İtirilmiş maarif, yoxsa türk
sivilizasiyası?!
Tarixin
möhtəşəm bir dövrü haqqında monumental əsər!
Söhbət professor S.Frederik Starrın "Lost
Enlightment" (İtirilmiş maarif. Mərkəzi
Asiyanın qızıl dövrü: ərəb istilasından
Tamerlana qədər) adlı monoqrafiyasından gedir.
Bir neçə ay əvvəl hörmətli həmkarlarımdan
biri söhbət əsnasında tanınmış amerikan
siyasətçisi və kulturoloqu Frederik Starrın yeni
kitabına münasibətimi soruşdu. Mənim
kitabdan xəbərim yox idi və həmkarım mənə bu
kitabı mütləq oxumağı tövsiyə etdi.
Müəllifin də çox nüfuzlu adam
olduğunu dedi. Professor Frederik Starr üç
ABŞ prezidentinin Rusiya və Avrasiya məsələləri
üzrə müşaviri olmuş, dünyada
tanınmış mütəxəssisdir. Onun bu
kitabı isə keçən il
"Prinston" nəşriyyatında nəşr olunub və
məşhur siyasətçilər F.Fukuyama, H.Kissincer və
başqaları kitab haqqında yüksək fikir söyləyiblər.
Əsəri Azərbaycan Diplomatiya Akademiyasının
Kitab Mərkəzində tapmaq mümkün oldu. Sivilizasiya
tarixi ilə az-çox məşğul olan mütəxəssis
kimi əsəri böyük maraqla oxudum. Kitab bir tərəfdən
keçmişimizlə bağlı iftixar hissi yaratsa da, digər
tərəfdən itirilmiş xəzinəyə bənzər
ağrılı hisslər doğurur... Bu hissləri
mən əvvəllər də - 2000-ci ildə "İpək
Yolu" jurnalında türk sivilizasiyasının aqibəti
haqqında məqalə ("Türk ruhu III minilliyin
astanasında") yazarkən keçirmişdim. Bir daha əmin oldum ki, vaxtaşırı
keçmişimizə ümumiləşdirici bir nəzər
salmağımıza böyük ehtiyac var. Tarixi təfərrüatlardan
daha çox, qanunauyğunluqların, ümumi meyillərin
üzə çıxarılması vacibdir.
Biz özümüzü çox vaxt
başqalarının təqdimatında öyrənirik. Rus mənbələrini
hələ də etibarlı elmi məxəzlər kimi qəbul
edirik. Rusiyada isə türk tarixinə aid əsərlərin
çoxu ermənilərin aşkar və gizli iştirakı
ilə yazılmışdır. Elə
başqa ölkələrdə də türkün tarixini təhrif
etmək ənənəvi ideoloji prinsipə
çevrilmişdir. Axı "yüksək
mədəniyyət" "varvar" obrazı ilə bir
araya sığmır. Lakin əsl həqiqət
xeyli dərəcədə fərqlidir. Elm
və sivilizasiya tarixini öyrənərkən daha etibarlı
ilk mənbələrlə tanışlıq belə bir qənaətə
gətirdi ki, gec də olsa, biz öz tariximizi özümüz
yazmalıyıq. Daha doğrusu, ingilis, rus
qələmi ilə yazılmış dünya tarixinin indi də
türk qələmi ilə yazılmasına böyük
ehtiyac vardır. Professor Cavad Heyyətin
"Türklərin tarix və mədəniyyətinə bir
baxış" kitabı bu istiqamətdə
atılmış ən uğurlu addımlardan biridir. Bu yaxınlarda gənc tədqiqatçı Ərəstü
Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində
türk dünyası" adlı əsəri də diqqətimi
çəkdi; gənclərimizin bu mövzuya biganə
qalmaması sevindirici haldır.
Baxdığımız mənbə isə böyük
bir xəzinənin əsl ünvanını göstərir. Görünür,
başqalarının içərisində də elmi vicdanını
itirməyən müəlliflər var ki, biz də ideolojiləşmiş
mənbələrə deyil, məhz elmi obyektivlik mövqeyindən
yazılanlara istinad etməliyik.
