“Bakı-2015” Avropa
Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir
Toplantıda Avropa Oyunları üzrə Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva iştirak etmişdir
Aprelin
3-də “Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə
Komitəsinin üçüncü toplantısı
keçirilmişdir.
Avropa Oyunlarını yüksək səviyyədə
keçirmək üçün yaradılan Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak
etmişdir
“Bakı-2015 Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin növbəti toplantısından əvvəl Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görüşü olmuşdur. Görüşdə ikitərəfli əməkdaşlıq, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında çıxış edən Mehriban Əliyeva əvvəlcə Patrik Hikkini yenidən Avropa Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbrik etmiş, bunun beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən yüksək qiymət olduğunu demişdir. “Bizim Avropa Olimpiya Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub”,- deyən Mehriban Əliyeva ölkəmizin dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini bildirmiş, bu oyunların keçirilməsində də Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Təşkilat Komitəsinin sədri Mehriban ƏLİYEVA demişdir:
- Birinci Avropa
Oyunlarının yüksək səviyyədə təşkil
edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində
keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və
yaradılan idman infrastrukturu
yarışların yüksək səviyyədə
keçirilməsinə imkan verəcəkdir.
Su
İdmanı Növləri Sarayının, Milli
Gimnastika Arenasının, Bakı
Atıcılıq Mərkəzinin, Bakı Olimpiya
Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni
zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma
işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq
işlərinin vaxtında bitəcəyindən xəbər
verir. Milli Gimnastika Arenası demək olar
ki, artıq hazırdır. Biz bu ilin
iyununda orada bədii gimnastika üzrə Avropa
çempionatının keçirilməsini nəzərdə
tuturuq. Bütün idman obyektləri, orada
quraşdırılan qurğular
sınaqdan keçirildikdən və istismara
tam hazır olduğu
müəyyənləşdirildikdən sonra
istifadəyə veriləcəkdir.
Dövlətimiz
bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız,
xüsusilə də paytaxt sakinləri və
Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq
işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək
bizə faydalı olacaqdır. Biz əlimizdən
gələni edəcəyik ki, 2015-ci ildə
Bakıda keçiriləcək Avropa
Oyunları bu sahədə yeni
standart olsun.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirmişdir. Əlaqələndirmə Komitəsinin ötən ilin oktyabrında keçirilən ikinci iclasından sonra bir çox işlərin görüldüyünü deyən Patrik Hikki tarixi əhəmiyyəti ilə diqqət çəkən bu oyunların 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğunu da diqqətə çatdırmışdır. Maliyyə və texniki məsələlərlə bağlı işlərin də yüksək səviyyədə həyata keçirildiyini deyən Avropa Olimpiya Komitəsinin prezidenti təşviqat məsələlərinin əhəmiyyətini vurğulamışdır.
Əlaqələndirmə
Komitəsinin sədri, Yunanıstan Olimpiya Komitəsinin
prezidenti Spiros Kapralos qısa müddətdə oyunlara
hazırlıqla bağlı bir çox uğurların əldə
edildiyini bildirmiş və bu münasibətlə təbriklərini
çatdırmışdır.
Azərbaycanın
gənclər və idman naziri Azad Rəhimov Avropa
Oyunlarından əvvəl Bakıda bir neçə beynəlxalq
yarışların keçiriləcəyini və bunun
sınaq baxımından əhəmiyyətli olduğunu
demişdir. Nazir idman infrastrukturunun yaradılması və digər
məsələlərlə bağlı işlərin
uğurla həll olunduğunu qeyd etmişdir.
Bakı
Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş
icraçı direktoru Cim Şerr Azərbaycan hökumətinə
verdiyi dəstəyə görə təşəkkür
etmiş, indiyə qədər görülən işlərin
ilk Avropa Oyunlarının dünya səviyyəsində
keçirilməsinə imkan verdiyini bildirmişdir.
Bu
oyunlarda Rio Olimpiadasına 8 idman növü üzrə
lisenziyaların veriləcəyini deyən Cim Şerrin həmin
fikrini idman üzrə direktor Piyer Okalaqan da təsdiqləmişdir.
O bildirmişdir ki, məhz bu amil Bakı Avropa
Oyunlarının əhəmiyyətini daha
da artırır. Ötən dövrdə
idmanın bir sıra növləri üzrə
təhlillərin aparıldığını,
yarışların cədvəlinə müəyyən dəyişikliklərin
olunduğunu deyən Piyer
Okalaqan bu işlərdə
yerli mütəxəssislərin əməyindən
də istifadə edildiyini demişdir.
İdman
xidmətləri və əməliyyatlar üzrə direktor
Ceyms Makleod isə diqqəti atletlər üçün təlim
imkanlarının yaradılmasına, arenaların idman
avadanlığı ilə təchiz olunmasına yönəltmişdir.
Əlaqələndirmə
Komitəsinin üçüncü toplantısında Avropa
Oyunları ilə bağlı təşviqat materiallarına
dair məsələ də diqqət mərkəzində
olmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan.- 2014.- 4 aprel.- S.1-3