Bakıda Dünya Turizm Təşkilatının Avropa
Komissiyasının
57-ci iclasında bir sıra
mühüm məsələlər müzakirə
edilmişdir
Aprelin
4-də Bakıda BMT-nin Dünya Turizm Təşkilatının
(UNWTO) Avropa Komissiyasının 57-ci iclası
keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda, ümumilikdə, 31 ölkənin, həmçinin Dünya Turizm Təşkilatının nümayəndələri, ekspertləri, Avropa ölkələrinin aidiyyəti qurumlarının nümayəndələri iştirak etmişlər.
İclasın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirmişdir ki, bu tədbirlər turizm sahəsində təcrübə və fikir mübadiləsinin aparılması, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, belə görüşlər Azərbaycanın turizm potensialını Avropada təbliğ etməyə geniş imkan verir.
Turizm standartlarının tətbiqinin, qanunvericiliyin inkişaf etdirilməsinin vacib olduğunu bildirən nazir müavini vurğulamışdır ki, rəqabət ölkələrə əməkdaşlıq üçün bir çox imkanlar yaradır.
Turistlərin regiondakı bir deyil, bir neçə ölkəyə səfər etməyə üstünlük verdiklərini söyləyən nazir müavini demişdir: “Azərbaycanda turizm yeni tələblərə uyğun inkişaf etdirilir. Turizm agentliklərinin çoxalması, bu istiqamətdə fəaliyyət göstərən internet saytlarının artması, yeni otellərin tikintisi, elektron viza rejiminin tətbiqi və digər müsbət işlər nəticəsində son illər Azərbaycana turist axını güclənmişdir. Biz beynəlxalq təcrübəni öyrənməklə yanaşı, artıq 3 illik marketinq proqramını tərtib etmişik”.
Turizmin dünyada ən əhəmiyyətli sektorlardan biri olduğunu söyləyən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek bildirmişdir ki, bu sahənin inkişafı yeni iş yerlərinin yaradılmasında mühüm amildir.
Antonius Broek demişdir: “Azərbaycanın tarixi əraziləri turizmin inkişafı üçün əlverişlidir. Artıq turizmin inkişafı bu ölkə üçün prioritet məsələlərdəndir. Azərbaycanda neft və qaz sektorundan əldə edilən gəlirlər qeyri-neft sektoruna yönəldilməsi prosesi uğurla aparılır. Ölkədə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunmuşdur. Bu strategiyada da iqtisadiyyatın şaxələndirilməsi öz əksini tapmışdır”.
Turizmin inkişafı üçün kadr hazırlığının və infrastrukturun inkişafının zəruri olduğunu vurğulan A.Broek bu baxımdan Azərbaycan Turizm İnstitutunun fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, kadr potensialı nə qədər yüksək olsa, tərəfdaşlıq da bir o qədər inkişaf edəcək, ölkəyə yatırılan investisiya artacaqdır. Azərbaycan hökuməti turizmdə bir çox istiqamətlərə dəstək verir. Azərbaycanın Böyük İpək Yolu üzərində yerləşməsi nəzərə alınarsa, bu səylər ölkədə və regionda turizmin inkişafına yol açacaqdır.
Hazırda BMT-də 2016-2020 ci illəri əhatə edəcək İnkişaf Proqramının hazırlandığını diqqətə çatdıran Antonius Broek bu sənəddə turizm sahəsinin də inkişafını əks etdirən vacib məqamların olacağını söyləmişdir. Bu sənədin hazırlanmasına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi də öz töhfəsini verə bilər.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard çıxış edərək Azərbaycanda turizmin inkişafını yüksək qiymətləndirmiş, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələrdən söz açmışdır. O, Azərbaycanda çimərlik, qış turizmi üçün imkanlar olduğunu vurğulamışdır.
Sonra iclasın gündəliyi təsdiq edilmiş və iştirakçılar nəzərdə tutulmuş mövzular ətrafında çıxış etmişlər.
İclasda Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin dünya üzrə turizmin inkişafı ilə bağlı geniş hesabat məruzəsi dinlənilmişdir.
T.Rifai demişdir ki, qlobal iqtisadi böhrandan sonra dünya iqtisadiyyatının bərpa prosesinə, bir çox geosiyasi proseslərə, təbii fəlakətlərə baxmayaraq, dünyada turistlərin sayı ilk dəfə 1,87 milyard nəfərə çatmışdır və bu rəqəm 2013-cü ildə 5 faiz artmışdır. Ötən il dünyada turizmdən əldə edilən gəlirlər hələ tam hesablanmamışdır. Lakin biz bu sahədə ötən illərlə müqayisədə 1,5 milyard dollar artımın alacağını düşünürük.
Bu il turizm sahəsində ötən illərlə müqayisədə 4 faizdən çox artım olacağını söyləyən Dünya Turizm Təşkilatının baş katibi demişdir ki, Asiya və Sakit okean hövzəsində 6, ABŞ və Avropada isə 4-5 faiz artım gözlənilir.
Vizaların sadələşdirilməsinin, vergi və nəqliyyatın turizmin inkişafında mühüm rol oynadığını bildirən natiq demişdir ki, dünya ölkələrinin 67 faizində viza almaq üçün konsulluğa müraciət etmək lazım gəlir. Bu, yaxşı göstərici deyildir. Lakin bu sahədə irəliləyişin olması təqdirəlayiqdir.
Turizmin inkişafı üçün “ağıllı vergi”dən istifadəni zəruri hesab edən Dünya Turizm Təşkilatının baş katibinin sözlərinə görə, dünya dövlətlərinin 51 faizində yaşayan insanlar öz ölkələrinə təyyarə ilə gedib-gəlməyə üstünlük verirlər. Ona görə də hava nəqliyyatının inkişafına diqqət yetirilməlidir. Bu sahənin inkişafı ilə bağlı bir sıra tədbirlər, konfranslar keçirəcəyik.
Dünya Turizm Təşkilatının fəaliyyət istiqamətlərindən söz açan baş katib iclasın iştirakçılarına qurumda yaradılan yeni strukturlar barədə də məlumat vermişdir.
Son 6 ildə Dünya Turizm Təşkilatının maliyyə baxımından artımsız fəaliyyət göstərdiyini bildirən natiq, ölkələrin ödədikləri ianələrin onlarla bağlı proqramlara sərf edilməsinə çalışdıqlarını vurğulamışdır.
İclasda müasir
dünyada turizmin
inkişafına təkan verəcək bir
sıra məsələlər ətrafında geniş
fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 5 aprel.- S.5.