Balanslaşdırılmış siyasətdən
müstəqil siyasətə
Azərbaycanın
beynəlxalq münasibətlər sisteminin
formalaşması ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır
1991-ci ilin sonlarına yaxın dövlət müstəqilliyini yenidən bərpa edərək suveren yaşam haqqını qazanan Azərbaycan mühüm geostrateji mövqeyi və təbii sərvətlərlə zəngin olması baxımından ilk günlərdən beynəlxalq güclərin maraqlarının toqquşduğu məkan kimi diqqəti çəkməyə başladı. Bütün bunlar o dövrdə Azərbaycan hakimiyyətindən siyasi fəaliyyətin digər aspektləri kimi xarici siyasətdə də uzaqgörənlik və çeviklik tələb edirdi. Bununla yanaşı, dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslərin baş verməsi də xarici siyasətdə müdrik və yaradıcı yanaşmanı zəruri edirdi. Lakin təəssüflə qeyd etməliyik ki, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş, dövlət müstəqilliyimizin gələcəyi isə sual altına düşmüşdü.
Heydər Əliyev Azərbaycanın xarici siyasətini geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirdi
Vəziyyət 1993-cü il iyunun 15-dən sonra dəyişməyə başladı. Bu, Naxçıvandan Bakıya dəvət edilən ümummilli lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçildiyi gün idi. Ulu öndər qısa zamanda uzaqgörən gedişlərlə faktiki olaraq Azərbaycanın xarici siyasət kursunu sistemləşdirdi və zamanın tələbləri səviyyəsinə qaldırdı. İndi hər kəsin haqqında danışdığı balanslaşmış xarici siyasət kursu o zaman yaranmağa başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini konkret geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirdi. Əvvəla, nəzərə alındı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib. İkincisi, Rusiya ilə əlaqələri kəsmək tarixi gerçəklik baxımından perspektivsizdir. Üçüncüsü, Türkiyə məlum səbəblərdən bölgədə strateji tərəfdaş olmalıdır. Dördüncüsü, İran qonşumuz kimi xarici siyasətdə yer almalıdır. Beşincisi, strateji istiqamət olaraq Qərbə inteqrasiya xətti götürülməlidir. Bununla da, balanslaşmış xarici siyasət dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq quruldu. Bu siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq dururdu.
Ulu öndər Heydər Əliyev bu konsepsiyanın fonunda Azərbaycanın regionda olan bütün dövlətlərə yönəlik xarici siyasətini müəyyənləşdirdi. Beləliklə, ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək formalaşdırılan xarici siyasət strategiyası respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını müəyyənləşdirdi. Eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, ən əsası isə Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılmasını, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva etdi.
Heydər Əliyevin müəyyən etdiyi xarici siyasətin əsas istiqamətlərindən biri ölkənin pozulmuş ərazi bütövlüyünü təmin etməkdir. Bu barədə ulu öndər 1993-cü il oktyabr ayında Prezident seçilməsi ilə bağlı andiçmə mərasimində demişdi: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir".
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun, beynəlxalq miqyasda ölkəmizin mövqelərinin güclənməsini uğurla təmin etməsi antiazərbaycançı və ermənipərəst dairələri narahat edirdi. Onların sifarişi ilə 1994-1995-ci illərdə Azərbaycanda dövlət çevrilişinə, ölkəni yenidən xaosa sürükləməyə cəhdlər edildi. Bu çevrilişlərin ssenariləri xaricdə hazırlanmışdı və təbii ki, sözəbaxan hakimiyyət formalaşdırmaq işi heç bir siyasi əxlaq normasına sığmır. Azərbaycanı əhatə edən böyük dövlətlərin, hətta min kilometrlərlə uzaqda olanların öz ambisiyaları vardı. Onlar bilirdilər ki, Azərbaycana nəzarət etmək bütövlükdə Cənubi Qafqaza nəzarət etmək demək idi.
Bütün bu məqamlarda Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı, nüfuzu, böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. Bütün məkrli planlar iflasa məhkum oldu. Azərbaycanı yolundan döndərmək mümkün olmadı. Heydər Əliyev şəxsiyyətinin məkrli planları iflasa uğratması Azərbaycana iki istiqamətdə strateji dividend verdi. Birincisi, Qərb Azərbaycanın strateji əməkdaşlığa hazır olduğunu gördü. İkincisi isə Azərbaycan bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı. 1995-ci ilin martında növbəti dövlət çevrilişi cəhdinin qarşısı alınandan sonra Qərblə əməkdaşlıq sazişlərinin bağlanması yolları tam açıldı.
