Tarixi missiya

 

Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı ictimai- siyasi xadim, böyük mütəfəkkir Heydər Əliyevin tarixi xidmətləri haqqında danışılarkən, məlum olduğu kimi, əsas diqqət onun dövlət quruculuğu missiyasına verilir ki, bu da tamamilə təbiidir. Hər şeydən əvvəl ona görə ki, Heydər Əliyev Azərbaycanda, ümumən Sovetlər Birliyində siyasi nüfuz  qazanmağa başladığı ilk illərdən - keçən əsrin 60- cı illərinin ortalarından enerjisini, əsasən, Azərbaycanda milli, müasir və Sovetlər Birliyinin imkan verəcəyi qədər müstəqil bir dövlətin qurulmasına həsr etmiş, bir neçə mərhələdən keçən kifayət qədər inamlı, ardıcıl mübarizələrdən sonra - 90- cı illərin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan dövlətini həm qurmuş, həm də onun inkişafı üçün mükəmməl strateji perspekivlər müəyyən etmişdir. Bu, əlbəttə, mənsub olduğu xalqın iradəsini ifadə edən böyük liderin əsas tarixi missiyası idi... Bununla belə, Heydər Əliyevin dövlət quruculuğundan heç də kiçik olmayan bir missiyası da millət quruculuğu idi ki, fikrimizcə, elmi tədqiqatlarda həmin məsələyə, hələ ki, lazımi səviyyədə (və miqyasda) diqqət yetirilmir.

Politoloji mülahizələrə görə, dövlət quruculuğu xeyli dərəcədə siyasi-adminstrativ hadisə olduğu halda, millət quruculuğu mənəvi- siyasi prosesdir. Və elə bir möhtəşəm prosesdir ki, adətən, yüz illər boyu davam edib, xalqın müxtəlif tarixi dövrlərdə, mərhələlərdə təbii olaraq yetişdirdiyi bir neçə ziyalılar, ictimai xadimlər, mütəfəkkirlər nəslinin çoxşaxəli, çoxmiqyaslı mübarizələri ilə müşayiət olunur.

Millət qurucusunun ən mühüm xüsusiyyəti bundan ibarətdir ki, mənsub olduğu etnosun, xalqın, millətin müstəqilliyi, inkişafı, dünyanın müasir (mədəni) millətləri səviyyəsinə yüksəlməsi uğrunda mübarizə aparır. Və əgər milli dövlət müstəqilliyinə nail olmaq qeyri- mümkündürsə belə, həmin mübarizədən imtina etməyib xalqın gücünü, yaradıcılıq enerjisini təmərküzləşdirməklə onu gələcəyə hazırlayır. Azərbaycanda millət quruculuğunun XIX əsrin əvvəllərindən başlayan, XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən geniş vüsət alan zəngin bir tarixi vardır ki, onu aşağıdakı dövrlərə bölmək mümkündür:

1) XIX əsrin əvvəllərindən sonlarına qədər;

2) XIX əsrin sonu XX əsrin əvvəlləri;

3) XX əsrin 20- ci ıllərindən 60- cı illərinə qədər;

4) XX əsrin 60- cı illərindən sonlarına qədər;

5) XX əsrin sonlarından bu günə qədər.

Birinci dövr Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani; ikinci dövr Əli bəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Cəfər Topçubaşov, Fətəli xan Xoyski, Əhməd bəy Ağayev; üçüncü dövr Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov... kimi ziyalılarla təmsil olunur.

Heydər Əliyevin bir millət qurucusu olaraq fəaliyyəti (və mübarizələri!) biri digərinin bilavasitə davamı olan dördüncü və beşinci dövrləri əhatə edir ki, həmin dövrlərdə Ziya Bünyadov, İsa Muğanna, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, Xəlil Rza, Anar, Elçin... kimi ziyalılar da milli özünüdərk (və özünütəsdiq!) uğrunda mübarizə aparmış, böyük xidmətlər göstərmişlər.