"Dünyanın
mərkəzi"
Professor
Frederik Starr orta əsrlərdə - 500 il ərzində
Mərkəzi Asiyanın bütövlükdə dünyada elm
və mədəniyyətin mərkəzi olduğunu iddia edir.
"Dünyanın mərkəzi"
adlandırdığı birinci fəsildə o, müasir
Özbəkistan və Türkmənistan ərazilərində
baş tutan bir məktublaşmadan bəhs edir. X əsrin əvvəllərinə aid bu məşhur
yazışma dövrün iki nəhəng alimi - İbn Sina və
Biruni arasında olmuşdur. Və məhz
bu yazışmada dünyanın yaranışı,
quruluşu və mahiyyəti haqqında çox önəmli
elmi ideyalar irəli sürülmüş, dünyaya yeni elmi
baxışın əsası qoyulmuşdur. Fred Starr
göstərir ki, XVI əsrdə Cordano Bruno tərəfindən
irəli sürülən "müxtəlif dünyalar"
təlimi də daxil olmaqla, Yeni Dövr Avropa elminin
İntibahını şərtləndirən bir çox
unikal ideyalar altı əsr əvvəl məhz bu
yazışmada irəli sürülmüşdü. Əslində orta əsrlərdə Mərkəzi
Asiyada böyük bir sivilizasiyanın varlığı
danılmaz bir həqiqətdir və bu barədə çox
yazılmışdır. Lakin bu qəbildən olan əsərlər
əsasən "Orta əsr islam sivilizasiyası",
"Orta əsr Ərəb mədəniyyəti",
"Ərəblərdə elm və fəlsəfə" və
s. bu kimi adlar altında təqdim olunur. Bu sivilizasiyanın ancaq
ərəblərə mənsub olmadığını deyənlər
isə bir qayda olaraq fars və ya İran
ünvanını göstərirlər. Türklərin
bu sivilizasiyanın yaradılmasında rolu isə ya
"unudulur", ya da onlar bu möhtəşəm
sivilizasiyanın qurucusu deyil, dağıdıcısı
rolunda təqdim olunurlar. Məşhur fransız
elm tarixçisi A.Koyrenin bu barədə yazdıqlarına
öz tənqidi münasibətimi əvvəllər də
bildirmişəm. Həmin mövqeyi bir də
xatırlatmaq istəyirəm.
A.Koyre Fərabinin, Biruninin misilsiz elmi nailiyyətlərini
sadalayır və "Bəs necə oldu ki, XIII əsrdən
sonra bu bölgədə elm və mədəniyyətin
inkişafı dayandı" sualına belə cavab verir ki, ərəblərin
yaratdığı bu böyük mədəniyyəti
türk varvarları dağıtdılar. Əvvəlcə
Fərabi və Biruni kimi böyük türk mütəfəkkirləri
rahatca ərəb mədəniyyətinə aid edilir, sonra isə
dağıdıcı monqol yürüşləri türk
varvarlarının işi kimi dəyərləndirilir. Fəlsəfənin dini-ehkamçı qolunu deyil,
elmi-metodoloji qolunu və riyaziyyatı, təbiətşünaslığı,
təbabəti inkişaf etdirənlərin və bununla da
sivilizasiyanın elmi təməlini yaradanların məhz
türk olduqlarını bilsəydi, A.Koyre, əlbəttə,
belə yazmazdı. Zira həmin Koyre başqa bir yerdə
Fərabini ən az öyrənilmiş ən
böyük İslam filosofu adlandırır. Məşhur
fransız ideoloqu Ernest Renan isə bu mədəniyyətin
orijinallığını inkar edir. O, Avropa
Renessansında orta əsrlər İslam mədəniyyətinin
və elminin rolunu heçə endirməyə
çalışır: "Ərəb elmi və fəlsəfəsi
yunan elm və fəlsəfəsinin səriştəsiz tərcüməsindən
başqa bir şey deyildi. Yunanıstanın
özü canlandıqdan sonra bu solğun tərcümələr
öz əhəmiyyətini itirdilər". Daha sonra Renan söhbəti etnik-irqi müstəviyə
keçirir. Lakin o, ərəb və İslamın fərqini
nəzərə alsa da, bu fərqin ağırlıq mərkəzində
dayanan türkləri nə üçünsə "yaddan
çıxarır": "Təhlil göstərir ki, əslində
bu ərəb elmində ərəblik heç nə yox
imiş. Onun mahiyyəti xalis yunan mənşəlidir.