Enerji faktoru - xarici siyasətdə güclü amil
Müasir dünyanı ciddi problemlər narahat edir. Geniş mənada
bunlar bəşəriyyətin yaşamaq uğrunda mübarizəsi,
dünya sivilizasiyasının nailiyyətlərinin qorunub
saxlanması ilə bağlıdır. Məsələn,
dünyanın ən aktual məsələlərindən biri
enerji təhlükəsizliyi problemidir. Azərbaycan
isə mühüm enerji ixracatçısıdır. Bu mənada Azərbaycan dövlətinin bu sahədə
real imkanları onun xarici siyasətini lövbər kimi
saxlayır, ona özünəməxsus məna və dəyər
verir. Ölkəmizin enerji baxımından
əhəmiyyəti həyat tərzimizi, təsisatlarımızı
qoruya bilən müstəqil xarici siyasət həyata
keçirməyə imkan verir və bununla da, millətin
öz məqsədlərinə çatmaq hüququnun aliliyini
təmin edir.
Heydər Əliyevin 1993-cü ildə ölkəyə rəhbərliyə
başlamasından sonra Azərbaycan enerji faktorunu xarici siyasətin
aktual məsələsinə çevirməklə
özünün təhlükəsizliyini regional və beynəlxalq
təhlükəsizlik sistemi ilə sıx əlaqələndirdi. Azərbaycan
enerji amilini xarici siyasətinin əsas elementlərindən
birinə çevirməklə həm də regional və
qlobal səviyyədə cərəyan edən geosiyasi və
geoiqtisadi proseslərin mahiyyətini dəqiq qiymətləndirdiyini
sübuta yetirdi. Bu məqam indi də xarici
siyasətdə güclü bir vasitə kimi öz pozitiv rolunu
oynamaqdadır.
1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli
bir xarici siyasət kursu götürdü. Onun tərkibində qlobal
geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər
sistemində dövlətimiz üçün əlverişli
şərait yaradan, ölkənin bütün regionlarda yerləşən
dövlətlərlə əməkdaşlığını
təmin edən istiqamətlər var. Bununla yanaşı, həmin
kursda bazar iqtisadiyyatına keçid qarşısında
yaradılan əngəllərin aradan
qaldırılmasını və insan haqlarına əməl
olunmasını təmin edəcək prioritetlər yer
almışdı.
Xarici
siyasətin hücum strategiyası
Qloballaşan və dəyişən dünya nizamı
da hər ölkəyə müstəqil siyasət yeritməyə
imkan vermir. Beynəlxalq münasibətlər sistemində
baş qaldıran təbəddülatlar, iqtisadi böhran,
enerji təhlükəsizliyi məsələlərinin getdikcə
daha aktual şəkil alması, bir sıra ölkələri
həyata keçirdikləri siyasətə yenidən
baxmağa vadar edir. Bəzən həmin
ölkələr həyata keçirdikləri siyasəti kənar
təsirlərlə uzlaşdırmaq, müəyyən diktələri
qəbul etmək məcburiyyətində qalırlar.
Hazırda postsovet ölkələrin əksəriyyətində
bu mənzərəni görmək mümkündür. Onlardan fərqli
olaraq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin
tamamilə müstəqil olması hazırda bütün
dünyanın qəbul etdiyi reallıqdır. Ulu öndərin
əsasını qoyduğu siyasi kursu layiqincə davam etdirən,
dəyişən dünyanın yeni
çağırışlarına uyğunlaşdıraraq daha
da zənginləşdirən Prezident İlham Əliyevin hələ
illər öncə dediyi "Azərbaycanla təzyiq dilində
danışmaq olmaz" ifadəsi real həyatımızda,
ölkəmizin xarici siyasətində hər an öz təsdiqini
tapmaqdadır.
Qeyd etdiyimiz ki, Azərbaycanın xarici siyasətinin başlıca
məqsədlərindən biri ərazi
bütövlüyümüzün bərpa olunmasıdır. Ona görə
Ermənistanın Azərbaycana qarşı təcavüzünün
nəticələrinin aradan qaldırılması xarici siyasətimiz
qarşısında duran vəzifə və
tapşırıqlar sırasında prioritet yer tutur. Xarici siyasətimiz qarşısında hücum
strategiyasını müəyyən edən Prezident İlham
Əliyev həm də erməni yalanlarının ifşa edilməsi
və dünya miqyasında yayılması istiqamətində
Azərbaycan diplomatları qarşısında ciddi
tapşırıqlar qoyub.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, Ermənistanın
hərbi təcavüzü şəraitində Azərbaycanın
ümumi inkişafı və xarici siyasət strategiyası
yüz ildən artıq bir dövr ərzində erməni
ideoloqları tərəfindən formalaşdırılan
böyük bir xülyanı tamamilə boşa
çıxarıb. Məhz Azərbaycan dövlətinin
güclənməsi fonunda erməni lobbisinin ölkəmizə
qarşı təxribatlarının qarşısı
alınır və yalanları ifşa olunur. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə
belə Azərbaycan həqiqətlərt siyasi-ictimai dairələrə
sirayət edir.
