı müşahidə etmişdir. Bu şəhərdə təbliğat işinə Türkiyənin Avropa Şurası üzrə naziri Mövlud Çavuşoğlu rəhbərlik etmişdir. Hər gün nazirlə "üz-üzə" seçki təbliğatı işində iştirak edən gənclər maraqlı prosesə şahidlik etmişlər.
Proqramın bağlanış tədbiri İstanbulda olmuşdur. Bu tədbirdə fikir
mübadiləsi aparılmış və proqramın
iştirakçısı olan gənclərə
sertifikatlar təqdim olunmuşdur.
Azərbaycan.-2014.-3 aprel.-S.9.