Onu yaradanların arasında bir nəfər də olsun xalis
semit olmamışdır: onlar ərəbcə yazmış
ispanlar və farslar idi". Burada irqçilik
meyli ilə yanaşı, elm tarixinə nabələdlik də
özünü açıq-aşkar göstərir.
Amma F.Starrın kitabından da göründüyü kimi, o
dövrdə İslam elminin ən böyük nümayəndələri
ispan və ya fars yox, türk mənşəli
idilər. Belə ki, astronomiya, təbabət, riyaziyyat və təbiətşünaslığın
yenidən dirçəldilməsi və yeni keyfiyyətli mərhələyə
qaldırılması Fərabi, Biruni, İbn Sina, Ömər
Xəyyam, Uluqbəy, Nəsirəddin Tusi kimi böyük
türk mütəfəkkirlərinin adı ilə
bağlı deyilmi? Digər tərəfdən, elm
tarixçilərinin artıq çoxdan isbat etdiyi bir
faktı: Rocer Bekonun (1214-1294) "Opus majus" əsərinin
İbn Heysəmin (965-1039) "Optika"sından
köçürmə olduğu faktını nəzərə
alsaq, E.Renanın aşağıdakı fikrinin nə dərəcədə
gülünc göründüyü üzə çıxar:
"Rocer Bekonun bircə səhifəsi bütün bu ikinci əldən
gələn elmə nisbətən daha həqiqi elmi ruha
malikdir".
Cəbr elminin əsasını qoyan əl-Xarəzmini,
demək olar ki, bütün mənbələrdə ya ərəb,
ya da İran alimi kimi göstərirlər. Halbuki bu
bölgəni tanıyanlar Xarəzmin də məhz Orta Asiyada
- Özbəkistan ərazisində yerləşdiyini
yaxşı bilirlər. Təhsilini
Xorasanda alsa da, onun türk kökənli olduğu daha etibarlıdır.
F.Starrın əsərində Türkmənistanın Mərv şəhərindən olan Battaninin ixtiraları da xüsusi qeyd edilir. Öz dövrünün və bütün dövrlərin ən böyük həkimlərindən biri sayılan Zəkəriyyə əl-Razi də əslən Reydən (İran) olmasına baxmayaraq, bir alim kimi Mərv mühitində formalaşmışdır. F.Starrın sözləri ilə desək, əl-Razi bütün ömrü boyu Mərkəzi Asiyanın intellektual orbitində olmuşdur (Bax: F.Starr, səh. 167).
"Səyyar dahilər"
Kitabda vurğulanır ki, orta əsrlərdə Mərkəzi Asiyada türk mütəfəkkirlərinin nümayiş etdirdiyi "ensiklopedik zəka" fenomeni Aristotel istisna olmaqla, dünya elm tarixində misli görünməmiş bir hadisədir. Fərabi, Biruni və İbn Sinanın öz dövrlərində, demək olar ki, bütün elm sahələrində qeyri-adi nailiyyətlər əldə etməsi bir yana dursun, onların əsərləri kəmiyyət baxımından da ağlasığmaz göstəricilərə malikdir. İbn Sina 400-dən artıq kitab və traktat yazmışdır ki, bunların böyük bir qismi itmiş və bizə gəlib çatmamışdır. Amma bizə çatanlar özü də heyrətamiz dərəcədə böyük bir irsdir. F.Starr qeyd edir ki, Biruninin yazdığı əsərlərin ancaq 7 faizi üzə çıxmışdır. Lakin elə bu da onun bütün elm sahələrində əldə etdiyi nailiyyətlərin zənginliyini görmək üçün kifayətdir. Məsələn, Biruninin öz astronomik tədqiqatları ilə planetlərin orbitlərinin çevrə deyil, ellips üzrə olduğunu isbata yetirməsi onun Avropa elmini 500 il qabaqladığına dəlalət edir (səh. 8).