Heç
vaxt müstəqilliyimiz bu qədər möhkəm
olmamışdır
Azərbaycanın xarici siyasətdəki
uğurlarını digər istiqamətlərdə də
görmək mümkündür. Ölkəmizin beynəlxalq
təhlükəsizlik məsələlərində ortaya
qoyduğu fəal və aparıcı mövqe Azərbaycanın
sözün əsl mənasında, müstəqil dövlət
olduğunu təsdiq edir. Prezident İlham
Əliyevin dediyi kimi, əməkdaşlıq meydanı olan Azərbaycanın
beynəlxalq sanksiyalarla üzləşmiş İranla
bağlı baxışları dövlətimizin müstəqil,
kənar təsirləri və təzyiqləri qəbul etməyən
siyasət yeritməsinin göstəricisidir. Azərbaycanda xarici hərbi bazanın olmaması da
ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin
müstəqilliyinin təsdiqidir. Bir
müddət əvvəl Qəbələ Radiolokasiya
Stansiyası ilə bağlı cərəyan edən proseslər
də nəticə etibarilə Azərbaycanın öz
maraqlarını əsas tutan xarici siyasət həyata
keçirdiyini ortaya qoydu. Azərbaycanın
2012-2013-cü illər üçün BMT TŞ-nin
üzvü seçilməsi də Prezident İlham Əliyevin
yeni dövrün çağırışlarına uyğun
həyata keçirdiyi uğurlu,
düşünülmüş və məqsədyönlü
xarici siyasətinin göstəricisi idi. Müstəqil siyasətin
nəticəsidir ki, Azərbaycan region ölkələrini və
dünyanın iri şirkətlərini cəlb edərək
"Əsrin müqaviləsi" ilə müqayisə olunan
"Şahdəniz-2" üzrə yekun investisiya qərarını
imzaladı.
Ötən ilin noyabrında Litvanın paytaxtı
Vilnüsdə keçirilən Avropa İttifaqının III
"Şərq tərəfdaşlığı" sammiti də
iştirakçı dövlətlərin yeritdiyi siyasətin
mahiyyətini ortaya qoydu. Bir daha aydın oldu ki, Ermənistan kimi
dövlətlər siyasi boyunduruq altındadır və ermənilər
sammitdən heç nə ilə faydalana bilmədilər.
Azərbaycana gəldikdə isə artıq uzun
illərdir ki, bütün dünyanın qəbul və etiraf
etdiyi bir reallıq növbəti dəfə öz təsdiqini
tapdı. Bütün dünya bir daha
gördü ki, Azərbaycan dövləti xarici siyasətdə
elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın
ayrı-ayrı subyektləri ilə özünün siyasi və
iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu
tərəfdaşlıq formatında qurur. Beləliklə, Vilnüs sammiti Azərbaycanın
müstəqil siyasət yürütdüyünü bir daha
nümayiş etdirdi.
Azərbaycanın qətiyyətli xarici siyasət kursu
region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri
sürətlə stimullaşdırır. Azərbaycan Cənubi
Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq
və inteqrasiya istiqamətində fəaliyyət göstərir.
Lakin ölkəmiz yeni beynəlxalq enerji layihələri,
iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası
dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə
antimilli qüvvələrin, antiazərbaycançı şəbəkənin
təxribatçılıq hərəkətləri də
müşahidə olunur. Lakin bütün
bu təhdidlərə baxmayaraq, Azərbaycanı öz yolundan
döndərmək və nəyəsə vadar etmək
mümkün deyil. Məhz bu amil müstəqilliyimizin
üstünlüklərini göstərir. Ötən il
noyabrın 19-da Prezident İlham Əliyev andiçmə mərasimində
bu barədə deyib: "Azərbaycan xalqı öz taleyinin
sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər
güclü olmamışdır. Heç vaxt
müstəqilliyimiz bu qədər möhkəm
olmamışdır. Biz hamımız
bundan sonra da çalışmalıyıq və
çalışacağıq ki, ölkəmizi inkişaf
etdirək, müstəqilliyimizi əbədi, dönməz edək".
İndi dünyada geosiyasi situasiya elə dəyişir
ki, hər bir dövlət nəinki müstəqil xarici siyasət
yeritməyə, hətta öz maraqlarını qorumağa
qadir olmalıdır. Azərbaycanın bugünkü inkişaf
templəri, dünya birliyindəki yeri və nüfuzu, beynəlxalq
münasibətlər sistemindəki mövqeyi ölkəmizin
tam müstəqil xarici siyasət yeritdiyini, özünün
milli maraqlarını uğurla qoruduğunu təsdiq edir.
(Yazı
Azərbaycan Mətbuat Şurasının "Azərbaycan
beynəlxalq münasibətlər sistemində"
mövzusunda keçirdiyi müsabiqəyə "Azərbaycanın
beynəlxalq münasibətlər sistemi və Heydər
Əliyev şəxsiyyəti" istiqaməti üzrə təqdim
edilir.)
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 6 aprel.- S.2.