Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur

 

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel ilə görüşmüşdür.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, xidmətin mərkəzi aparatında ordu generalı Necdet Özelin qarşılanma mərasimi keçirilmişdir.

Rəsmi protokola uyğun olaraq Baş Qərargah rəisi “Səfər kitabı”na ürək sözlərini yazmışdır.

Geniş tərkibdə keçirilən görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, DSX-nin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan-İran sərhədinin işğal edilmiş 132 kilometrlik ərazisindən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadəsi barədə məlumat vermişdir.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilmiş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İki dövlət arasında sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilmişdir.

Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.

Görüşün sonunda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özelə iki ölkə arasında sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin əmri ilə təltif edildiyi Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı təqdim olunmuşdur.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 5 aprel.- S.5.