Ən mühüm amillərdən biri də budur ki, türk mütəfəkkirləri ancaq riyazi və nəzəri araşdırmalarla kifayətlənməyərək təbiət elmlərinin eksperimental bazasını yaratmış, bir çox ölçü alətləri, astronomik cihazlar ixtira etmişlər. F.Starr yazır ki, Uluqbəy Günəş ilini Kopernikdən daha dəqiq hesablamışdır və onun metodu indi də istifadə olunmaqdadır (səh.9). Başqa bir fakt: Xristofor Kolumb öz səfərini əsaslandırarkən Fərqaninin hesablamalarına istinad etmişdir (səh. 9). Yeri gəlmişkən, o vaxt N.Tusinin də hesablamaları Qərb elmi dairələrində yaxşı bəlli idi.
F.Starr o dövrün böyük riyaziyyatçısı və astronomu Ömər Xəyyamın da xidmətlərini yüksək qiymətləndirir. Kub tənliklərin həndəsi nəzəriyyəsi, irrasional ədədlərin əsaslandırılması Lobaçevski və Rimandan 700 il əvvəl qeyri-Evklid həndəsəsinin nəzəriyyəsini işlənib-hazırlaması Ömər Xəyyamın əsas nailiyyətləri kimi göstərilir (səh.10).
Belə maraqlı faktlar kitabda çoxdur. Bu faktların əksəriyyəti elm tarixində məlum olsa da, onların ərəb, fars və ya İslam hadisəsi kimi deyil, məhz Orta Asiya fenomeni kimi təqdimatı baxımından yeni yanaşma hesab oluna bilər. Həm də Avropa elmi və fəlsəfəsi ilə müqayisələr daha obyektiv, daha "ürəkli" aparılır. Məsələn, F.Starrın fikrincə, orta əsrlərdə Mərkəzi Asiyadakı maarifçilik hərəkatı öz miqyasına və nailiyyətlərinə görə XVIII əsr fransız maarifçiliyindən daha üstündür (səh.7). Müəllif bu bölgədə təkcə ayrı-ayrı alimlərin uğurlarından bəhs etməklə kifayətlənməyərək, bütövlükdə ab-havanın, maarifçilik mühitinin təsvirini verir. Eramızın I minilliyi ərəfəsində Mərvdə, Bəlxdə, Qurgəncdə (Ürgənc), Səmərqənddə və s. böyük kitabxanaların olduğu xüsusi qeyd edilir. Bunların arasında həm dövlət kitabxanaları, həm də xüsusi kitabxanalar olmuşdur. Mərkəzi Asiyanın böyük və kiçik şəhərlərində çoxlu sayda bukinist dükanları, kitab və əlyazma hərracları olmuşdur. Həm də bu kitablar kifayət qədər baha qiymətə satılmışdır. Bu da həmin dövrdə elmə böyük maraq olduğuna dəlalət edir.
F.Starr dini və fəlsəfi fikir sahəsində də Mərkəzi Asiyanın aparıcı rol oynadığını qeyd edir. Müəllifin yazdığına görə, Əbu Nəsr əl-Fərabi bütün elmlər sahəsində birinci olmuş və onun fəlsəfi ideyaları Müqəddəs Foma Akvinskiyə, Danteyə, hətta Kanta təsir göstərmişdir (səh.184). F.Starr Fərabinin yaradıcılığında musiqi nəzəriyyəsini xüsusilə qeyd edir və belə hesab edir ki, Qərb musiqişünaslığının təməlində məhz onun təlimi dayanır.
Kitabda həmçinin Məhəmməd peyğəmbərin hədislərinin toplanıb qələmə alınması sahəsində Buxarinin müstəsna xidməti vurğulanır. Sufizmin böyük nümayəndələri Nəcməddin Kubra, Əhməd Yəsəvi, Bahəddin Nəqşibəndi Buxari və b.-nın əhalinin dünyagörüşünün yönləndirilməsində böyük rolu qeyd olunur. Bu mütəfəkkirlərin təlimləri təkcə Mərkəzi Asiyada deyil, bütün İslam dünyasında yayılmışdır. F.Starr böyük türk mütəfəkkiri Yusif Balasaquninin yaradıcılığına da geniş yer verir. Türk dilində yazıb-yaradan Əhməd Yəsəvi və Yusif Balasaquni ilə yanaşı, Mahmud Kaşğarini də yüksək qiymətləndirir və onun türk sivilizasiyasının özünüdərk prosesində rolunu xüsusi qeyd edir.
