Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət

 Komissiyasının fəaliyyəti nümunə hesab edilmişdir

 

"Korrupsiyaya qurşanmış məktəblər və korrupsiyaya qurşanmış universitetlər: Nə etmək olar?" kitabı çapdan çıxmışdır

 

Məlum olduğu kimi, müasir dövrdə keyfiyyətli təhsil müəyyən zaman kəsiyində cəmiyyətin bütün sahələrinin inkişafını müəyyən etməklə bərabər, həm də bu sahənin daha da modernləşməsində və perspektiv üçün prioritetlərin müəyyən edilməsində həyati əhəmiyyətli rol oynayır. Lakin təhsil sahəsində analitiklərin əksəriyyətinin fikrincə, hazırda bütün dünyada təhsilin vəziyyəti narahatlıq doğurur. Tədris mühitində korrupsiya və dələduzluq, ali təhsil sahəsində sertifikatlaşdırma prosesinin etibarlı olmaması nəticələrin həqiqiliyinə və real nailiyyətlərə inamsızlıq doğurur, təhsil sektoru üçün tədarük sahəsində qüsurlu praktikabunun bütün nəticələri ciddi narahat olmağa əsas verir.

UNESCO-nun himayəsi ilə Beynəlxalq Təhsilin Planlaşdırılması İnstitutu tərəfindən rus dilində nəşr edilmiş "Korrupsiyaya qurşanmış məktəblər və korrupsiyaya qurşanmış universitetlər: Nə etmək olar?" kitabında bütün bu məsələlərdən, həmçinin belə hallara qarşı Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə uğurlu mübarizə aparılmasından bəhs edilir. Müəllifləri Jak AllakMüriyel Puasson olan kitab yaxın günlərdə çapdan çıxmışdır.

Təhsildə korrupsiya praktikasını diaqnozlaşdırmaq və ona qiymət vermək məqsədilə yazılmış kitabın müəlliflərinin fikrincə, "Korrupsiyaya qarşı mübarizənin ən mühüm elementi yeni nəsildə bu hadisəyə qarşı barışmaz münasibət tərbiyə edən etik təhsildir. Lakin təhsil sektorunun özünün qeyri-etik idarə edilməsi şəraitində təkcə etik təhsil yəqin ki, kifayət olmayacaqdır". Başqa sözlə desək, müəlliflərin məqsədi qərarlar qəbul edən şəxslərin, planlaşdırma məsələləri üzrə mütəxəssislərin və idarəçilərin diqqətini təhsildə korrupsiyaya qarşı mübarizənin vacibliyinə, korrupsiya problemlərinin aşkar edilməsi və qiymətləndirilməsi üçün əsas vasitələrə cəlb etmək, qüsurlu praktikanın cilovlanması üçün müvafiq strategiyalar işlənib hazırlanmasında onlara kömək etməkdir.

Kitabda dünyanın 25-ə yaxın ölkəsindən olan təşkilatların və vətəndaşların iştirakı və dəstəyi ilə həyata keçirilmiş beynəlxalq layihənin nəticələri ümumiləşdirilmişdir. Müəlliflər bütün dünyanın bəlasına çevrilmiş bu hadisəyə qarşı mübarizə tədbirlərindən söhbət açaraq ali məktəblərə qəbul imtahanlarında dələduzluğa qarşı mübarizə sahəsində Azərbaycanın uğurlu təcrübəsini nümunə göstərirlər. Kitabın müəllifləri yazırlar: "Bu, imtahanların keçirilməsinə, nəticələrin yoxlanmasına və dərc edilməsinə hər hansı şəkildə müdaxilə etmək imkanına yol verilməməsi üçün görülmüş tədbirlər kompleksi, o cümlədən informatika vasitələrindən istifadə edilməsi sayəsində mümkün olmuşdur".

Müəlliflər imtahanların nəticələrinin müstəqil təşkilatlar tərəfindən müstəqil qiymətləndirilməsinin təşkilinin bu prosesə kənardan müdaxilənin məhdudlaşdırılmasında və korrupsiya ehtimalının azaldılmasında çox mühüm rol oynaması faktını xüsusi vurğulayaraq Azərbaycanı nümunə göstərir və yazırlar ki, bu ölkədə "imtahanların keçirilməsi prosesində səmərəsizlik və pozuntu hallarına qarşı mübarizə üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası adlanan müstəqil komissiya yaradılmışdır". Müəlliflər qeyd edirlər ki, ali məktəblərə qəbul prosesi həmin komissiya tərəfindən həyata keçirilirbu proses test tapşırıqlarının tərtib edilməsindən, imtahanların keçirilməsindən, test yoxlamalarının nəticələrinin qiymətləndirilməsindən və universitetlərə qəbulun sənədləşdirilməsindən başlamış, abituriyentlərin nəticələri haqda onlara məlumat verilməsinə qədər tamamilə kompyuterləşdirilmişdir.

Müəlliflərin qənaətinə görə, bu sahədə qazanılmış uğurlar "imtahanların təşkil edilməsi, abituriyentlərin imtahan otaqlarında yerləşdirilməsi, test tapşırıqlarının məlumat bazasından seçilməsi, test imtahanlarının qiymətləndirilməsi və nəticələrin işlənməsi üçün personalın seçilməsi prosesinin tamamilə avtomatlaşdırılması və kompyuterləşdirilməsi sayəsində mümkün olmuşdur. Bu sistemdə abituriyentlərin nəticələri haqda bilavasitə onlara məlumat verilir. Bu, imtahanların keçirilməsi qaydalarını pozan şəxslərin aşkar olunması və onların barəsində zəruri hüquqiinzibati tədbirlər görülməsini təmin etmiş, eləcə də universitetlərə qəbul prosesinin şəffaflığını artırmağa imkan vermişdir".

Müəlliflər konkretliyi artırmaq məqsədilə kitabın sonunda bir sıra tövsiyələr verirlər.

Kitabla bu saytda tanış ola bilərsiniz: httr://unesdoc.unesco.org/images/0015/001502/150259r.rdf

 

AzərTAc

Azərbaycan.-2014.- 5 aprel.- S.7.