Keçən əsrin ortalarından, xüsusilə, 60- cı illərdən Sovetlər Birliyinin ictimai- siyasi həyatında özünü göstərən "mülayimləşmə" prosesi ölkənin (özünəməxsus imperiyanın) hər yerində olduğu kimi, Azərbaycanda da milli təəssübkeşlik hisslərinin bu və ya digər dərəcədə açıq təzahürü üçün müəyyən şərait yaratdı. Və həmin şəraitdən  düzgün, məqsədyönlü və məhsuldar istifadənin əsas qarantlarından biri (əslində, birincisi) Heydər Əliyevin şəxsində güclü milli liderin hakimiyyətə gəlməsi idi.

Ümumiyyətlə, böyük tarixi şəxsiyyətin millət quruculuğu prosesindəki mübarizədə uğurlarını təmin edən cəhətlər ən azı aşağıdakılardan ibarətdir:

1) mənsub olduğu etnosa, xalqa, millətə, ümumən etnik- mədəni sistemə təbii, tərəddüdsüz bağlılıqdan irəli gələn milli təəssübkeşlik;

2) xalqın tarixini, düşdüyü ictimai-siyasi vəziyyəti, sözün geniş mənasında, yaradıcılıq potensialını yüksək intellektlə dərindən dərk edib tərəqqi, təkamül üçün real, həyata keçirilməsi mümkün proqnozlar, perspektivlər müəyyən etmək istedadı;

3) özünəqədərki (və müasir) milli ictimai- siyasi, ideoloji maraqları təhlil edib ümumiləşdirmək, tarixdən gələn bu və ya digər səviyyədə formalaşmış milli ideologiyanı özündə ehtiva edib inkişaf etdirmək məharəti;

4) tarixin təcrübəsini rəhbər tutmaqla hakimiyyətin verdiyi imkanlara əsaslanaraq milli strateji maraqların həyata keçirilməsi üçün düzgün taktika yürütmək, keçmişin səhvlərindən imtina edib uğurlarını daha da təkmil  formada təqdim etmək bacarıgı;

5) milli mənəvi-ideoloji enerjinin təmərküzləşdirilməsi, müzakirələrə geniş meydan açılması, ictimai şüurdakı (və həyatdakı) qorxu, ətalət və tərəddüd simptomlarının mümkün qədər aradan qaldırılması, millətin mütərəqqi şəxsiyyətlərinin nüfuzunu gücləndirmək, yeni (gənc) nəslin mənəvi sağlamlığını təmin etmək üçün ardıcıl, inamlı təşkilatçılıq tədbirlərinin görülməsi.

Ümummilli lider müstəqillik dövründə müəyyən münasibətlərdə Azərbaycanın ən yeni tarixinə dair ölkə ictimaiyyətini, ziyalıları düşündürən bir sıra suallara cavab verməli olurdu ki, onlardan biri də belə idi: "Nə üçün 60- cı, 70- ci illərdə Azərbaycandan sona qədər təqib olunan bir dissident - millətçi çıxmadı? Halbuki Sovetlər Birliyinin digər respublikalarında onlar kifayət qədər olmuşdular..." Cavab olduqca yığcam (və mükəmməl) idi: "Çünki ən böyük dissident mən özüm idim..."

Heydər Əliyevin millət quruculuğu siyasətinin, fikrimizcə, üç əsas prinsipi mövcuddur:

1) millətin özünü özünə tanıtmaq;

2) milləti, xüsusilə, onun ziyalılarının, böyük şəxsiyyətlərinin timsalında hər hansı təhlükədən  xilas (və müdafiə) etmək;

3) milləti dünyaya (eləcə də dünyanı millətə) tanıtmaq.

Tarixin təcrübəsi göstərir ki, millət quruculuğu prosesi o zaman uğurlu və ya məhsuldar olur ki, həmin proses tədricən, fundamental dəyərlərə əsaslanaraq getsin... Və hər cür populizmdən, tələsgənlikdən, "millət xadimlər"inin liderlik iddialarının doğurduğu münaqişələrdən, mənsəbpərəstlikdən uzaq olsun. Heydər Əliyevin təmənnasız xalq, millət sevgisi imkan verdi ki, o, mənsub olduğu xalqı, milləti ən yüksək səviyyədə irəli apara (yüksəldə!), qarşıya çıxan kifayət qədər güclü maneələri cəsarətlə aradan qaldıra bilsin. Ümummilli lider yaxın keçmişin təcrübəsindən çox yaxşı bilirdi (və bunu bir neçə dəfə qeyd etmişdi) ki, millət quruculuğunda ən təhlükəli hallardan biri liderlik konyukturudur ki, bunun acı nəticələrini Azərbaycan xalqı az görməmişdir.