Kitabın müəllifi tək Mərkəzi Asiyanın özündə deyil, bütün İslam bölgəsində harada elmi mühit varsa, orada türk alimlərinin üstünlük təşkil etdiyini göstərmək üçün alman alimi Henrix Suterin araşdırmalarına istinad edir: 515 nəfər riyaziyyatçı və astronomun siyahısını tutan H.Suterin hesablamasına görə, bu alimlərin böyük əksəriyyəti mənşəcə Orta Asiyadandır. F.Starr özbək alimi Bəhram Əbdüxalimovun "Hikmət evi" kitabında da Bağdaddakı əksər böyük alimlərin Orta Asiyadan gəlməsi faktına istinad edir (səh.158).
Kitabda o dövrün ən böyük elm və mədəniyyət mərkəzi olan Bağdadın etnik-intellektual mənzərəsi canlandırılır. Ayrıca fəsil (4-cü fəsil) belə bir ideyanın əsaslandırılmasına həsr olunub ki, əgər ərəblər öz siyasi və dini-ideoloji hakimiyyətini Bağdaddan Mərkəzi Asiyaya qədər genişləndirməklə həmin bölgəni bir növ işğal edə bilmişdilərsə, Mərkəzi Asiyanın elm adamları isə Bağdadın elmi-intellektual ərazisini işğal etmişdilər.
"Vəhşi türklər", yoxsa intellektual
möcüzə?!
Frederik Starr orta əsrlərdə İslam və ya ərəb sivilizasiyası kimi bəlli olan hadisənin əslində Mərkəzi Asiya ilə bağlılığını vurğulamaqla bəşər tarixinin çox önəmli bir səhifəsinə fərqli bucaq altında baxır. Əvvəla, Starr bu sivilizasiyanın formalaşmasında İslamın rolundan daha çox, məhz bölgənin və hətta türk xalqlarının xidmətini önə çəkir ki, bu da ənənəvi baxışlardan köklü surətdə fərqlənir. İkincisi, dünya tarixində az qala qərarlaşmış olan türklərin bəşər tarixində dağıdıcı rolu haqqında təsəvvürləri alt-üst edir və neçə yüz illər ərzində məhz türklərin üstünlük təşkil etdiyi Mərkəzi Asiyanın dünyanın intellektual mərkəzi olduğunu əsaslandırmaqla türkün yeni obrazını yaratmış olur. Bir tərəfdən köçəri həyat sürən, daim at belində olan, ölkələr işğal edən türklər, sən demə, həm də bəşər sivilizasiyasının ən parlaq səhifələrini yaradıblarmış.
Əlbəttə, istər-istəməz sual ortaya çıxır ki, bu böyük intellektual enerjinin mənbəyini nədə axtarmaq lazımdır? Əgər dinin aparıcı rolu inkar edilirsə, onda bəlkə bölgənin iqtisadi və mədəni inkişaf səviyyəsi buna yol açmışdır? Lakin türklərin köçəri həyatı və bölgədə oturuşmuş təsərrüfat sisteminin olmaması bu versiyanı mümkünsüz edir. Digər tərəfdən, türk alimləri və mütəfəkkirlərinin üstünlüyü təkcə öz bölgələrində deyil, o dövrün inkişaf etmiş başqa bölgələrində, o cümlədən, elmi və mədəni mərkəz sayılan Bağdad şəhərində də özünü göstərirdi. F.Starr qeyd edir ki, Bağdada toplaşmış mütəfəkkirlərin böyük əksəriyyəti də məhz Orta Asiya mənşəli idi. Bu paradoksu hər halda necə izah etmək mümkündür? Əlbəttə, müəllif bunu türklərin hansısa genetik üstünlüyü ilə izah etmir. Çünki türklər üçün səciyyəvi olan daha çox döyüş ruhu, hərbi şücaət idi. Lakin bu, məsələnin dünya tarixçiləri tərəfindən yekdilliklə qəbul olunan tərəfidir. Onların intellektual gücü və elmi xidmətləri isə məsələnin bir qayda olaraq, "unudulan", qəbul edilməyən tərəfidir.
