Prezident İlham
Əliyevin və Baş nazir
Rəcəb
Tayyib Ərdoğanın birgə mətbuat
konfransı
Türkiyənin
Baş naziri Rəcəb Tayyib
Ərdoğanın Azərbaycana
işgüzar səfəri
Aprelin
4-də geniş tərkibdə görüşdən sonra Azərbaycan
Prezidenti İlham Əliyevin və Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat
konfransı olmuşdur.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident İlham
Əliyevin
bəyanatı
- Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Hörmətli qonaqlar.
İlk növbədə əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu, bələdiyyə seçkilərindən sonra Sizin ilk səfərinizdir. Biz çox şadıq ki, ilk səfəriniz məhz Azərbaycana olan səfərdir. Mən də xatırlayıram ki, keçən il prezident seçkilərindən sonra ilk xarici səfərimi qardaş Türkiyəyə etmişəm. Bu ənənə yaşayır, yaşayacaqdır və bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını göstərir.
Fürsətdən istifadə edərək, rəhbərlik etdiyiniz partiyanı bələdiyyə seçkilərində qazandığı böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bu qələbə bir daha Sizin gördüyünüz işlərə türk xalqı tərəfindən verilən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə son illərdə Türkiyə böyük və şərəfli yol keçmişdir. Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün böyük 20-lərin sırasındadır. Dünyanı bir neçə il bundan əvvəl bürümüş iqtisadi və maliyyə böhranı Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyənin Sizin kimi rəhbəri vardır. Müdrik, öz xalqını sevən, xalqa bağlı olan lider var ki, Türkiyəni bu yolla irəliyə aparır.
Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dinamik inkişaf dövrünü yaşayır. Biz bütün sahələrdə qardaş, dost kimi birgə fəaliyyət göstəririk. Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. Bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində təqribən 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaqdır. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayədir.
Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik. Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir.
Digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir. Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız, qonşularımız üçün də böyük fayda verəcəkdir.
Bu gün biz, eyni zamanda, hərbi sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu sahədə də çox yaxşı imkanlar, perspektivlər və nəticələr vardır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış bizim ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır. Bu işğal, ədalətsizlik davam edir. Buna son qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Əminəm ki, belə də olacaqdır. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq.
Bir sözlə, bugünkü səfər bir
daha bizim ikitərəfli
münasibətlərimizin inkişafı üçün
çox gözəl addım olmuşdur. Çox şadam ki, yenidən öz dostum,
qardaşımla görüşürəm. Bir
daha Sizə, bütün
türk xalqına xoşbəxtlik və yeni uğurlar
arzulayıram. Bir daha xoş gəlmisiniz.
Azərbaycan.-2014.- 5 aprel.- S.1;2.