Liderlik konyunkturları isə elə bir mürəkkəb sosial-psixoloji  hadisədir ki, onu nəzərə almadan, əslində, müəyyən mənada, idarə etmədən millət quruculuğu prosesini uğurla aparmaq, demək olar ki, mümkün deyil. Buraya (liderlik konyunkturuna) a) ölkənin uzun əsrlər müxtəlif xanlıqlara parçalanması nəticəsində hər regionun öz liderlərini yaratmaq iddialarından (və tarixi təcrübəsindən) irəli gələn münaqişəlilik; b) mərkəzin (Moskvanın) biri digərini əvəz edən süni liderlər hazırlayıb onların şişirdilmiş (və mübahisəli) "nüfuz"u ilə ölkəni idarə etməyə çalışması; c) ardıcıl olmayan, bir növ, impulsiv "qəhrəmanlıq"ların ortaya çıxardığı  təsadüfi liderlik iddialarının doğurduğu problemlər və s. daxildir ki, bunların hər biri, praktik olaraq, hamısı  bir yerdə Azərbaycan xalqının təmərküzləşməsi qarşısında həmişə böyük maneələrə çevrilmış, millət quruculuğunun lazımi (təbii) sürətlə getməsini provokasion metod və üsullarla ləngitmişdir.

Millət, yaxud dövlət quruculuğunda bir lider səviyyəsində iştirak etməyin təməl şərti, əlbəttə, ümumi (universal) xarakterə malikdir ki, bu da mənsub olduğun etnosun (xalqın) hər hansı bir sahədə (elmi, mədəni, hərbi, idarəçilik və s.) və ya bu sahələrin bir neçəsində nüfuzunu qazanmaqdan ibarətdir. Bundan sonra isə milli liderin millət, yaxud dövlət müstəqilliyi uğrunda mərkəzi hakimiyyətlə "dialoq"u başlayır ki, Azərbaycanın Heydər Əliyevə qədərki siyasi tarixində bunun, əsasən, üç təcrübəsi mövcud olmuşdu:

1) müstəqillik tələbi ilə bu və ya digər şəkildə mərkəzi hakimiyyətə qarşı çıxmaq;

2) mərkəzi hakimiyyətin bütün tələblərini yerinə yetirməklə uzun müddət hakimiyyətdə qalıb, nəticə etibarilə, ekzotik və ya dekorativ bir liderə çevrilmək;

3) milli mənafeləri gözləmək, müdafiə etmək və millətin ardıcıl tərəqqisini təmin edəcək real işlər görməklə yanaşı, mərkəzi hakimiyyətdən asılılığı  tədricən minimuma endirmək.

Ən çətin (ancaq perspektivli) yol üçüncüsü idi. Və Heydər Əliyev Azərbaycanda siyasi nüfuz qazandıqdan sonra məhz bu yolla getdi... O, mərkəzi hakimiyyətə qarşı üsyan etmədi, əksinə, müxtəlif üsullarla mərkəzi hakimiyyəti məcbur etdi ki, Azərbaycanla maraqlansın, onun barəsində qərarlaşmış "Rusiyanın ucqarları" (Nəriman Nərimanov) - periferiya təsəvvüründən əl çəksin. Dünyagörüşü etibarilə  milli kommunist olan Heydər Əliyev milli müstəqillik uğrunda mübarizəsində, əsas prinsip kimi, mənsub olduğu xalqın hər hansı iddia ilə özünə qapanmasını, özünü təcrid etməsini yox, ən azı, Sovetlər Birliyi miqyasında dünyaya açılmasını seçdi. O, yaxşı bilirdi ki, xalq istedadlı nümayəndələrinin timsalında dünyaya açılarsa, özünü başqa xalqlarla müqayisə etmək imkanları qazanacaqdır ki, bu da müstəqillik (və mütəşəkkillik) üçün mühüm şərtdir. Və bu, müdafiə deyil, hücum taktikası idi.