Frederik Starr sanki belə təhriflərə cavab olaraq VII-XIV əsrlərdə həmin bölgədəki sivilizasiyanı ayrılıqda təhlil edir. Onu məhz türk sivilizasiyası kimi təqdim etməsi də bunun üçün zəmin hazırlayır: bu ideya aşkar şəkildə deyilməsə də, əsərin məzmunundan hasil olur. Belə ki, müəllifin fikrinə görə, sivilizasiya Orta Asiyaya ərəblər tərəfindən və ya İslamla birlikdə gəlmir; onun qaynaqları bu bölgənin özündə formalaşmış daha ilkin təməllərdə axtarılmalıdır. Bunun üçün müəllif VII əsrdə Orta Asiya və Qazaxıstan bölgəsində iqtisadi və mədəni-mənəvi həyatın özəlliklərini araşdırmağa çalışır.
Avropada elmin inkişafını çox vaxt sivilizasiyanın başqa aspektləri ilə: təsərrüfat sisteminin, oturaq həyatın və s. funksiyası kimi izah edirlər. Lakin baxdığımız fakt köçəri həyatın da öz üstünlüklərini ortaya qoyur. Təsadüfi deyil ki, hələ XIV əsrdə İbn Xəldun "köçəri sivilizasiyasını" araşdırmış və onun özünəməxsus üstünlüklərini qeyd etmişdi.
Problemin izahını çətinləşdirən yazılı mənbələrin qıtlığıdır. Türklər özləri tarix yazmadıqlarından türk tarixi əsasən başqa xalqların onlar haqqında yazdıqlarına əsaslanır. Lakin başqa xalqlar türk dövlətləri və türklər haqqında ilk növbədə nəyi yazırdılar? Şübhəsiz ki, gördüklərini. Gördükləri isə ilk növbədə türk tayfalarında nizami hərbi dəstələri, onların qonşu məskənlərə hərbi yürüşləri idi. İçəridən baxış isə, şübhəsiz ki, başqa cür olardı. Bu hərbi yürüşləri, nizami qoşun dəstələrini saxlamaq, yetişdirmək üçün kimlərsə əkib-becərməli, təsərrüfatla məşğul olmalı idi. Onların həyatının məhz bu tərəfi işıqlandırılmamışdır. Əgər süvari dəstələri var idisə, deməli, atçılıq təsərrüfatı da mövcud idi. Əgər ox, yay, qılınc var idisə, deməli, onların genişmiqyaslı istehsalı, müvafiq texnoloji səviyyə də var idi. Yüksək nizam-intizam var idisə, deməli, bu qədər əsgərin yetişməsi üçün müvafiq təlim-tərbiyə sistemi də var idi. Əgər orduda döyüş əzmi və ruh yüksəkliyi var idisə, deməli, müvafiq emosional-mənəvi aura da var idi, bunları təmin edən mədəni-estetik səviyyə də. Əgər insanlar bu qədər güclü və sağlam yetişə bilirdisə, deməli, müvafiq qida, ərzaq mədəniyyəti ilə yanaşı yüksək tibbi mədəniyyət də var idi. Zira bütün bunlar bir-birini tamamlayan zəruri şərtlərdir.
Yəni problemin açılışını məhz "türk sivilizasiyası" yönündə aparmaq üçün kifayət qədər arqument istifadə olunmamış qalır. Təəssüf ki, F.Starr da açdığı yolda sona qədər getmir; təqdim etdiyi unikal sivilizasiyanı həm İslam, həm də türk amilinin xaricində izah etməyə çalışır. Frederik Starrın versiyası ənənəvi yanaşmalardan fərqlidir, lakin onun özündə də məsələyə birtərəfli, tendensiyalı münasibət hiss olunur. Əvvəla, müəllif bu əsərində o dövrdəki sivilizasiyanın İslamla hər hansı əlaqəsini inkar etməyə çalışır və ya özünü görməzliyə vurur. Digər tərəfdən, ayrı-ayrı məqamlarda qeyri-ərəb, türk və fars ünvanlarını göstərsə də, bölgənin əsas etnik ağırlığının türk xalqlarına aid olduğunu vurğulamır. Daha doğrusu, etnik və dini müəyyənlikdən uzaq duraraq, bir növ, coğrafi ərazinin səciyyəsini verməklə kifayətlənir.
