Bütün dünya - Bir sərgi: «AITF-2014»
Aprelin
5-də Bakı Ekspo Mərkəzində Azərbaycanın
və bütün Qafqaz regionunun turizm sənayesi üzrə ən böyük ixtisaslaşdırılmış
tədbiri olan XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər ("AITF-2014"), 8-ci Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün
avadanlıq və ləvazimatlar ("Horex
Caucasus-2014") sərgiləri başa çatmışdır.
AzərTAc xəbər verir
ki, aprelin 3-də açılışı keçirilən
sərgilərin
təşkilatçıları qismində isə ənənəvi olaraq
"Iteca Caspian" MMC və
onun Böyük Britaniyadan olan tərəfdaşı "ITE Group plc" şirkətləri çıxış
etmişlər.
"AITF-2014"
- turizm və səyahətlər aləminin
yeni üfüqləri
Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü
siyasəti dünyanın
aparıcı investisiya
şirkətlərinin respublikamıza
cəlb edilməsinə,
sahibkarlığın, eləcə
də turizmin inkişafına xidmət edən dövlət proqramlarının uğurla
həyata keçirilməsinə
şərait yaratmışdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
bu siyasət respublikamızda turizmin inkişafına öz töhfələrini verməkdədir.
Ənənəvi olaraq keçirilən
"AITF" sərgiləri də turizm sənayesinin inkişafına
dəstək olmaqla bərabər, onun marşrutlarının tanıdılması
baxımından da önəmlidir.
Aprelin 4-də Prezident
İlham Əliyevin
"AITF-2014" sərgisini ziyarət etməsi, nümayiş olunan ekspozisiyalarla tanışlığı
da dövlət səviyyəsində bu sahəyə göstərilən
diqqət və qayğının bariz nümunəsidir. Əgər ötən il
"AITF" sərgisində 35 ölkədən 251 şirkət
iştirak edirdisə,
bu ilki tədbirə
dünyanın 38 ölkəsindən
351 şirkət və
təşkilatın qatılması
beynəlxalq aləmdə
bu sərgiyə artan marağın göstəricisidir.
İştirakçılarının 60 faizdən
çoxunu xarici, 40 faizini isə yerli şirkətlərin təşkil etdiyi
"AITF-2014" Azərbaycanda yaz sərgi mövsümünün parlaq
başlanğıcına çevrilmişdir.
Burada səmərəli
iş üçün
yaxşı təchiz
edilmiş stendlər ziyarətçilərin böyük
marağına səbəb
olmuşdur. Bu ilki sərgi eksponatların tərkibinə
görə rekord göstəriciləri ilə
də fərqlənir.
Ümumilikdə, "AITF-2014" sərgisində
turoperatorlar və turizm agentlikləri lüks-turizm, hotellər, macəralı və elit istirahət, işgüzar səfərlərin
təşkili, habelə
idman, ekoloji və maarifləndirici turizm və s. istiqamətləri nümayiş
etdirmişlər. Hər bir
ziyarətçi bu sərgidə işgüzar
danışıqların aparılması,
habelə turizm biznesi üzrə həmkarlarının yeniliklərini
qiymətləndirmək üçün
gözəl fürsət
əldə etmişdir.
"AITF" sərgisi iştirakçıların sayından
əlavə, digər
bir rekord göstərici ilə də tarixin yaddaşına düşmüşdür. Bu ilki sərgidə əvvəlki illərlə
müqayisədə milli
stendlər daha çox olmuşdur. Sərgidə Azərbaycandan
əlavə, öz səfirliklərinin rəsmi
ölkələrinin və
milli turizm agentliklərinin dəstəyi
ilə Argentina, Bolqarıstan,
Macarıstan, Yunanıstan,
Gürcüstan, Dominikan
Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından
24 milli və regional qrup iştirak etmişdir.
Bundan əlavə, bu il sərgiyə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından,
eləcə də digər ölkələrdən
nümayəndə heyətləri
də qatılmışlar.
"Bütün dünya - Bir sərgi" şüarını tam doğruldan
"AITF-2014"-də ziyarətçilər
80-dən çox turizm
marşrutu ilə tanış olmaq imkanı qazanmışlar. Bunların
sırasında Misir, Gürcüstan, Macarıstan,
Malayziya, Birləşmiş
Ərəb Əmirlikləri,
Sloveniya, Tailand, Monteneqro və s. ölkələr xüsusi
yer tutur. Eyni zamanda, bu sərgi
turizm bazarında həm maraqlı istiqamətlərin, həm
də yeniliklərin nümayişi ilə yadda qalmışdır.
"AITF-2014"-də Argentina, Dominikan Respublikası, Çin və Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb edirdisə, bir illik fasilədən sonra Hindistanın, Yunanıstanın və Malayziyanın milli stendlərinin yenidən sərgidə öz yerlərini tutmaları da sevindirici haldır. Sərginin debütantları arasında isə Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri yer almışdır.
"AITF-2014" sərgisində tibbi turizm istiqamətini
nümayiş etdirən
iştirakçıların sayı əhəmiyyətli
dərəcədə artmışdır. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər,
özəl və dövlət klinikaları,
eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika
mərkəzləri daxil
idi. Ziyarətçilər Azərbaycan sanatoriyalarının
nümayiş etdirdikləri
dünyada məşhur
olan Naftalan neftinin müalicəvi xassələri ilə yaxından maraqlanmışlar.