Heydər Əliyev mənsub olduğu (və artıq demək olar ki, yeganə lideri olaraq həm daxildə, həm də xaricdə məşhurlaşdığı) xalqın dünya miqyasına çıxanda o qədər də mükəmməl (və müasir) görünməyəcəyindən çəkinmədi. Və tədricən Moskvaya, ümumən Sovetlər Birliyinə  konkret işlə sübut etdi ki, azərbaycanlılar zəhmətkeş, mədəni, hər sahədə uğurlar qazana biləcək istedadlı bir xalqdır. Xalqı yüksəltməyin, özünə (və dünyaya) tanıtmağın elə bir üsulu, forması qalmadı ki, Heydər Əliyev ondan tam gücü ilə istifadə etməmiş, sınaqdan keçirməmiş olsun. İqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi kimi fundamental sahələrdəki uzun illərin gerilikləri, ətaləti və hərc-mərcliyi tezliklə nəinki aradan qaldırıldı, respublikanın ictimai həyatında ela bir canlanma oldu ki, insanlar milli mənsubiyyətlərilə qürur duymağa başladılar. Və hakimiyyətə gəldiyi ilk illərdən hamıya məlum idi ki, Heydər Əliyev tarix yaradır.

İstər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda elə "azərbaycanşünaslar", yaxud "sovetoloqlar" tapılır ki, Heydər Əliyevin sovet dövrü fəaliyyətini, rəhbərlik-idarəçilik üslubunu "təntənələrə daha çox meydan açmaq"da tənqid etməyə çalışırlar. Bununla heç cür razılaşmaq olmaz... Hər şeydən əvvəl, ona görə ki, bu təntənələr, sözün böyük mənasında, xalqa ruh verirdi, onu təhsilə, intellektə, ictimai fəallığa, əməyə səfərbər edirdi.

Heydər Əliyev Azərbaycanda sovet dövlət idarəçiliyi sistemini Azərbaycan xalqının xidmətinə verməklə onu (dövlət idarəçiliyini) mərkəzi hakimiyyətin "canişinliyi"ndən çıxardı. Və bunun nəticəsidir ki, azərbaycanlılar yalnız idarə olunan yox, həm də idarə edən xalqa çevrildilər.

Sovetlər Birliyinin dağılması, Azərbaycanda milli müstəqillik (və dövlət müstəqilliyi) uğrunda hərəkatın güclənməsi illərinin sosial- siyasi mənzərəsi göstərdi ki, Heydər Əliyev Azərbaycan xalqını doğru yolla aparmış həqiqi milli lider olmuşdur. Çünki xalq müxtəlif xarakterli provokasiyaları, nəticə etibarilə, dəf edərək

1) milli müstəqillik ideallarına sadiq qalıb heç bir siyasi himayəçilik iddiasını qəbul etmədi;

2) ərazi bütövlüyünü ən kəskin (və güclü) təzyiq qarşısında belə güzəştə getmədi;

3) ona müxtəlif liderlər "təklif olunduğu" halda aldanmayıb öz həqiqi (və tarixi) liderinə sədaqət nümayiş etdirdi.

Hakimiyyətə gələn Heydər Əliyev başladığı millət quruculuğu prosesini yeni tarixi şəraitdə daha inamla davam etdirərək ən tendensiyalı və ya qısqanc tarixçinin  belə etiraf etməli olduğu həqiqətən, cahanşümul işlər gördü ki, buraya aşağıdakılar xüsusilə aiddir:

a) milli mütəşəkkilliyin müstəqil dövlətçilik səviyyəsində təmin olunması;

b) dünya azərbaycanlılarının mədəni, ictimai- siyasi birliyinin gücləndirilməsi;

c) türk dünyasının etnik- mədəni birliyinin siyasi birlik səviyyəsinə yüksəldilməsi.

Bütün bunlar isə Azərbaycan xalqının dünya miqyasında özünə get-gedə daha möhkəm mövqe tutmasını təsdiq etməklə böyük milli inkişaf perspektivləri müəyyənləşdirir.

 

Nizami CƏFƏROV,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü

Azərbaycan.-2014.- 6 aprel.- S.2.