“ADA” Universitetində
ikinci Azərbaycan-Fransa
universitetlərarası
forumu keçirilir
Aprelin 4-də “ADA” Universitetinin,
Fransanın Azərbaycandakı
səfirliyinin və “Kampüs Frans” agentliyinin birgə təşkilatçılığı ilə ikinci Azərbaycan-Fransa universitetlərarası
forumu işə başlamışdır.
AzərTAc xəbər verir
ki, forumda Azərbaycanın və Fransanın ali
təhsil sistemlərində
prioritet istiqamətlər,
iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın
genişləndirilməsi yolları
müzakirə edilmişdir.
Tədbirdə çıxış edən ADA–nın rektoru, səfir Hafiz Paşayev bildirmişdir ki, forumun məqsədi
Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir.
Hafiz Paşayev xalqlarımız
və dövlətlərimiz
arasında səmimiyyət
üzərində qurulmuş
əlaqələrdən, siyasi,
iqtisadi və mədəni sahələrdə
səmərəli əməkdaşlıqdan
danışmışdır.
Tədbirin əhəmiyyətindən danışan
ADA-nın rektoru həm Fransa, həm də Azərbaycan tələbələrinin
bu forumdan yararlanacağına ümidvar
olduğunu bildirmişdir.
Ölkələrimiz arasında əlaqələrin
yüksək səviyyədə
olduğunu bildirən
Hafiz Paşayev ADA ilə
bir çox ölkələrin universitetləri
arasında əməkdaşlığın
genişləndiyini qeyd
etmişdir.
Tədbirdə çıxış edən
təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən
layihələrdən, azərbaycanlı
gənclərin xarici ölkələrdə təhsil
almasına göstərilən
dövlət qayğısından
və bu sahədə görülmüş
işlərdən danışmışdır. Bildirilmişdir ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün
prioritet istiqamətlərdəndir.
Azərbaycanda digər sahələrdə
olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir və uzunmüddətli dövlət
proqramları hazırlanır.
Diqqətə çatdırılmışdır
ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel
tarixli Sərəncamı
ilə təsdiq edilmiş “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
Təhsil Nazirliyi tərəfindən uğurla
həyata keçirilir.
İstedadlı gənclərimizin
xaricdə təhsilinin
təşkili istiqamətində
vahid sistemin yaradılmasını nəzərdə
tutan Proqram çərçivəsində bugünədək çoxlu
sayda azərbaycanlı
gənc dünyanın
müxtəlif ölkələrinin
qabaqcıl ali
təhsil müəssisələrində
təhsil almaq üçün xaricə
göndərilmişdir. Ümumilikdə, təhsil sahəsində həyata keçirilən
tədbirlər iqtisadiyyatın
inkişaf etdirilməsi
ilə yanaşı, güclü kadr potensialının formalaşmasında
da mühüm rol oynayır. Proqram çərçivəsində 2612 tələbə dünyanın
müxtəlif universitetlərində
təhsil almaq hüququ qazanmışdır.
Fransanın Azərbaycandakı səfiri
Paskal Mönye ölkələrimiz arasında
təhsil sahəsində
əməkdaşlığı daha da genişləndirməyin
əhəmiyyətinə toxunmuş,
bu münasibətlərin
gələcək inkişafı
baxımından belə
tədbirlərin mütəmadi
təşkil olunmasının
vacibliyini vurğulamışdır.
Fransanın Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirmək
əzmində olduğunu
diqqətə çatdıran
diplomat, birgə çalışmaq
üçün böyük
imkanların olduğunu
xüsusilə vurğulamışdır.
Tədbirdə “ADA” Universiteti və Fransanın İESEG Menecment
İnstitutu arasında
Anlaşma Memorandumu imzalanmışdır.
Forum öz işini
aprelin 5-də təhsil
sərgisi ilə davam etdirəcəkdir. Sərgidə tələbələr Fransada
təhsil imkanları,
mövcud təqaüdlər
barədə məlumat
əldə edəcəklər.
Eyni zamanda, Fransanın ali
məktəblərini bitirmiş
azərbaycanlı məzunlarla
görüş keçiriləcəkdir.
Azərbaycan.-2014.-
5 aprel.- S.6.