Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi İtaliya
mətbuatında
İtaliyanın "Corriere della sera" qəzetinin saytında "Dağlıq Qarabağ, mövcud olmayan dövlət" sərlövhəli məqalə yerləşdirilmişdir.
Yazıda beynəlxalq birlik tərəfindən biganə yanaşılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 20 ildən artıq davam edən bu münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparılır.
Müəllif diqqətə çatdırır ki, 1991-ci ildə Dağlıq Qarabağ qeyri-qanuni olaraq müstəqilliyini elan etsə də, beynəlxalq hüquqa əsasən bu ərazi Azərbaycanın tərkib hissəsidir. Qanlı müharibədən sonra 1994-cü ildə tərəflər arasında atəşkəs imzalanmışdır. Lakin cəbhədə tez-tez silah səsləri eşidilməkdədir. Problemin həllinə dair danışıqlar hələ ki bir nəticə verməmişdir. Münaqişə nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.
Məqalədə Dağlıq Qarabağ bölgəsinin coğrafi mövqeyi, əhalisi, "Qarabağ" sözünün mənşəyi ilə bağlı məlumat verilir. Bildirilir ki, türk mənşəli bu söz "qara bağ" mənasını verir.
Münaqişəni dondurulmuş adlandıran müəllif erməni silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalı şəhərində törətdikləri hərbi cinayətlərdən bəhs etmiş, dinc sakinlərə, qocalara və uşaqlara qarşı həyata keçirilmiş amansız qətliam barədə ətraflı məlumat vermişdir. Bu qətliam "Human Rights Watch" təşkilatı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə "ən böyük qətliam" adlandırılmışdır.
ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində fəaliyyətinə toxunulan yazıda vurğulanılır ki, sülh prosesi ləng davam edir.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.corriere.it/reportage/esteri/2014/nagorno-karabach/
Maqsud Dadaşov,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-2014.- 6 aprel.- S.3.