Düzdür, F.Starrın kitabında əslində hansısa etnosun deyil, coğrafi bölgənin maarifindən və sivilizasiyasından bəhs edilir, hətta bəzi böyük alimlərin türk kimliyi şübhə altına alınır, bununla belə, həmin dövrdə göstərilən bölgənin türk məskəni olması və burada bir-birinin ardınca məşhur türk dövlətlərinin yaranması belə düşünməyə əsas verir ki, bütövlükdə mühit, intellektual ab-hava türk kimliyi ilə bilavasitə bağlıdır. İstənilən halda F.Starrın məsələyə fərqli yanaşması orta əsr sivilizasiyasının qaynaqlarını və ünvanını daha dəqiq müəyyənləşdirmək işinə xidmət edir.
Müəllifin tərəddüdünün bir səbəbi də görünür budur ki, türk dili X əsrə qədər hələ də məişət səviyyəsindən yuxarı qalxmır, elmi və ədəbi dil kimi işlənmirdi. Bütün bölgədə hakimiyyətdə türklərin olmasına və əhalinin əksəriyyətinin bu və ya digər türk tayfasına mənsub olmasına baxmayaraq, türk dilinin ədəbi-bədii və elmi-fəlsəfi dil kimi formalaşması əsasən X əsrdən sonra başlamışdır. Və F.Starrın da göstərdiyi kimi, bu böyük dönüş və ya yeni başlanğıc ilk növbədə Mahmud Kaşğarinin adı ilə bağlıdır. Onun tərəfindən türk dilinin potensial imkanları açılıb göstərildikdən sonra türk sivilizasiyasının da yeni mərhələsi başlanır. Ona qədər hətta açıq-aşkar türk məskənlərindən olan Fərabi, Xarəzmi, Biruni və s. haqqında "türkdür" hökmünü verməyə tərəddüd göstərirdilərsə, sonrakı dövrdə türk mənşəli mütəfəkkirlər öz dillərində də yazmaq imkanından istifadə etmişlər. Baxdığımız kitabda türk dilində yazan mütəfəkkirlər sırasında Yəsəvi və Balasaquniyə geniş yer verilir. Amma bu prosesdə ən böyük xidmət, heç şübhəsiz, Mahmud Kaşğariyə məxsus idi. F.Starr yazır: "Kaşğarinin planına hətta xəlifəni və bütün ərəb və farsları "artıq türk dilini öyrənməyin və türk mədəniyyətini mənimsəməyin vaxtıdır" deyə xəbərdar etmək missiyası da daxil idi. Həm də Kaşğari sadəcə olaraq bunu bəyan etməklə kifayətlənmir, türk dilini öyrənməyin və türk mədəniyyəti ilə tanışlığın əməli vasitələrini təqdim edirdi... Kaşğari müxtəlif türk tayfalarının üslublarını, adət-ənənələrini və hətta oxucunun təsəvvürü olsun deyə hər qrupun hansı bölgədə yaşaması barədə xəritələri təqdim edirdi" (səh.305).
Bəli, XI əsrdə türkün sözünün: fikrinin, hikmətinin, bəşər sivilizasiyasında rolunun öz ana dilində səslənməsinə Mahmud Kaşğari yol açdı, XXI əsrdə isə bunları Frederik Starr ingilis dilində dünyaya bəyan edir. Bizə qalan isə min ilin təbəddülatlarını, uğur və tənəzzül məqamlarını araşdırmaq, enerji potensialımızın gerçək mənbəyini dərk etmək, gələcəyə məhz öz üstün cəhətlərimizə əsaslanaraq üz tutmaqdır.
Səlahəddin
XƏLİLOV,
AMEA-nın
müxbir üzvü
Azərbaycan.-2014.- 5 aprel.- S.7.