Prezident İlham
Əliyev “AITF-2014” XIII Azərbaycan
Beynəlxalq turizm və səyahətlər
sərgisi ilə tanış olmuşdur
Aprelin
4-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva “AITF-2014” XIII Azərbaycan
Beynəlxalq turizm və səyahətlər və “HOREX
Caucasus 2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və
supermarketlər üçün avadanlıq və ləvazimatlar
sərgiləri işə tanış olmuşlar.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev dövlətimizin
başçısına və xanımına məlumat verdi
ki, bu il sərgidə 38 ölkədən 351 şirkət və
təşkilat təmsil olunur. Sərgi
iştirakçılarının 60 faizdən çoxunu
xarici, 40 faizini isə yerli şirkətlər təşkil
edir.
Qeyd
edildi ki, sərgidə iştirakçıların sayından
əlavə digər bir rekord göstərici əvvəlki illərlə
müqayisədə milli stendlərin çox olmasıdır.
Sərgidə Azərbaycandan başqa öz ölkələrinin
milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi
ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan,
Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan,
İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş,
Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və
Çex Respublikasından 24 milli və regional qrup iştirak
edir. Bundan əlavə, bu il sərgidə Litva, Xorvatiya, Rusiya
və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq
ekspertlər və Rusiya Federasiyasının Stavropol
diyarından, eləcə də digər ölkələrdən
nümayəndə heyətləri də
qatılmışlar.
Bildirildi
ki, sərgi turizm xidmətlərinin geniş çeşidini
nümayiş etdirir və turizm bazarının əsas
fiqurlarını – turagentlik və turoperatorları, milli
qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil,
hava və dəniz daşımaları üzrə şirkətləri,
müxtəlif ölkələrin mehmanxana biznesi üzrə
nümayəndələrini, turizm və ticarət
assosiasiyalarını, eləcə də fəal və
ekstremal istirahət turlarının təşkilatçılarını
bir araya gətirmişdir.
Qeyd
edildi ki, “AITF-2014”də 80-dən çox turizm marşrutu
nümayiş olunur. Bunların arasında Misir,
Gürcüstan, Macarıstan, Malayziya, Birləşmiş
Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro və s.
ölkələr xüsusi yer tutur. Eyni zamanda, bu sərgi
turizm bazarında həm maraqlı istiqamətlərin, həm
də yeniliklərin nümayişi ilə seçilir. Builki sərgidə
Argentina, Dominikan Respublikası, Çin və Xorvatiya yeni
turizm marşrutları ilə turistlərin diqqətini cəlb
etmişdir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və
Malayziya milli stendləri də yenidən sərgidə
iştirak edir. Sərginin debütantları arasında
Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının
turizm şirkətləri də yer almışdır.
Diqqətə
çatdırıldı ki, “AITF-2014” sərgisində tibbi
turizm istiqamətini nümayiş etdirən
iştirakçıların sayı əhəmiyyətli dərəcədə
artmışdır. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər,
özəl və dövlət klinikaları, eləcə də
Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə
və İsveçrənin diaqnostika mərkəzləri
daxildir. Azərbaycan sanatoriyalarının nümayiş
olunduğu pavilyonda Naftalan neftinin müalicəvi xassələri
sərgiyə gələnlərin diqqətini daha çox cəlb
edir.
Bildirildi
ki, Azərbaycan regionlarının milli pavilyon çərçivəsində
irimiqyaslı iştirakı sərginin ən maraqlı və
koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm
paketinin müxtəlifliyi istənilən turizm
proqramını zənginləşdirə bilər. Regional
ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı,
Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz,
Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar
Respublikası və Sumqayıt şəhəri təmsil
olunur. Burada turizm fəaliyyətinin müxtəlif növləri,
o cümlədən kənd və ekoloji turizm,
salçılıq, dağ-xizək, dəniz kurortları və
s. üçün imkanlar nümayiş etdirilir.
Dövlətimizin
başçısı və xanımı sərginin
pavilyonları ilə yaxından tanış oldular.
Azərbaycan.-2014.- 5 aprel.- S.3.