Xüsusi vurğulamaq lazımdır
ki, sərgidə maraqlı turizm istiqamətlərinin elan edilməsi və bazar yeniliklərinin təqdimatı uğurla bir araya gətirilmişdir. Milli qruplar,
beynəlxalq nümayəndəliklər,
quru, hava və dənizlə daşıma şirkətləri,
müxtəlif ölkələrin
mehmanxana biznesinin nümayəndələri, turizm
və ticarət assosiasiyaları turizm xidmətlərinin geniş
çeşidini təqdim
etmişlər. Ziyarətçilərin
böyük maraq göstərdikləri yeni
sahələr arasında
"Xarici ölkələrdə
daşınmaz əmlak"
və "Tibbi turizm" sektorları xüsusilə seçilmişdir.
Bu yeni istiqamətlər
Türkiyə, Almaniya,
İsveçrə, İsrail,
Rusiya, Litva, Yunanıstan və Kiprin özəl, dövlət klinikaları,
habelə diaqnostik mərkəzləri tərəfindən
təqdim edilmişdir.
Azərbaycan regionlarının milli pavilyon çərçivəsində
irimiqyaslı iştirakı
sərginin ən maraqlı və koloritli hadisəsindən biri olmuşdur. Ölkə üzrə
turizm paketinin müxtəlifliyi istənilən
turizm proqramını
zənginləşdirə bilər.
Regional ekspozisiyada Qəbələ,
Qax, Quba, İsmayıllı, Zaqatala,
Lerik, Masallı, Mingəçevir, Xaçmaz,
Şamaxı, Şəmkir,
Şəki, Naxçıvan
Muxtar Respublikası və Sumqayıt şəhəri bu amili əsas götürərək turizm
fəaliyyətinin müxtəlif
növlərini, o cümlədən
kənd və ekoloji turizm, salçılıq, dağ-xizək
və dəniz kurortları və s. üçün imkanlarını
nümayiş etdirmişlər.
Dünya
Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət
nişanına layiq görülən "AITF" sərgisi
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin rəsmi dəstəyi, Dünya Turizm Təşkilatı, Beynəlxalq
Turizm Sərgiləri Assosiasiyası, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondu (AZPROMO) və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının (ASK) himayədarlığı
ilə baş tutmuşdur.
"Horex Caucasus 2014": müasir
təmayüllər və
yeni texnologiyalar...
"AITF-2014" ilə eyni vaxtda keçirilən
"Horex Caucasus- 2014" sərgisinin
ekspozisiyası isə
uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları özündə
ehtiva etmişdir. Buraya müasir hotel mebeli, interyer və tekstil, mətbəx avadanlığı və
qəhvə bişirmə
maşınları, hotellərin
sağlamlıq və
SPA salonları üçün
kosmetika, eləcə də eksklüziv məhsul və içkilər, təmizlik
və gigiyena avadanlığı, qab-qacaq,
hotelin idarə edilməsi və təhlükəsizliyi üzrə
informasiya texnologiyalarının
həll variantları daxildir. Bu ilin
yenilikləri arasında
"lüks" kateqoriyalı
supermarketlər üçün
kompleks avadanlıq sərgi ziyarətçilərinin
böyük marağına
səbəb olmuşdur.
"Horex Caucasus-2014" sərgisində
Azərbaycan, Almaniya, Gürcüstan,
Niderland Krallığı, Birləşmiş
Ərəb Əmirlikləri, Rusiya,
Türkiyə və İsveçrədən olan
aparıcı şirkətlər təmsil olunmuşlar.
Sərginin daimi
iştirakçıları arasında "Art
Nishan", "Asena",
"Faber Chemical & Medicine", "Horeca",
"HRS", "Kymberly Clark
Advent", "Muehldorfer",
"REM Services Tanay"
şirkətləri, eləcə də müasir
avadanlıqların yerli
istehsalçısı "Titan Group", "Wanzi" və
digərləri vardı. Bu
ilki sərginin debütantları olan
"Azer Co (Milla)",
"Base7Booking", "Ekipan", "Fina", "Swissam
Hospitality
Business School", "Zivella" və s. şirkətlər
diqqəti daha çox cəlb etmişdir.
Vurğulamaq lazımdır ki, sərginin özünəməxsusluğu
təkcə restoranlar
və mehmanxanalar üçün yüksək
keyfiyyətli avadanlığın
nümayiş etdirilməsindən
ibarət olmamışdır. Sərgi çərçivəsində
məhsul və xidmətlərin təqdimatları
da keçirilmişdir.
Bu da ziyarətçilərin
böyük marağına
səbəb olmuşdur.
Qida sənayesi üzrə xarici mütəxəssislərin
gah zərif blüz musiqisinin, gah da oynaq
Latın Amerikası melodiyalarının müşayiəti
ilə keçirdikləri
kulinariya üzrə ustad dərsləri və məsləhətləri
ən tələbkar qurmanların və aşpazların ürəyincə
olmuşdur.
Bir sözlə,
"AITF-2014" və "Horex
Caucasus-2014" sərgiləri Azərbaycanın zəngin turizm potensialını xarici
iştirakçılara əyani şəkildə nümayiş etdirməklə yanaşı,
ölkəmizin etibarlı turoperator kimi tanıdılmasına da
xidmət etmişdir.
Azərbaycan.-2014.- 6 aprel.- S.6.